Yeni ev.

588 38 48
                                    

Fuad əşyaları daşıyan işçilərə yardım edərkən Nanə böyük evin boş otaqlarını fırlanır, hər yerini kəşf etməyə, öyrənməyə çalışırdı. İşçilər evin qapısından daxil olduqda qarşılarına çıxan ilk salona bütün əşyaları yerləşdirirdi, Fuad isə bəzi ağır şeyləri daşımaqda onlara yardım edir, yer göstərirdi. Bu sıxıcı və yorğun iş gün batana qədər davam etdi. İşçilər evi tərk etdikdən sonra Fuad yuxarı mərtəbəyə çıxdı. Nanə boş otaqların birindəki pəncərədən soyuq payız havasını izləyirdi. İçəri soyuq olduğu üçün qalın paltarlar geyinmiş və başına sarı bir papaq taxmışdı. Papaqdan qəhvəyi rəngli saçları daşır və çiyninə qədər uzanırdı. Nanə Fuadın içəri girdiyini görəndə üzünü ona çevirib gülümsədi. O hər dəfə gülümsəyəndə böyük gözləri daha da parıldayır, yanaqları isə olduğundan daha yumru görünməyə başlayırdı. Fuad yaxınlaşıb onun yanında durdu və ay işığında parlayan buludları izləməyə başladı:

- Axır ki, yeni evə köçə bildik.

- Atanın bizə belə bir ev aldığına inana bilmirəm. - Nanə dedi.

- O bəzən pis biri kimi görünə bilər. Amma içdən-içə yaxşı biri olduğunu həmişə bilmişəm.

- Hə, nə də olsa sənin atandı.

Fuad Nanənin əlindən tutdu:

- Mənə evi gəzdirə bilərsiniz, xanım?

- Əlbəttə, öndən buyurun - deyərək Nanə əli ilə otağın qapısını işarət etdi. Onlar ilk öncə birinci mərtəbədə fırlandılar. Birinci mərtəbədə divardan asılmış çoxlu sənət əsərləri vardı. Bu rəsmlər Fuada qəribə gəlir və onlara uzun müddət baxa bilmirdi. İkinci mərtəbənin geniş otaqlarında isə vəziyyət daha başqaydı. Bu geniş və soyuq otaqların hər birində bir və ya daha çox güzgü var idi. Bu güzgülər hər biri tozlanmış, çatlağı olan köhnə güzgülər idi. Fuad otaqların birində tozlu güzgünün önündə dayanıb özünə baxaraq belə dedi:

- Bu güzgüləri burdan rədd eləmək lazımdı.

Və onlar digər otağı görmək üçün bu otaqdan çıxdılar. Nanə həyəcanlı görünürdü. Digər otağın qarşısında dayanıb Fuada tərəf çevrildi:

- Bu axırıncı otaqdı - həyəcanla dedi.

- Axır ki. Yorğunluqdan ölürəm daha - Fuad Nanənin niyə bu qədər həyəcanlı olduğunu anlamamışdı. Nanə davam etdi:

- Və bu otaq yataq otağıdı.

- Hmm. Hər evdə ən sevdiyim otaq yataq otağıdı.

- Amma bu otaqda bir qəribəlik var. - Nanə əllərini önündə qovuşdurdu.

- Qəribəlik? - Fuad maraqla Nanənin yanından keçib olduqca adi qapını açanda qarşısına çıxan ilk şey öz əksi oldu. Bir addım atdıqda isə özünün hər tərəfdə olduğunu görüb bir an nə olduğunu anlamadı amma otaqdakı iki şeydən biri olan tavandakı lampanı divardakı - əlbəttə buna bir divar demək olardısa - elektrik açarına basaraq yandıranda hər şey aydınlığa qovuşdu.

- İndi bu evin niyə bu qədər ucuz olduğu bəlli oldu. - Fuad dedi.

- Açıqcası mən bəyəndim. Heç vaxt heç bir evdə belə bir şey görməmişəm. Olduqca fərqlidi. - Nanə içəri daxil olub otağın tam ortasında dayandı. Qapı da örtüldükdən sonra bu otaq sonsuza qədər uzanan təkrarlardan ibarət bir yerə çevrildi. Bu vəziyyət Fuadın başının fırlanması üçün yetərli bir səbəb idi:

- Hmm. Amma bura yataq otağı üçün elə də ideal sayılmaz, hə, Nanə?

Otağın qapı ilə üzbəüz divarına söykənmiş böyük bir taxt var idi. Taxtın üzərindəkilər qəribədir ki, evdəki hər şeydən fərqli olaraq təmiz və tozsuz idi. Fuad yenə ətrafına baxdı, sağında güzgüdən bir divar var idi, solunda da. Aşağıda da, yuxarıda da. Hətta örtülən qapının otağın içində qalan tərəfi də güzgüdən ibarət idi. Fuad özünü nəhəng bir boşluğun ortasında dayanmış kimi hiss edirdi. Güzgü o qədər şəffaf idi ki, insanın reallıq anlayışını şübhə altına salır və özünü səmada imiş kimi hiss etdirirdi. Nanə özünü yumşaq yatağın üstünə atdı:

- Hə. Amma bu gün bu taxtı buradan çətin çıxara bilək. Başqa bir yataq tapmaq üçün də olduqca gecdi. Ona görə də burda yatmalı olacağıq. - Nanə halından heç də narazı deyilmiş kimi görünürdü. Fuad da olduqca yorğun idi və Nanənin dediklərində doğruluq payı var idi. Ona görə də yatağa, Nanənin yanına uzanıb güzgüdən ibarət tavandakı əkslərinə baxmağa başladılar.

