Üsyan.

128 14 7
                                    

Köhnə polis mayoru Sahil Qarayev işdən ayrılmasından 1 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də özünə gəlməmişdi. Şahid olduğu son cinayət yük maşını hadisəsi idi və o gün gördüklərinin təsirindən nə vaxtsa çıxa biləcəyinə inanmırdı. Evsiz həyatı yaşayırdı, küçələrdə fırlanır, içir, çəkir, yuyunmur, insanlarla münasibət qurmur, yenidən hər şeyin normala dönəcəyi barədə ümid bəsləmirdi. Heç cibindəki son pulu xərclədikdən sonra da nə edəcəyi barədə düşünmürdü. Bir həftə əvvəl bir anda polkovnik Əkbər Cabbarovun avtomobili onun qarşısında saxlayanda az qalmışdı utancdan yerin dibinə girsin. Çarəsizcə əlindəki içki butulkasını arxasında gizlətmişdi, butulkanı ata bilməzdi, çünki həmin butulkada qurtuluş gizlənmişdi. Cabbarov isə Qarayevə ilk öncə iyrənərək, daha sonra isə yazığı gələrək baxmışdı:

"Özünə gəl bir az. Ailən var, uşaqların var. Küçədəki alkoqoliklərə dönmüsən. Üstəlik onlar kimi də qoxursan."

Sahil hər dəfə bu sözləri xatırlayanda köynəyinin yaxasını barmaqlarının ucu ilə tutub burnuna yaxınlaşdırır və özünü qoxlayırdı. Spirt, tər, qusuntu. Polkovnik haqlı idi, bu qoxuları yağışın altında dayanmaq aparmazdı. Polkovnik həmin gün bir çox məsələdə haqlı idi. Mayor işdən ayrılıb küçələrə düşməzdən əvvəl həyat yoldaşı, 3 övladı və qaynanası ilə yaşayırdı. Bəzən qohumları gəlib onun qolundan yapışıb məcburən evə aparmağa çalışırdılar. Hətta bir dəfə çəkingən həyat yoldaşı da onu bir küncdə yatanda tapmış, evə qayıtması üçün yalvarmışdı. Bacarmazdı, mümkün olan iş deyildi, artıq öz övladlarına baxanda həmin qətl edilən uşaqları xatırlamaya bilməzdi, həyat yoldaşına baxanda təcavüz edilərək öldürülən o qadını xatırlamaya bilməzdi. Hara baxırsa baxsın gördüyü tək şey cinayət idi. Spirtin bütün varlığını yuyub aparmasını arzu edirdi, o qədər içmək istəyirdi ki, harasa baxa bilməyəcək qədər kor olsun. 

"Hər şey bir yana, o nə müsahibə idi vermisən? Altıma batıraram zad! Kişisən ə sən! Utanmadın heç?"

Polkovnik bu sözləri qəzəblə demişdi. Sahil üçün bu bir anlıq qəzəbdən dilə gətirilən ifadələr bir iztirab qaynağına çevrilmişdi. Elədiyi kişiliyə yaraşmırdı, bütün əməkdaşları indi belə düşünürdü, artıq onun polis olaraq bir zərrə də hörməti qalmamışdı heç yerdə. Amma müsahibəni vermək barədə özünü heç də peşman hiss etmirdi. Həmin müsahibəni vermə məqsədi hər kəsi necə bir dəhşətlə qarşı-qarşıya olduqları barədə xəbərdar etmək istəməsi idi. Belə bir qəddarlığı sonsuza qədər gizlətmək olmazdı. Və insanlar Sahilin müsahibəsindən sonra həqiqətən də fərqinə varmışdılar. Qatilin tutulmasını, bu seriyalı cinayətlərin, bu kabusun bitməsini tələb edirdilər. Sahil bəzən onlara qoşulmaq istəyirdi, hətta bəzən mitinqlərin yanından keçəndə bəzi hərəkat üzvləri onu tanıyır, qəhrəman olaraq yaxınlaşır amma vəziyyətini gördükdən sonra dərhal uzaqlaşırdılar. Fısıltılar uzaqdan eşidiləndə daha qulaqbatırıcı olurdu. Sahilin taqəti yox idi, nə nəsə tələb etməyə, nə də hansısa tələbi ödəməyə. O sadəcə tək sığınacağı sərxoşluq halının unutqanlığı olan kimsəsiz küçələrin kimsəsiz yaşayan ölüsü idi.

Həmin gün günorta saatlarında əvvəlki sərxoşluğundan ayılıb yenisinə daxil olmağa hazırlaşarkən əlindəki butulka ilə küçədə fırlanırdı. Ətrafdakı insanların söhbəti yenə hər zamankı mövzu haqqında idi. Dayanacaqda oturmuş iki qadın bir-birilə danışırdı:

- Vallah daha adam küçəyə də çıxmağa qorxur. Çox pis zəmanədi.

- Hə, ay bacı. Bircə tapıb atsaydılar həbsə o qatili hamımızın canı qurtulardı.

- Əşşi, nə veclərinə e? Olan xalqa olur ancaq. Gör hansısa məmurun oğlunun başından bir tük əksik olur heç?

Qadınlar yolun digər tərəfindən gələn arası kəsilməyən siqnal səsləri səbəbilə başlarını çevirdikdə Sahil də onlarla birlikdə həmin yerə baxmaq üçün boylandı. Maşınların arasından keçərək onlar tərəfə gələn böyük bir izdiham vardı. Bu izdihamın ən irəlisində mavi, uzun saçları olan bir qadın dayanmışdı, qadın əlindəki səsucaldanla şüarlar səsləndirir, arxasınca gələnlər isə həmin şüarları təkrar edirdilər. Qarayev küçələrdə məqsədsizcə fırlandığı müddətdə bir çox mitinq görmüş olsa da ilk dəfə idi bu qədər adamın belə sistemli şəkildə yollara axışdığını görürdü. Əslində o bunu çoxdan gözləyirdi, əvvəl-axır xalq tamamilə bezəcək və əvvəlcədən xəbərdarlıq edildiyi kimi üsyana başlayacaqdı. Sadəcə Sahilə maraqlı olan niyə üsyanın məhz bu gün başlaması idi. İzdiham yaxınlaşdıqda o ən öndəki mavi saçlı qadının kim olduğunu da anlamışdı. Qadının boyu qısa idi, rahat paltarlar geyinmişdi, mavi saçları sağ çiynindən aşağıya uzanırdı, səsi kişi səsi kimi qalın idi qışqırdıqda. Simasına baxdıqda belə nə qədər inadkar və təhlükəli bir qadın olduğunu başa düşmək olurdu. Əks təqdirdə bu qədər kütləni ardına almağı bacarmazdı. Hazırda həmin qadını ölkədə hər kəs tanıyırdı. Siyasi aktivist Sona Mahmud atasının ölümündən sonra, hələ heç Sahil Qarayev müsahibə verməyən zamanlarda bütün müxalifəti başına toplayaraq cinayətlərin bitməsini tələb etmişdi. Müsahibədən sonra isə onun dəstəkçilərinin sayı qat-qat artmışdı. Və sonda Sona Mahmud elə bir güc sahibi olmuşdu ki, hökümətə əgər 10-cu cinayət baş verərsə yekun üsyanı başladacağı barədə ultimatum vermişdi.

Qan rəngində almaWhere stories live. Discover now