Cinayətlər.

453 41 38
                                    

Polis mayoru Sahil Qarayev baş verən 8 cinayətin 3-ündə hadisənin törədildiyi yerə izlər hələ təzə ikən, qurbanın qanı soyumamışkən gedib çata bilmişdi. Bütün bu gördüyü dəhşətli mənzərələr ona o qədər təsir etmişdi ki, 7-ci cinayətin baş verdiyi gün o öz istefa ərizəsi ilə polkovnik Cabbarovun önündə dayanmışdı. Sahil bir neçə həftə ərzində elə arıqlamışdı ki, qapını açıb ofisə daxil olduqda öz kreslosuna düşüncəli şəkildə yayılan Əkbər Cabbarov onu bir təhər tanımışdı. Cabbarov onu nə qədər istefa qərarından döndərməyə çalışmışdısa da söhbət həmin cinayətlərə gəldikdə Qarayevin masanın üstünə qaytardığı mayenin duruluğu belə polkovnikə qarşısındakının psixoloji vəziyyətinin nə qədər parçalanmış olduğunu göstərmişdi. Beləliklə köhnə mayor Sahil Qarayev bu dəhşətin bir parçası olmayacaqdı artıq. Onun bir neçə gün sonra bir qəzetə verdiyi müsahibədə cinayətlər haqqında danışması bir çox mübahisələrə yol açsa da bu müsahibədən sonra tamamilə qeybə çəkilmişdi. O, verdiyi müsahibədə cinayətləri belə təsvir etmişdi:

"Gördüyüm ilk cinayətin ən dəhşətlisi olacağını düşünmüşdüm. Bu seriyalı qatil tərəfindən törədilən ikinci cinayət idi. Bəli, təcavüz edilən qadının cinayəti. Amma bu təcavüzün belə adisindən sayılmazdı. Kimsəsiz bir yerdə, taxtadan, bir dar otağı olan evdə törədilmişdi cinayət. İçəri daxil olduqda gördüyüm ilk şey ortadan ikiyə bölünmüş baş idi. Sanki bir almanı ortadan ikiyə bölürmüş kimi etmişdi bunu. İlk öncə qıraqdakı baltanı görməmişdim, qıraqdakı qanlı baltanı. O, cinayət alətlərini geridə buraxmaqdan heç çəkinməmişdi. Qadının bütün dırnaqları ətdən qopardılmışdı, bunun məntiqini normal bir insan əsla anlaya bilməzdi. Çılpaq qadının qolları yana doğru açılmışdı, ayaqları da aralıydı. Döşəmə tamamilə qurumuş qan idi, sanki bir qan seli bu otaqdan gəlib keçmişdi. Və... Məni bağışlayın, bunu dilə gətirə bilməyəcəyəm. Amma o almanı, o qan rəngindəki almanı mən həyatım boyunca unuda bilməyəcəyəm. Həmin gün o qədər qəzəblənmişdim ki, o qatili öz əlimlə həbsə atmaq istəyirdim. Bunun üçün hər şeyə hazır idim! Üçüncü cinayətin qurbanının cəsədi tapıldıqda özümü hər kəsdən əvvəl oraya çatdırmışdım. Bu cinayət qurbanın öz evində baş vermişdi. Amma içəriyə girməyə cəsarət edə bilmədim. Sadəcə aralı qapıdan belə içəridəkiləri görməyim həmin ürpərtini yenidən canıma salmışdı. Bütün divarlar qana boyanmışdı. Və qurban ortayaşlı bir kişi idi, qatil almanı onun ağzına tıxamışdı. Aralı qapıdan gördüyüm qədərilə qurbanın göz çuxurları tamamilə boş idi. Amma yox, bu gördüklərim məni ürkütsə də qəzəbimin qarşısını ala bilməmişdi. Taki yük maşını hadisəsinə qədər. Həmin gün bir yük maşını heç kim olmayan bir küçədə saxlamışdı və öz yükünü, yüzlərlə almanı küçəyə boşaltmışdı. Həmin qan rəngində almaların arasında 4 gün öncə itkin düşmüş 3 uşağın, 2 qızcığazın və bir balaca oğlanın da cəsədi vardı. Onların bədənlərinin rəngi elə solğun idi ki... Qatil isə yük maşınını küçənin ortasında buraxıb qaçmışdı. O, bu hərəkətiylə bütün dünyaya, insanlığa meydan oxuyurdu. Həmin gün anladım ki, mənim qəzəbim onun qəddarlığının yanında bir heç kimi qalırdı. Bunu dediyim üçün mənə alçaq deyə bilərsiniz amma... Əgər mən bir gün onunla qarşılaşsam bəlkə də altıma qaçıraram. Onu heç vaxt görməməyimə baxmayaraq hər gecə siması kabuslarıma girir. O, mənim hər alma gördükdə qaytarmağıma səbəb oldu. O... Alma qatili!"

