Untitled Part 1

6 1 2
                                    


Yuxudan dursam da, hələ də isti yerimdən çıxmaqda tənbəllik edirdim. Gözlərim acışsa da, yatağımda uzanıqlı halda telefonu qavradım və etməyə birşey olmadığından davamlı axıb gedən bir-birindən mənasız qısa videolara baxa-baxa bir xeyli vaxt keçirdim. Bu yerdə, anam yumşaq çəkələklərini kolidorda şappıldada-şappıldada otağa yaxınlaşdı və qapını açıb yadıma saldı ki, bu gün babamın vəfat günüdü, gərək qəbristana gedək. Kefim bir az təlx olsa da, tənbəl-tənbəl yerimdən qalxıb hazırlaşdım. Səhər süfrəsində bir-iki kəlamdan sonra atam ev əhlini adəti üzrə tələsdirməyə başladı. Ləngliyimizə görə də, həmişəki kimi bir balaca acıqlanıb deyindi.

Tez-tələsik hamımız – mən, qardaşım və anam, atamın oyan-buyanı tökülən maşınına doluşduq. Maşında havanı dərindən alıb ciyərə çəkəndə yüngül benzin qoxusunu duymaq olardı. İçərdəki aynadan miniatür "Zülfüqar" qılıncı sallanırdı. Hərçənd, atam belə şeyləri xoşlamasa da, maşını alarkən üstündə idi və kişi də, hörmətsizlik olmasın deyə elə də saxlamışdı.

Yol boyu demək olar ki, söhbət etmədik. Radio da qoşulmamışdı. Əvvəlki maşınında, həmişə türk mahnıları səsləndirən atam əli aşağı olduğundan bəyənərək sürdüyü maşınını satıb bu külüstürü almışdı. O vaxtdan bəri də, maşında musiqiyə qulaq asmaq adətini tərkitmişdi. İndi səssiz-səmirsiz yol gedərkən biz sadəcə, ətrafdakıları: yol işarələrini, ətrafda tikilməkdə olan binaları, səkilərdə yeriyən piyadaları seyr etməklə kifayətlənirdik. Diqqətini ancaq yola vermiş atam ara-sıra yolda ona narahatlıq yaradan digər maşınları burnunun altında söyürdü.

Şəhərdən bir balaca aralanıb ətrafdakı kəndlərə doğru istiqamət götürdükcə prospektin geniş şosesi yerini çalalanıb asfaltı dağılmış ikitərəfli dar yolla əvəzlədi. Ətrafdakı hündür tikilililər getdikcə yoxa çıxırdı. İndi, ətrafda bir-birlərinə bitişik üzlüksüz alçaq həyət evləri, yol boyunca sıralanan maşın sexləri, dəmir qapı-darvaza, inşaat malları, ağac tingələri satan dükanlar, xırdavat mağazaları gözə dəyirdi. Ağac bitirməyən quru boz torpağı, Sovet əyyamından qalma neft buruqları asta-asta deşir, neftin kəskin iyisi maşının içinə sızırdı. Sarı, paslanmış qaz boruları yol kənarınca əyilib-büzülərək maşınları izləyirdi.

Bu boz mənzərədən, necə də, zəhləm gedirdi. Hər dəfə bütün bunları görəndə kefim pozulur, ürəyim sıxılırdı. İndi də, bu çöllük mənzərəsini görüb, neftin qoxusunu burnumda hiss etdikcə tıncıxır, nəfəsim daralırdı. Qəbirstana yaxınlaşdıqca kənarda qərənfil satan yerlərin sayı da artırdı. Atam maşını kənara verib, adətə uyğun olaraq cüt sayda qırmızı qərənfillərdən aldı. Qəbirstanın ağzına çatanda isə qıraqda oturmuş mollalardan birini səslədi. Başına naxışlı ağ əmmamə qoymuş, üzü bir balaca tüklü gənc molla yaxınlaşıb, "Allah rəhmət eləsin" dedi və qabaqda əyləşdi. "Ölənlərə rəhmət!" - asta və quru səslə atam cavabladı.

Ucu-bucağı görünməyən qəbirstanda ins-cins gözə dəymirdi, ancaq məzar daşları hər yerdə baş qaldırır, üzərilərindəki rəsmlər gözə batırdı. Bütünlüklə sükut içində olan məzarlıqda ancaq küləyin uğultusu, bir də ki, qarğaların cır səsləri eşidilirdi.

Maşından düşüb babamın qəbrinə tərəf getdik. Ayrılmış torpaq sahədə təkcə dayanmış məzara yaxınlaşdıq. Ürəyimdə, "Salam, baba" dedim. Babamın vəfatının artıq 20-ci ildönümü olduğundan demək olar ki, heç birimizdə onun üçün ağlamağa daha göz yaşı qalmamışdı. Təkcə, anam məzarı görər-görməz kövrəldi, gözləri bir azca yaşla doldu və yaxınlaşıb başdaşını öpdü. Atam isə öz atasının məzarına əli ilə möhkəmcə vurdu ki, ziyarətə gəldiyimizdən rəhmətlik, bəlkə, xəbər tutar.

