Son 3

9 1 0
                                    

- Yaxşı, gecəniz xeyrə. Yuxunuzda əzizlərinizi görəsiniz!

Kazarmada "yat" komandası verildi, otağın işıqları söndürüldü. Qarşı-qarşıya düzülmüş, ikimərtəbəli, yıpranıb çürümüş taxta çarpayılarla dolu, yeriyərkən qıcırdayan köhnə taxta döşəməli uzun kazarma otağı səssizliyə büründü. Ara-sıra yerlərində sağa-sola qurcalanan bir neçə əsgərin hənirtilərindən başqa otaqda heç nə eşidilmirdi. Koridorun gur işığı qapıdan süzülüb kazarmanın ortası boyunca uzanır, çarpayıların ayaq tərəflərində yerləşdirilmiş metal konstruksiyalı stulların və onların üzərində "nizamnamə"yə uyğun olaraq qatlanıb yerləşdirilmiş əsgər formalarının üzərinə gur zolaq salırdı. Otağın bəzi hissələrindən bütün günü əsgər çəkmələrində qaldıqdan sonra yuyulmayan ayaqların kəskin, başçatladan qoxusu yayılırdı.

Bazanın digər tərəfindən rabitə otağındakı kodlaşdırmaların və silahlarla dolu otağın uzun müddətdir ki, yağlanmadığından cırıldayan ağır dəmir qapısının səsi boğuq halda gəlib kazarmayadək çıxırdı. Bütün bu naqolaylıqlara çoxdan öyrəşmiş Səmədov, gözlərini təzəcə yummuşdu ki, bir balaca mürgü vura bilsin. Yerini rahatlayıb sol böyrü üstə uzandıqdan sonra qolunu adəti üzrə sarı üzlüklü yastığının altına keçirdi və tezliklə də yuxuya getmək istədi. Bu gün onsuz da iki dəfə sahəyə xidmətə gedib qayıtmış əsgər Səmədov yorğunluğunu çıxarmaq istəsə də, ağlında cəld şəkildə növbəti xidmətinə qədər olan vaxtı hesabladı. Yuxulu halda etdiyi kora-zehin hesablamasına əsasən cəmi üç saat yarımdan sonra gecə ikidə növbətçi gəlib onu növbəti xidmətə hazırlaşmaq üçün oyadacaqdı.

Buna görə də, dəqiqələr itimədən hərisliklə yatmaq istəsə də, heç cürə gözlərinə yuxu getmirdi. Xəyalı otaqdan süzülərək sahələrin, meşələrin üzərinə çıxıb, kəndlərdəki tək-tək işıqlanan daxmaların üstündən keçir, oralardan da öz doğma şəhərinin küçələrinə tərəf yol alırdı ki, gedib öz evini tapa bilsin. İndi yumulmuş göz qapaqlarının gətirdiyi qaranlığın içində müxtəlif rəsmlər canlanırdı: Gözü yol çəkən, saçlarına artıq rəng qoymayan anasını namaz üstdə, bığları ağarmış atasını isə eyvanda fikirli halda siqaret çəkərkən gördü. Qardaşı isə yəqin ki, otaqlarında kitab oxuyurdu. Həmişə, mənasız söhbətlər üstdə mübahisə edib dalaşdığı qardaşı üçün necə də darıxmışdı. Əvvəllər darıxmağa alışmamış Səmədovun qabığı burada olandan bəri hər keçən gündə sərtləşsə də, əslində içdən-içə lap kövrəkləşmişdi.

Ancaq, heç kimi, gizlincə ürəyinin dərinliyində daima xatırladığı Nərgiz tək özləmirdi. Hər gecə, nə qədər yorğun olursa olsun, sevdiyi qız onun xəyalında canlanardı. İncə dodaqlarının çəhrayılığını, uzun kipriklərin altından məsumiyyətlə baxan xallarla dolu parlaq qəhvəyi gözlərini, geriyə daranmış mavi boyalı tellərini, incə uzunsov çənəsinin sol tərəfinə bəzək verən nöqtə boyda xalını təkrar-təkrar fikrində canlandırır, geyindiyi geyimləri hər bir incəliyinədək xatırlayırdı. Bu zaman, onun indilərdə nə etdiyini, nə işlə məşğul olduğunu düşündükcə, köhnə səhnələri xatırladıqca qəlbi sinəsini sancır, nəfəsi ağırlaşır, içindən qaynayan həyəcan və təlatüm onu boğurdu.

Bu gecə də, adəti üzrə yatmazdan öncə bütün sevdiklərini bir-bir xatırladıqdan sonra onlar üçün dualar etdi, ən sonda isə onları dünya gözü ilə yenidən görməyi arzuladı. Amma bu dəfə, ümidin tozları onun ürəyini daha da çox qıdıqlayırdı, çünki bu gecəni də başa vurandan cəmi üçcə gün sonra, nəhayət ki, o, formanı əynindən çıxarıb birdəfəlik kənara qoya biləcəkdi. Əvvəllər geriyə qalan günlərini sayan Səmədov artıq geriyə qalan saatlarının hesabını çəkirdi. Beləcə, o, artıq bir ilə yaxındır ki, hər gecə dualarında izhar etdiyi arzularının üç addımlığında dayanmışdı.

Son 3Where stories live. Discover now