Ayrılıq

182 21 14
                                    

Səhəri onunla açmaq qəribə hiss idi. Ona olan düşüncələrim, hiss etdiklərim həm məni ona bağlayırdı, həm də ondan uzaqlaşdırırdı. Yorulmuşdum bütün ağrılardan, mübarizələrdən. Həyatımı cəsarətlə, gizlənmədən, ayrılıq qorxusundan uzaq, rahat yaşamaq istəyirdim. Sabahların hansı yaraları gətirəcəyindən qorxmadan gözlərimi açmaq istəyirdim. 

Gözlərimi açdığımda saat hələ 7 idi və Nigarın şirin-şirin yatmağına tamaşa edib fikirləşirdim. Onu həqiqətən çox sevirdim, buna şüphəm yox idi. Amma, bu münasibətə inamımın çoxdan bitdiyini yavaş-yavaş anlayırdım. Biz olmayacaq şeylərin xəyalını qurub, sonra da o xəyalların qumdan qalalar kimi yıxılıb məhv olmasını izləyirdik. Əvvəllər məni bir şey narahat etdiyində bunu bildirir, saatlarla haqqında danışırdım. İndi isə susqunluğumda bəzən özüm də kar oluram. Hərşeyi xatırladığımı da buna görə bildirmək istəmirəm-danışmaqdan yorulmuşam. 

Yerimdən qalxıb əynimə paltar geyindim. Deyəsən alt paltarında yatmaq adətimi heçvaxt dəyişməyəcəm. Bacardıqca səssiz davranaraq otaqdan çıxdım, telefonumu da götürüb evdən biraz uzaqlaşdım. Gəzərək otelin kafesinə gedib yemək almaq və evə qayıtmağı düşünürdüm. Nigar səhər oyananda dediyi ilk şey "acam" olduğu üçün evdə hazır yeməyin olması pis fikir deyildi. 

Əsas qaçmaq istədiyim insan hal-hazırda qaldığım kottecdə yatdığına görə bağlı olan telefonumu açdım. Nazlıdan gələn 12 zəng, 16 mesaj, Saradan gələn 4 zəng 1 "bağışla məni" mesajı, Ramildən gələn 2 zəng və s. Daha sonra diqqətimi xarici ölkəyə məxsus kodla gələn mesaj çəkdi. "Bacı, xahiş edirəm mesajı oxuyan kimi mənə zəng et. Qardaşın Əli". Mesajla bədənim titrəməyə başladı. İllərdir ondan heç bir xəbər almamışdım. Əkiz olmaqlarına baxmayaraq həmişə Hüseyndən tamamilə fərqli idi. Amma, ailəmi tərk etdikdə onunla da əlaqəm qopmuşdu. Qəzaya görə onu da soruşa bilmirdim ki, xatırladığımı anlamasınlar. Görəsən, nə istəyir? Zaman onu da ailmə bənzədib? Həyəcanla əlimdə telefonu saxlayıb zəng edib-etməməkdə qərarsız qalmışdım. Cəsarətimi toplayıb zəng etdim. Ən pis halda, bir daha məni axtarmamasını deyib bağlayardım telefonu. Həm də, Əli onlar kimi yox, əksinə həmişə mənə bağlı idi. Eşitdiyim titrək səslə fikirlərim tamamilə dağıldı.

-"Ləman? Bacı necəsən? Mənəm Əli".

-"Salam, Əli" dərindən nəfəs alıb cavablamağımla hönkürtü səsi eşitdim. Əli hönkürərək ağlayır özünü sakitləşdirə bilmirdi. Bir neçə saniyəlik sükutdan sonra Əli özünü toplayıb danışdı.

-"İllərdir səninlə yenə danışacağım günü gözləyirdim. Bir-iki dəfə səni axtarmaq istədim amma, üzünə baxmağa gücüm yox idi. Özümdən utanırdım. Sənin çətin anlarında atama qarşı çıxa bilmədim, qorxaq kimi gizləndim, susdum. Bacı, bağışla məni"- sözlərindən sonra mənim də gözlərimdən yaş süzülməyə başladı. Oturacaqda oturub, səssizcə ağlayırdım.

-"Yəqin, deyirsən indi niyə axtarır məni. Dünən, anama zəng etmişdim. Bəzən evə zəng edirəm. Mənə sənin qəza keçirdiyini, heçnəyi xatırlamadığını, sonra isə Hüseynin səndən pul istədiyini, səninsə onlara pul verib qovaladığını dedi. Onların nə dediyi mənə maraqlı deyil. Yalanlarına inanmağı çoxdan buraxmışam. Amma, sənin nömrəni götürdüm ki, səninlə danışım. Bəlkə, çox gecdir bunu demək, bəlkə, gözündə onlardan bir fərqim yoxdur. Səni buna görə qınamaram, amma mən səni çox sevirəm, bacı, çox darıxıram"- yenidən kövrələrək ağladı.

-"Mən də...Mən də çox darıxmışam. Nömrən başqa ölkənin koduyladı, haradasan indi?"

-"Nyu-Yorkda yaşayıram. Həm magistr təhsilimə davam edirəm, həm də işləyirəm. Bizim danışacaq çox şeyimiz var, amma heç bilmirəm hansından başlayım"-həyəcanla danışırdı.

Karamel qoxusu (LGBT)Where stories live. Discover now