- Gərək evə köçməmişdən qabaq evə baxaydıq. Çox tələsdik. - Fuad narahat idi.

- Əgər bu otaq səni bu qədər narahat edirsə qapını bağlayıb bir daha açmarıq və bu otağın var olduğunu unudarıq.

Bu söz Fuadı bir az da olsa sakitləşdirmişdi. Belə bir evi sadəcə bir otağa görə əldən vermək axmaqlıq olardı. Həm də Fuadın indiyə qədər atasından ala bildiyi tək hədiyyə bu ev idi. Buna görə də o bu evi həm əldən vermək istəmir, həm də içəri addım atdıqdan bəri bu evə nifrət edirdi.

Onlar dəqiqələrcə susaraq öz əkslərinə baxdılar. Əslində Fuad Nanənin güzgüdəki əksinə, Nanə isə Fuadın güzgüdəki əksinə baxırdı. Bunu sonsuza qədər edə biləcəyini düşünmüşdü Fuad amma Nanə acmışdı. Onlar otağı tərk etdilər. Bir neçə saat sonra bu otağa qayıtdıqda artıq gecə yarı idi. Onlar yaxınlıqdakı bir restorana gedib orda axşam naharı etmiş, sonra şəhərin bu səmtini kəşf etmək üçün bir az piyada gəzmişdilər. Hər ikisi yorğun-arğın amma yolda başlarına gələn bir hadisədən söhbət edərək deyə-gülə otağa girdilər. Və yatağı açıb uzandılar. Bu səfər işığı söndürmüşdülər amma otaq həm işıq girməyən bir yerə nisbətən işıqlı, həm də olduqca isti sayılardı. Güzgüdəki əksləri görünmədikləri üçün bir-birlərinə baxırdılar. Və bu yorğunluqla dolu günün ardından beləcə də yatdılar. Fuadın bu gecə yuxuları olduqca qarışıq idi. Amma ən çox atasının qəddar mavi gözlərini və bir-birinə yapışan quru dodaqlarını görürdü. Atası deyirdi:

"O qız bizim ailəyə layiq deyil."

Bəzən anasının soyuq səsini eşidirdi:

"Ulduzlar deyir. Bu evlilik ayrılığa məhkumdur."

Sonra Fuad bir güzgü labirintinin içində tapırdı özünü. Bəzən öz əksləri onun arxasınca düşür, bəzən isə güzgünün içindən digər tərəfə keçirdi. Güzgünün digər tərəfində Nanəni görürdü, ona çatmağa çalışsa da Nanə getdikcə uzaqlaşırdı. Fuad bu güzgüləri qırmağa çalışırdı amma sonda güzgülər onu öz əhatəsinə alır və sonsuz bir boşluğa doğru atırdılar. Fuad bu yuxunu gördüyü anda yataqda qıvrılır, əliylə hardansa tutmağa çalışırdı. Göz bəbəkləri bağlı göz qapaqlarının içində dairələr çəkir və bəzən yerindən çıxmaq istəyirmiş kimi hərəkət edirdi. Fuad sonsuzluğun bir nöqtəsində bu real ola bilməyəcək qədər qəribə otaqda gözlərini açdı. Üzü yatdığı tərəfin əksinə, Nanəyə yox, güzgü divara baxırdı. Güzgüdə rənginin qaçdığını gördü. Otaqda pəncərə belə olmadığından saatın neçə olduğunu bilmirdi. Amma otaq Fuad yatmamışdan əvvəlki halından daha işıqlı sayılardı. Yerə qoyduğu telefonu götürüb saata baxdı. Saat 07:26 idi. Hələ olduqca tez sayılardı. Üzünü digər tərəfə çevirib Nanəyə baxmaq istədi. Amma digər tərəfə də çevrildikdə tək gördüyü şey öz əksi oldu. Telefon işığı ilə yorğanın altına baxdı. Nanənin orada olmadığını bilirdi. Qalxıb işığı yandırdı amma otağın hər tərəfində özündən başqa heç kimi tapa bilmədi. Bu otaqda yalnız qalmaq onu titrədirdi. Nanənin belə tezdən hara getdiyini anlamırdı, Nanə ona xəbər vermədən getməzdi. İlk öncə ağlına məntiqli səbəblər gətirməyə çalışdı. Amma Fuad hələ bilmirdi ki, heç cür məntiqli olmayan hadisələr qarşıda onu gözləyirdi.

Paralel sevgi (NƏŞR OLUNDU)Where stories live. Discover now