"Həsrət ilə"

27 1 0
                                    

Rədd olum bu dünyadan, gözləyirəm həsrət ilə
Miinnət dolu günləri yaşayıb minnət ilə
 
Bu Cəhənnəm bitən kimi gedərəm Cəhənnəmə
Mən kimi insanlar heç görüşməzlər Cənnət ilə

Nə torpaq nə də suyla bağlanmaram xarabaya
Nə qızıl, var-dövlətlə, nə başqa bir zinət ilə
 
Yazılsa hərgah ölüm o qismətlər lövhəsinə
Şübhəsiz barışardım mən də həmin qismət ilə

Hər şeyə möhtac olan o pak, təmiz, ac ruhumu
Bu zindanda doyurdular kin ilə, nifrət ilə

Xeyli insanla tanış olmuş ikən bu diyarda
Yenidən mən tanıdım, tanış oldum dəhşət ilə

Hamı dünyaya bağlanıb yaşayır qəlbi ilə
Mənsə heç bacarmıram, yaşaram zəhmət ilə

Tutduğum hər ağacın qopub düşdü  hər budağı
Qazandım ümidsizliyi belə bir ibrət ilə

Sözlərə söz caladım, qafiyələr toparladım
Qazandım təkcə kədər Tanrı verən sənət ilə

Uzaqdan ümid üzüb bel bağladım yaxınlara
Onlar da getdi uzağa, oynadı şöhrət ilə

Beşikdən qəbrə qədər eyni hala düçar idim
Böyüdüm edilməyən qayğı ilə, diqqət ilə

Odur ki qorxulu gəlməz qəbirin qaranlığı
Çünki çoxdan tanışam təklik ilə, zülmət ilə

Necə ki pozan olmadı həyatda sükutumu
Gəlməyin, danışmayın qəbirdə də Hümbət ilə.

- Hümbət İsmayılov

Qəzəllər gözəliWhere stories live. Discover now