Hərdən

99 9 1
                                    

Sevdiyim qız qəribə qızdır, özü
Hərdən bilir, çox vaxt mənə bildirir.
Özü də baş açmır özündən, düzü,
Çox vaxt bilir, lap çox mənə bildirir.

Yaradıcılıq ilhamını duyanda,
Mahnı qoşur, şer yazır bir anda,
Yazdığı sevgi şerin oxuyanda,
Hərdən gülür, çox vaxt məni güldürür.

Aktrisalıq həvəsi var başında,
Xalq artisti də olub o, bu yaşında,
Faciə oynayır ayna qarşısında
Hərdən "ölür", çox vaxt məni "öldürür".

Bir ağlayıb, bir gülmüşük güləndə,
Sevgimizi tən bölmüşük böləndə,
Amma tort payını bölməyə gələndə,
Hərdən bölür, çox vaxt mənə böldürür.

Hərdən də çox qəribə yuxu görür.
Guya evlənmişik, mənlə kef sürür,
Ayda bir qab yuyur, bir ev süpürür,
Hərdən silir, çox vaxt mənə sildirir.

Sevdiyim qız qəribə qızdır, özü
Hərdən bilir, çox vaxt mənə bildirir.
Özü də baş açmır özündən, düzü,
Çox vaxt bilir, lap çox mənə bildirir...

Şe'rlərWhere stories live. Discover now