Daha sonra, molla nələrsə oxumağa başladı. Biz qollarımızı dirsəkdən büküb ovuclarımızı üzü yuxarı açdıq. Hərçənd, bu hərəkət mənə xoş gəlmirdi, çünki nə etmək lazım olduğunu bilmirdim. Gənc mollanın dediklərindən, təkcə "Fatihə"nin ayələrini, bir də tez-tez verdiyi salavatları anımsadım. Qalanlarında, nə dediyi barədə heç bir fikrim yox idi. Onsuz da, daha sözlərin sehrinə inanmağın başın buraxmışdım və anlamadağım bu səslər də mənə heç cür təsir etmədi. Sadəcə, adətdəndir deyə mən də, əllərimi yuxarı tutmuşdum ki, böyüklərdən ayıbdı.

Molla tayfasından heç xoşum gəlmədiyindən, duasını tez edib getməsini içdən-içə gözləyirdim. Pul əvəzində tanımadığı birisinə anlamadığım dildə dua edən birisi məndə ancaq ikrah doğururdu. Atamın da, heç belə şeylərə rəğbət göstərmədiyini bilsəm də, o da, adətdən çıxmağı heç sevməzdi.

Beləcə, molla duasın edib gedərkən məsləhət gördü ki, qərənfillərin saplaqlarını bir balaca qıraq ki, sonra gəlib oğurlamasınlar. Beləcə də, beş-on manatdan cibinə qoyub gözdən itdi. Mənsə, məzarı seyr etməyə davam etdim. Tünd yaşıl rəngli, Ukrayna istehsalı "Jutimer" mərmərindən hazırlanmış məzar daşının üzərində babamın, təxminən, əllili yaşlarının rəsmi həkk olunmuşdu. Yalnız sinədən yuxarı təsvir olunmuş ağ-qara rəsmdə babamın geriyə daranmış dalğalı saçlarının kənarları bəyaz idi. Geniş alnı, ətli burnu, çəpəki baxışları, təmiz və hamar üzü, gülümsəməsində yaranmış cizgilərə baxarkən övladlarının hamısının ona necə də, çox bənzədiyini sezdim. Gözlərinin yaşıllığını isə rəsmdən belə hiss etmək olurdu.

Həmişə, mənə elə gəlirdi ki, hara getsəm babamın baş daşına həkk olmuş baxışları məni izləyir. Əvvəllər, bir balaca hürksəm də, indi isə əksinə, qaşlarının altında gizlənmiş mehriban və mənalı nəzərlərinin üzərimdə olduğu hiss etdikcə təskinlik tapırdım. Buna görə də, babamın nəzərləri məni daha hürkütmürdü.

Məzarın üzərində babamın portretindən başqa, bəzi yazılar da gözə çarpırdı. Baş daşının aşağı hissəsində "Oğullarından xatirə!" yazılmışdı. Halbuki, babamın yeddi oğlu və üç qızı vardı. Nəzərlərim atamla çarpışanda "Niyə ancaq oğullarından?" soruşdum, o isə "Gərək o vaxt, "övladlarından" yazardıq." deyib etiraz etmədən səhvini boynuna aldı. Mənsə, daha heç nə deməyib, məzar daşının üzərindəki başqa misranı oxudum: "Biz gəldi-gedərik, Sən yaşa dünya!" Deyəsən, Səməd Vurğunun misraları idi. Bunları oxuduqca, "görən, atamın məzarı üzərində nələr yazılacaq?" düşüncəsi qəfil hardansa ağlımda fırlanıb məni hürkütdü.

Biz, toz basmış məzarı təmizləməyə başladıq. Anam əskini yaş edib daşın hər tərəfini təkrar-təkrar sildi ki, babamın qəbri tər-təmiz olsun. Mən isə qərənfillərin saplaqlarından qırıb məzarın üzərinə düzməyə başladım. Atam kənarda əkdikləri şam ağaclarını budamaq fikrinə düşsə də, anam razılaşmadı ki, babam kölgəlik sevir, qoy, kölgə altında rahat olsun.

Mən, tez-bazar hesab etdim ki, yaşasaydı indi səksən səkkiz yaşı olardı. Anidən, uşaqlıq vaxtlarıma gedib çıxdım və babamın mənlə oynadığı səhnələr gəldi durdu gözümün qabağında. Gözlərimin arxasında bir az yaş dolduğunu hiss etsəm də, özümü saxladım ki, daha hər yada düşən xatirəyə görə ağlayan vaxtım deyil. Amma, yenə də, babamın özünü asdığını xatırlayanda ürəyim lap da sıxıldı. Təmizlənib, yaş və parlaq baş daşında öz əksimi gördüm. Babam yenə də nəzərlərini mənə dikmişdi.

Nəhayət, babamla sağollaşıb geriyə qayıtdıq və yolboyu eyni sıxıcı mənzərələrə baxıb daldıqca, düşündüm ki, bu da özlüyündə bir hekayədir.

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Oct 26, 2023 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

Bu da bir hekayədir (That's also story)Donde viven las historias. Descúbrelo ahora