Qatilin qəzəbi.

168 18 12
                                    

- Ata, mən onların hansının pis adam olduğunu tapmışam. - əkizlərin sorğusunun davam etdiyi ikinci gündə xəfiyyənin ən xırda detalları belə qaçırmayacaq qədər möhtəşəm və iri gözlərə sahib qızı Xəyalə axır ki, bu inanılmaz dərəcədə bir-birinə bənzəyən qardaşların arasındakı fərqi tapa bilmişdi. Xalid öz qızının qarşısında dizlərini yerə atmışdı, qız isə otaqdakı yerində, öz oturacağında idi. Xəfiyyə qızının sözləri qarşısında gülümsəyib onun saçlarını oxşadı:

- Sən tapmısan? Əminsən? - xəfiyyə soruşduqda arxadan müstəntiqin asqırığının səsi eşidildi.

- Ata, pis adamlar daha tez əsəbləşirlər, elədir?

- Hə, elədir. 

- Onlar bir-birinə həqiqətən çox oxşayırlar, ata. Onları ilk görəndə ikisindən birinin qarşısına qoyulmuş güzgü olduğunu düşündüm. Amma onlara bir az baxandan sonra bir şey görməyə başladım. Onlardan birinin sağ gözü səyirirdi, bu bir an baş verirdi, heç bir saniyə də sayılmaz. Mən eşitmişdim ki, gözləri səyirən adamlar əsəbi olurlar. Sonra da gördüm ki, onun gözü hər dəfə müstəntiq Konan Hill asqıranda səyirir.

Xəfiyyə çevrilib qardaşlara baxdı. Onlar qarşılarına qoyulmuş kətan lövhələrdə otağın mərkəzində oturmuş leytenant Maqsud Səfərovu təsvir etməyə çalışırdılar. Xəfiyyə baxışlarını onların qırmızı yanaqlarının üzərinə cəmlədi. Müstəntiq bir dəfə daha asqırdı. Və həmin gözlənilən mikro səyirmə. Xəfiyyə belə bir şeyi gözdən qaçırdığına inana bilmirdi. Xalid baxışları şübhə çəkməsin deyə yenidən qızı tərəfə çevirdi üzünü:

- Sən haqlısan, Xəyalə. Afərin. - yaxınlaşıb qızının alnından öpdü. - Sadəcə dəqiqləşdirmək üçün soruşuram, səncə onlardan hansı pis adamdır?

Xəyala dodaqlarını atasının qulağına yaxınlaşdırıb bir hərf fısıldadı, sadəcə bir hərf. 

- Bir müddət daha burada otur və etdiyini etməyə davam et, tezliklə evə qayıdacağıq. Yaxşımı, qızım? Bildiyini də məndən başqa heç kimə demə. Evdə danışdığımız kimi. - Xəyalə başını yelləyərək atasının sözlərinə əməl edəcəyini bildirdi. 

Xalid İmanı tələsərək ayağa qalxdı, söhbətin çox uzun çəkməsinin şübhəli görünəcəyini bilirdi, ona görə bu dialoq ata-qız söhbəti uzunluğunda olmalı idi. Xəfiyyənin hələ öyrəndiyi məlumatı açıqlamaq kimi bir fikri yox idi. Bu məlumat əlbəttə buraya gələndən bəri öyrənə bildiyi ən dəyərli məlumat sayılardı, yenə də qatilin kimliyini bilmək belə tam olaraq bir çıxış yolu sayılmazdı. Hətta öz 7 yaşlı qızının sübut göstərə bilməyəcəyi sözlərinə güvənib qatilin kimliyini dərhal açıqlasa və Həsən Kərimli kimi əngəllər onun qatili qandala vurub həbsə atmağına icazə versə də bu yenə tam olaraq məsələnin sonu sayılmazdı. Xalid İmanının qarşısını almağa çalışdığı faciə üçün bu qızıl dəyərində məlumatı hansı anda istifadə edəcəyini dəqiqləşdirmək böyük rol oynayacaqdı.

Xəfiyyə masanın üzərindəki vərəqlərdən Nazimin vərəqini əlinə götürüb nəzər saldı. Asta səslə öz-özünə danışmağa başladı:

- Qatilin psixoloji problemləri arasında obsessiv-komplusiv pozuntu olduğunu bilirdim amma hələ bu yanından yararlanmaq üçün tələsmirdim. Gözlədiyimdən daha tez özünü biruzə verdi.

- Nəsə deyirdiniz, xəfiyyə? - qıraqda dayanan müstəntiq xəfiyyənin onunla danışdığını düşündü.

Xəfiyyə cavab verə bilmədən əkiz B əlindəki fırçanı yuxarı qaldırdı:

- Mən bitirdim!

- Mən səndən daha əvvəl bitirmişdim. Xəfiyyənin gəlməsini gözləyirdim. - A da dərhal danışmağa başladı.

Qan rəngində almaHikayelerin yaşadığı yer. Şimdi keşfedin