Xəfiyyənin debütü.

170 20 6
                                    

Malikanənin qapısı açıldıqda ilk öncə görünən şey əkiz qardaşlardan birinin aşağı əyilmiş başı və həmin başı möhkəm şəkildə tutmuş iri bir əl idi. Leytenant Maqsud Səfərov zor tətbiq edərək birinci qardaşı qapıdan ön bağçaya çıxardıqdan dərhal sonra serjant Sərxan Qocayev digər qardaşı eyni formada arxasınca gətirdi. Halbuki qardaşlar müqavimət belə göstərmədən onlara riayət edir və bəzən inildəyərək Nazim olmadıqlarını sübut etməyə çalışırdılar. Digər iki polis əməkdaşı qapıdan çölə addım atdıqda tapançalarını çıxarıb digərlərini izləməyə davam etdilər. Müstəntiq və polkovnik qapıdan çıxandaysa Nazilə xanım bir anda irəliyə atılaraq onların arasından keçib oğullarının ardınca qaçdı:

- Siz nə edirsiniz? Buraxın onları! Bu ki, barbarlıqdır. Aman Allah!

Leytenant və serjant narahatlıqdan səsi titrəyən ananın sözlərinə məhəl qoymadan yollarına davam etdilər. Nazilə xanım onlara söz keçirə bilməyəcəyini anladıqda geriyə doğru gedib polkovnikə yalvarmağa başladı:

- Cənab, biz nəyisə yanlış anlayırıq. Mənim oğlum qatil ola bilməz. İcazə verin, onlarla danışım.

Əkbər Cabbarov bu xahiş qarşısında nə deyəcəyini bilmədi. Ona görə edə biləcəyi tək şeyi etdi:

- Dayan! - deyə əmr etdikdə leytenant və serjant olduqları yerdə donub qaldılar. Və başlarını aşağı əyən iki qardaşla birlikdə geriyə doğru çevrildilər.

Nazilə xanıma polkovnikin yerinə müstəntiq Konan Hill cavab verdi. O burnunu çəkdiyi əli ilə əkizləri göstərdi:

- Oğlunuz qatil deyilsə bu oyuna nə ehtiyac vardı? Siz onların anasısınız, elə deyil? Onlara diqqətlə baxıb hansının Nazim olduğunu bizə deyin. - müstəntiqin səs tonunda qəzəb vardı.

Nazilə xanım tərəddüd içində qalıb müstəntiqə baxdı. Daha sonra başını yavaş şəkildə və daha tərəddüdlə oğullarına tərəf çevirdi:

- Iıı... M-mən bilmirəm. Onları uşaqlıqdan bəri sadəcə geyim tərzləri və davranışlarına görə ayırd edib hamı. Görünüşləri həddindən artıq bənzəyir.

Malikanənin pəncərələrindən və qapılarından başlarını çıxaran xidmətçilər olanları maraqla izləyib fısıldaşırdılar. Müstəntiq istehzayla gülərək başını yellədi:

- Siz onların anasısınız və onları ayırd belə edə bilmirsiniz? Buna inanmağımızı istəyirsiniz?

- Mənə inanın. Nazim, oğlum, xahiş edirəm özünü bəlli et. - ana bu səfər oğullarına tərəf çevrilib yalvardı.

Leytenantın əlinin altındakı qardaş danışdı:

- Ana, mən Nizamam. Qardaşım, niyə belə edirsən axı? Qurtar bu oyunu.

Serjantın əlinin altındakı qardaş danışdı:

- Qardaş, burada yalan danışan sənsən. Sənə yalvarıram, anamıza əzab vermə.

Bu mənzərə müstəntiqi qəzəbləndirmiş olmalı idi ki, gülməyini dayandıra bilmədi. Burnu qıcıqlanmağa davam edirdi və qızarmış gözlərindən yaşlar axırdı:

- Deməli belə. Davam etməkdə qərarlısan, hə? Uşaq başı aldatdığını düşünürsən? Sizi aparacağıq və yoxlayacağıq. Barmaq izinizi, qanınızı, tüpürcəyinizi, sidiyinizi, hər şeyinizi. Və çox asan şəkildə hansınızın qatil olduğunuzu öyrənəcəyik. Xanım, narahat olmayın, məsum olan oğlunuz bir neçə saata evə qayıdacaq. Digər oğlunuzdan isə əlinizi üzün.

Bu sözlər qarşısında dəhşətə gəlmiş Nazilə xanım ovcunu ağzına aparıb ağlamağa başladı.

- Ana, niyə ağlayırsan? Nazim, Nizam? Qardaşlarım... Onları... ONLARI HARA APARIRSINIZ? - üçüncü mərtəbənin pəncərəsindən başını çıxarmış Nəzrin adlı həmin özüylə bıçaq gəzdirən qız bunları dedikdən sonra var gücüylə qışqırıb pəncərənin önündən qeyb oldu. Onun qışqırığı üçüncü mərtəbədən ikinci mərtəbəyə, ikinci mərtəbədən birinci mərtəbəyə enərkən hər kəs gərgin şəkildə gözləyirdi. Ən çox da Nazilə xanım ruhsuz bir meyidə dönmüş kimiydi bu anlarda.

Qan rəngində almaWhere stories live. Discover now