Silsilə cinayətləri törədən bu şəxsə xalq "Alma qatili" ləqəbini taxmışdı. Həmçinin bununla yetinməyən xalq Qarayevin müsahibəsindən sonra küçələrə axışmış, mitinqlər keçirmiş və ölkədə xaos yaranmağa başlamışdı. Artıq hadisənin gedişatı o qədər böyük təsir gücünə malik idi ki, həm siyasiləşmiş, həm də bütün dünyanın marağını çəkmişdi. Gecələrin birində, cinayətlərin başladığı gündən düz 3-cü ayın keçməsinə baxmayaraq heç bir iz tapa bilməyən bu işə cəlb edilmiş polkovnik Cabbarov getdikcə artan məsuliyyətin ağırlığını hiss edirdi. Gecə saat 1 olsa da onun bu gecə də gözlərində yuxudan bir əlamət yox idi. Cabbarov qara bığlarını oxşayır, tavana baxır və düşünürdü. Geridə heç bir iz buraxmayan, qurbanları tamamilə təsadüfi şəkildə seçən və cinayəti işləyən zaman tək bir şəxsə belə görünməyən cinayətkarı necə tələyə salmaq olardı axı? Ev telefonu zəng çaldıqda içindəki bu buruq hissin heç də boş yerinə olmadığını anlamışdı. Həyat yoldaşını oyatmadan yataqdan qalxmış, telefona cavab vermişdi. Və təxmin etdiyi kimi bir cəsəd daha tapılmışdı. Cabbarov dərhal belə soruşmuşdu:

- Alma var?

Telefondakı polis əməkdaşı cavab vermişdi:

- Var.

Polkovnik bir saniyə belə gecikmək istəmirdi, cəld şəkildə öz formasını geymiş, evdən çıxmış və maşınına əyləşib verilən ünvana doğru yol almışdı. Yol boyu gərginlikdən artıq yenicə yuyulmuş göy köynəyində tər izləri yaranmağa başlamışdı. İlk öncə şəhərin hələ də oyaq, işıqlı küçələrindən keçdi maşını ilə, daha sonra yatmış qaranlıq küçələrdən. Və ünvana yaxınlaşdıqca daha da qaranlıqlaşırdı küçələr. Artıq sadəcə zibilləri eşələyən pişikləri və bir yerdə gəzən küçə itlərini görmək olurdu küçələrdə. O itlərin və pişiklərin tanıdığı evsiz qocalar Cabbarovun maşınına nifrətlə baxırdı yanından keçdikdə. Bu aralar Cabbarov belə baxışlara öyrəşmişdi. Polis əməkdaşlarını nüfuzdan salan bu silsilə cinayətlər xalqın polislərə qarşı fikirlərini də dəyişdirmiş və bütün ölkədəki kriminal hadisələrin sayında artım baş vermişdi.

Cabbarov qaranlıq küçənin sonundakı mavi-qırmızı işıqları gördükdə qaza basıb sürətləndi. Ünvana çatdıqda artıq orada ondan əvvəl gəlmiş 20-yə yaxın adam var idi. Görünür o qədər də cəld davrana bilməmişdi. Bir an Qarayevin yaşadıqlarını xatırlayıb onun da belə bir bəlaya düçar olduğu üçün bilərəkdən cəld gələ bilmədiyini düşündü. Onun gəlişi ilə birlikdə hər kəs polkovniki qarşılamaq üçün yanaşmağa başladıqda bu fikirləri başından atıb cəsarətini topladı və ətrafa baxdı. Buradakıların çoxu polis əməkdaşları idi, zillət içindəki ara küçədən bəzən parlaq işıq yayılırdı. Bu da artıq kriminalist ekspertlərin içəridə olduğunu və şəkillər çəkib tədqiqat aparmağa başladığını göstərirdi. Bu arsız jurnalist belə özünü ondan tez çatdıra bilmişdi buraya. Müstəntiq Hill də burada idi, o iki polis əməkdaşı ilə söhbətini dayandırıb əlindəki dəftərçəni bağlayaraq polkovnikə tərəf gəldi:

- Axır ki, gələ bildiniz, polkovnik.

Cabbarov müstəntiqi heç sevməsə də onunla əməkdaşlıq şərt olduğu üçün bu məsələni biruzə vermirdi.

- Xahiş edirəm, mənə yaxşı bir xəbər verin, müstəntiq.

- Yaxşı bir xəbər? Mənim kimi şanssız birindən yaxşı bir xəbər gözləmək mənasızdı. - Müstəntiq hər zaman olduğu kimi kefsiz görünürdü. Tez-tez cibindən bir dəsmal çıxarıb uzun burnunu silirdi. Gözləri mavi idi, hələ 35 yaşında olmasına baxmayaraq saçları ağarmışdı. Həmin saçlar qıraqdan baxan üçün ağdan çox gümüşü rəngə çalırdı. Müstəntiq bir dəfə daha plaşının cibindən dəsmalını çıxarıb burnunu sildikdə polkovnikdən soruşdu:

- İçərini görmək istəyirsiniz?

Polkovnik sualdan sonra bayaqdan bəri sıxaraq saxladığı sağ ayağını önə atıb irəliləməyə başladı. Və zillət aralığa daxil olduqda qan qoxusunu artıq almaq olurdu. Bu cinayətin digərlərindən çox böyük bir fərqi var idi. Digər 8 cinayət daxili məkanlarda gerçəkləşdirilsə də bu qatilin küçədə törətdiyi ilk cinayət idi. Hətta bu belə qatilin hər şeyə hazır bir manyak olduğunun sübutu ola bilərdi. Onun üçün "kim?" və ya "harada?" anlayışları yox idi. 

Mənzərə hər zamankı qədər, hətta daha dəhşətli idi. Polkovnik titrəməmək üçün dişlərini sıxırdı. Qurbanın 10 yaşı belə olmazdı. Axı bunu necə edə bilərdi bir insan? Küçənin sağ tərəfində qızın cəsədi, sol tərəfində isə sol qolu vardı. Və həmin o bədəndən ayrı düşmüş sol qol əlində bir şey sıxırdı. Polkovnik diqqətlə baxdıqda onun nə olduğunu anlaya bilmişdi. Qırmızı bir alma. Ekspertlərdən biri müstəntiqlə danışırdı. Dediyinə görə təcavüz izi yox idi, qız qan itkisindən həyatını itirmişdi. Polkovnik isə bütün diqqətini həmin almaya fokuslamışdı. Sanki dünyada başqa heç nə yox imiş kimi. Başı fırlanır, o qədər diqqətlə baxırdı ki, almanın görüntüsü tam onun göz bəbəklərinin önündə dayanırdı. Gözünü qırpana qədər tər izləri artıq bütün sinəsinə, qoltuqlarının altına yayılmışdı. Və onun gözünü qırpmasına səbəb olan almanın yanında dayanan ekspertin müstəntiqə səslənişi idi:

- Müstəntiq, dərhal buraya gəlin. - ekspertin səsindən həyəcan yağırdı.

Polkovnik də müstəntiqlə birlikdə sol qola doğru yaxınlaşdı. Pudralanmış almanı gördükdə bir-birlərinə təəccüblə baxdılar. Barmaq izi! Əkbər Cabbarovun nəfəsi həyəcandan sinəsində sıxışıb qalmışdı. Bu barmaq izi hələ hər şey demək deyildi. Amma bir başlanğıc saymaq olardı. Bu həqiqətən də hələ bir başlanğıc idi!

Qan rəngində almaHikayelerin yaşadığı yer. Şimdi keşfedin