Qırılmaz qədəh.

22 4 0
                                    

Hələ də eyni musiqilər... Təkrarlanır, təkrarlanır... Bu musiqi siyahısını hazırladığım günü yaxşı xatırlayıram. Bir az cazz, bir az klassika, insanı sakitləşdirən şeylər. Xəyal qurmaq, düşüncələrə dalmaq üçün ideal şəraiti yaratmağa çalışmışdım. Hələ də musiqi siyahısını dəyişmədiklərinə təəccüb etmişdim həmin gün o bara getdikdə. Yenə də öz doğma musiqilərimin sədaları altında olacağım üçün bir az sevinmişdim həm də. Barda bir tək musiqilər yox, bir çox şey dəyişməmişdi. Hətta bəzi köhnə, daimi müştəriləri də görmüşdüm. Deyəsən onlar da məni tanıyıb yaxınlaşıb söhbət etməyə çalışmışdılar, onlardan biri əlini uzadıb görüşmək istəmişdi. Halbuki başım olduqca qarışıq olduğu üçün onunla görüşə bilmədən yanından ötüb keçmişdim. Başım düşünməklə qarışıq idi, beynimin içində həll etməyim gərəkən bir çox məsələ vardı. Barda dəyişən bir şey görə bilmişdim axır ki. Mən bar stolunun arxasına əyləşdikdə yeni barmen yaxınlaşıb sifarişi götürdü. Onun işə təzəcə başladığı hərəkətlərində özünü biruzə verirdi, mən də ilk zamanlar belə yavaş idim. Yeni barmenin əksinə mən işimi sevərək edirdim, hətta Azərbaycan Barmenlər Assosiasiyası və "Bacardi"nin birgə keçirdiyi müsabiqədə hazırladığım spirtsiz kokteyl birincilik əldə etmişdi. Bəlkə bir qədəh viski zehnimdəki bu qarışıqlığı, bu xaosu səliqəyə salardı. Barmen viski qədəhini önümə qoyduqda bu mənə köhnə bir hadisəni xatırlatmışdı. Viskini başıma çəkib qədəhi normaldan bir az daha möhkəm şəkildə masaya qoydum. Ətrafa cingiltili bir səs yayılmışdı.

- Yaxşı ki, qırılmadı a! - qədəhi əlimə götürüb incələməyə başladım.

Sözlərimi yeni barmen eşitmişdi, üzündə xəfif bir qürur təbəssümü var idi, mənə doğru yaxınlaşdı.

- Siz istəsəniz də o qədəhi qıra bilməzsiniz, cənab. Əlinizdəki qədəh xüsusi seçilmiş qədəhlərdən biridir, lisenziyalıdır...

Barmen qədəhin xüsusiyyətləri barədə xırdalıqlara girməyə başladıqca bir yandan özümü onu dinləyirmiş kimi göstərməyə çalışsam da bir yandan da daxilən gülməyə başlamışdım. Lizensiyalı imiş! Xüsusi seçilibmiş! Ha ha ha! Cəfəngiyyatdır. Tamamilə cəfəngiyyatdır. Özü də bu cəfəngiyyatı mən uydurmuşam. Elə bu barda barmen işlədiyim zamanlarda. Mənimlə söhbət edən həmin bu barmen qədər yenicə başlamışdım işə. İkinci ya da üçüncü günüm olardı. Bar stolunda üç müştəri oturmuşdu, onlardan biri sol tərəfdə oturan cavan bir oğlan idi, sağ tərəfdə isə iki qız oturub aralarında şən bir şəkildə söhbət edirdilər. Cavan oğlanın qızların diqqətini çəkməyə çalışdığını sezmişdim. Bir jest eləmək qərarına gəldim. Bir qədəh viski süzüb oğlanın qarşısına qoydum, sonra iki qədəh daha viski süzüb qızlara apardım və bunu soldakı oğlanın onlara göndərdiyini dedim. Bu sözlərimi eşitdikdə cavan oğlan elə həyəcanlanmışdı ki, əlindəki viski qədəhini masaya səhvən gözlədiyindən möhkəm şəkildə çaxmışdı. Qədəh qırılıb oğlanın əlini kəsmişdi. Qızlar oğlana baxaraq bir-birlərinə nəsə pıçıldayır, gülürdülər. Oğlan utanırdı və bu olanlar tamamilə mənim günahım idi. Əgər o an nəsə etməsəm oğlan biabır olmaqla birlikdə 3 qədəh viskinin pulunu ödəməli, üstəlik qırılan qədəhin də pulunu verməli idi. Bu səbəbdən həmin an ağlıma gələn ilk fikirlə oğlana yaxınlaşmışdım.

- Bu qədəhi qıra bildiyinizə inana bilmirəm.

Oğlan əlini tutmuşdu, ona yaranı sarımaq üçün dəsmal verdim.

- Necə yəni qıra bildiyimə inanmırsan? - oğlanın mənə əsəbi olduğu səs tonundan bəlli idi.

- Bu qədəhlər xüsusi seçilmiş qədəhlərdir, lisenziyalıdırlar. Orta statistik bir gəncin qol qüvvəti ilə qırılması mümkünsüzdü. Qırılsa belə əlinizi kəsməməlidirlər. Əlbəttə əgər siz normaldan daha güclü birisinizsə, masanın da qranitdən olduğunu hesaba qatsaq... - bu sözləri yan tərəfdə oturan qızların eşitməsi üçün yüksək səslə deyirdim. Görünür məqsədimə çatmışdım, oğlan əlindəki ağrını unudub öz keçmiş idman təcrübələrindən danışmağa başlamış, həmçinin də yandakı qızların diqqətini çəkə bilmişdi. Qızlar sonda ona yaxınlaşıb viski üçün təşəkkür etmişdilər, söhbət etməyə başlamışdılar. Beləcə qırılmış qədəh məsələsi tamamilə unudulmuş, heç nəyin günahı üzərimə qalmamışdı. Unudulmayan şey isə o gün uydurduğum "lisenziyalı qədəh" hekayəsi idi. Əgər həmin gün elə bir şey düşünməsəydim ilk iş günlərimdə müştərinin şikayəti səbəbilə qovulacaqdım. Bəzən həqiqət olmayan hekayələr hər kəsin işinə yarayırdı. Mən uydurduğum qədəh hekayəsinə bir yalan deyə bilməzdim. Məni yaxşı tanıyırsan, Sitarə, yalan danışmağı sevən biri deyiləm, əsla olmamışam. Amma yeri gəldikdə də nə qədər hazırcavab və hər vəziyyətdən çıxa bilən biri olduğumu da bilirsən. Uydurduğum bu şeylər səbəbilə yalançı çoban olaraq anılmaqdan çəkinirəm. Məqsədim heç bir zaman yalan danışmaq olmamışdı. Sadəcə... Dərviş və yolçunun hekayəsini eşitmisən? Qədim zamanlarda bir dərviş heç vaxt yalan danışmamalı imiş. Günlərin bir günü dərvişlərdən biri çöllük bir yerdə bir daşın üstündə oturub dincəlirdi. Bu vaxt bir adam onun önündən qaçaraq keçir, adam daşın üstündə oturmuş dərvişi gördükdə ayaq saxlayıb yalvarmağa başlayır:

Sitarə və kağız durnaΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα