Hallelujah!

126 14 4
                                    

Xəfiyyənin müstəntiqin cəsədinin yanından ayrılıb otaqdan çölə qaçdığı anlarda serjant Sərxan Qocayevin ağlına qəflətən bir fikir gəlmişdi. Əgər qatil müstəntiqi öldürmək üçün 4-cü mərtəbədən ayrılıb birinci mərtəbəyə enmişdisə hazırda iki qardaşın qaldığı otaqlardan biri mütləq ki, boş olmalı idi. Qocayev ətrafa baxdıqda qardaşların otaqlarının qapısının önündə olması gərəkən polislərin də elə burada olduğunu, müstəntiqin çılpaq cəsədinin başına yığışmış izdihamın arasında olduğunu gördü. Qışqırıq səsi o qədər yüksək tonda idi ki, bütün malikanədə eşidilmişdi və o qədər tükürpərdən idi ki, ən dərin yuxudakı insanı belə oyada bilərdi. Əlbəttə belə bir səsi eşidən 4-cü mərtəbədəki polis əməkdaşları öz vəzifələrini unudaraq dərhal aşağıya qaçıb nə olduğunu öyrənməyə çalışmışdılar. Sonda isə qarşılaşdıqları mənzərə onlara ümumiyyətlə kim olduqlarını belə unutdurmuşdu. Sərxan Qocayev öz vəzifələrini bir an belə unudacaq polislərdən deyildi. 31 yaşlı bu iti zəkalı serjantın saçı onun əməkdaşlarının sözləri ilə desək çox işləməkdən tamamilə tökülmüşdü. İndi onun bir zamanlar gur, qara olan saçlarının yerində parıldayan dəri qalmışdı. Qocayev əlini həmin şəffaf keçəlinin üstündə gəzdirib ağlına gələn fikir sonrası bədəninə yayılan adrenalin hormonu ilə hərəkətə keçdi. Sadəcə bir dəqiqə sonra 4-cü mərtəbəyə çatanda tənginəfəs halda qalmış olsa da yenə də silahını çıxarmağı unutmamışdı.

Xəfiyyə Xalid İmanı var gücü ilə qızının yanına qaçmış, xarizmasına yaraşmayacaq bir acizlik içində qarşısına çıxan insanları itələyə-itələyə dodağının altında dualar etmişdi. Otağa çatdıqda isə içində yaranan minnət hissi onun həyatı boyunca Tanrıya olan inamının pik nöqtəsi idi. Qızı Xəyalə dizlərini qucaqlayaraq yatağında oturmuş, iri gözlərini qırpmadan boşluğa baxan pişiklər kimi eləcə dayanmışdı. Atası qızına doğru qaçıb onu möhkəm qucaqladı:

- Şükür Allaha! Şükürlər olsun! Şükürlər olsun! - xəfiyyənin gözləri dolmuşdu.

Qız atasının qucaqlamasına reaksiya vermirdi, qorxmuş uşaqlar adətən belə səssiz və sabit şəkildə dayanırdılar. Xəfiyyə bu halı anladıqda aciz ata halından qurtulmağa başlayır, rasionallığı bərpa olurdu. Bu normallaşma müddəti boyunca içində yaranan qəzəbdən qollarının arasındakı qızı həddindən artıq möhkəm qucaqlamağa başlamışdı.

- Ata, mən boğuluram. - dedikdə Xəyalə qəzəb də getmişdi. Xəfiyyə qızından ayrılıb üzünü digər tərəfə çevirdi və gözlərini sildi.

- Bağışla. Səni bura gətirməməliydim. - xəfiyyə gözlərini silərkən otağın pəncərəsinin açıq olduğunu gördü. Və yenidən qızı tərəfə baxanda isə Xəyalə ona doğru bir alma uzatmışdı.

- O, mənə bunu verdi. Pis adam...

Xəfiyyə almanı əlinə götürüb incələdi. Almanın üzərinə iri iki göz cızılmışdı və gözlərin üstünə "X" çəkilmişdi. Bu gözlərin kimin gözləri olduğunu açıqca bilmək olurdu:

- Sən onun hansı qardaş olduğunu deyə bilərsən? - Xəfiyyə soruşdu.

- Yox, onun gözü səyirmirdi və paltarları da tamam başqa idi. Mən bilmirəm, ata. - birdən Xəyalənin gözləri doldu, 7 yaşlı qız ağlamsınmağa başladı.

- O sənə başqa nəsə dedi?

- O dedi ki... O dedi ki... Əgər ona baxmağa davam eləsəm... Gözlərimin içinə qızdırılmış şiş soxub məni kor edəcək. - qız ağlayırdı, atası onu yenidən qucaqladı.

- Qorxma, Xəyalə. Atan burdadır, heç kim sənə heç nə edə bilməz. - xəfiyyə qızını sakitləşdirməyə çalışırdı.

Bu açıqca bir təhdid idi. Almanın üzərinə cızılmış gözlər də bu təhdidin bir parçası idi. Qatil Xəyalənin baxışlarından narahat olmuşdu, eynilə qətl etdiyi Konan Hillin asqırıqlarından narahat olduğu kimi. Və onu narahat edən şeylərdən ən yaxşı bildiyi yolla qurtulmağa qərar vermişdi. Artıq xəfiyyə qızını burda bir saat belə saxlaya bilməzdi. Amma Xalidin özünün getmək kimi bir fikri yox idi. Yaşananlardan bir çox polis əməkdaşı təsirlənmiş və panikaya düşmüşdü, artıq bir çoxu istefa planları da qurmağa başlamışdı. Xəfiyyə isə əksinə qatilin ən zəif yanını tapdığını düşünürdü. Həm də qızına edilən şeyi bağışlamayacaqdı, bu istintaq onun üçün bir prinsip məsələsinə çevrilmişdi.

Qan rəngində almaWhere stories live. Discover now