Naməlum yazıçının paranoyası.

3 1 0
                                    

Bir-birimizin simasına baxırdıq, qəribə səssizlik narahatedici hal almağa başlamışdı. Önümüzdəki isti yemək çoxdan soyumuşdu, ikimizin də iştahı kəsilmiş kimiydi. Yazıçı öz hekayəsinə yenidən yola çıxanda davam edəcəyini demişdi, Şəkidəki restoranların birində nahar üçün dayanmışdıq. Sanki həmin hekayə xaricində danışacaq başqa bir şeyimiz yox idi, ikimizdə aramızdakı uyğunsuzluğu hiss edirdik, bilməsək belə bu uyğunsuzluq nədən qaynaqlanır. Yazıçı doyduğunu bildirib çölə çıxıb siqaret çəkmək üçün icazə istədi. Mən onun hekayəsinin davamını dinləmək üçün səbrsizlənirdim, hələ də yazıçının davranışlarındakı qəribəliklər barədə qaranlıq qalan bir çox şey var idi. Mən də doyduğumu bildirdim, ikimiz də bir-iki tikədən artığını yeməmişdik. Hesabı ödəyib çölə çıxdıq, yol boyu oturmaqdan yorulmuşduq deyə qısa gəzinti etməyə qərar verdik. Fikirlərim iki ayrı mövzu arasında gedib gəldiyindən bəzən bir-birlərinə qarışırdılar, sən şirkət açmışdın ya bir gənc oğlan xaricə gedəcəkdi ya da buna bənzər şeylər. Nə düşündüyümü yenidən bilmək üçün yazıçının öz hekəyəsini sonlandırması mühüm idi. Bu hekayə mənə ağlasığmaz gəlirdi, illər boyunca dünyadan qopmuş şəkildə yaşasam belə ətrafımda bu qədər şey baş verərkən bir zərrə belə heç nədən xəbər tutmamağım qəribə görünürdü. Avroviziya kimi nüfuzlü bir musiqi yarışmasının ölkədə keçirilməsindən belə xəbərim olmamışdı. London taksiləri, yazıçının şirkətinin ölkədə tanınması, bütün bu danışılanlar başqa ölkədə, başqa şəhərdə yaşanıb bitmişdi elə bil. Kitabımın mövzusu olaraq seçdiyim hekayə ətrafımda cərəyan edərkən mən dərin bir yuxuda olmuşdum deyəsən. Bu barədə özümə əsəbləşməmişdim, belə olması daha yaxşı idi bəlkə, bütün bu hadisələrin mənim üçün bir hekayə olaraq qalması. Yazacağım kitabda bu hekayənin yerini artıq ayırmışdım, kitab zehnimin dərinliklərində özü-özünü tamamlamaq üzərəydi. Və bu hekayənin varlığı sayəsində kitabdan sənin barədə olan hissələri çıxarda biləcəkdim. Ətrafıma baxdım, parlayan durna yolun digər tərəfində bizi izləyirdi gəzintimizə davam edərkən, bizim tərəfə baxmasa belə gözlərini üzərimdə hiss edirdim. Onu görmək artıq məni təəccübləndirmirdi, hətta onu görməyəndə axtarmağa başlayırdım ətrafa boylanıb. Qəribə şəkildə hər qarşılaşdıqda bu parlaq durnanın ölçüsü kiçilirdi sanki. Hazırladığım kağız durnalar üçün darıxmışdım, yanından keçdiyim bütün kağızlar da məni çağırmağa davam edirdi. Ətrafda bir az gəzişdikdən sonra yazıçı ilə birlikdə avtomobilin yanına qayıtmışdıq. Yola və yolla birlikdə hekayəyə davam etmək vaxtı idi. Yazıçı artıq məndən gəlib gəlməyəcəyimi, onunla davam etmək istəyib istəmədiyimi soruşmamışdı belə, hər şey olduqca bariz idi. İkimizdə yerlərimizə keçdik, bir az yol getdikdən sonra qəribə susqunluğu yazıçı pozdu. O, başqa bir sözə ehtiyac duymadan hekayəsinə davam edirdi.

- Həmin günlərdə mənim şirkətimə sərf edən, digər taksi sürücülərinin isə çörəkpulunu əlindən alan məsələlər var idi ortada dediyim kimi. İlk başlarda bizim də sahib olduğumuz taksiləri saxlamağa, fəaliyyətlərinə mane olmağa çalışırdılar. Sürücülərə belə tapşırmışdıq ki, belə bir şey yaşanarsa öz müqavilələrini göstərib imtiyazlarını açıqlasınlar. Əlbəttə bizim sərbəstliyimiz diqqət çəkmişdi, xüsusilə də işləri əlindən alınmış digər sürücülərin diqqətini. Mənə zənglər gəlməyə başladı, köhnə tanışlardan biri idi ilk zəng edənlərdən biri, elə sürücü dostlarımdan idi. Qonaq gələcəyini bildirdi, özündən əlavə iki nəfər də olacaqdı yanında. Mövzunun nə olduğunun fərqinə dərhal varmışdım. Onları öz evimdə qəbul etdim, hər üçü mənə sanki hansısa vəzifəli şəxs imişəm kimi şikayətlər etməyə başladılar. Qonaqlarımın hər üçü taksi sürücüsü idi, Bakı küçələrində yaradılan süni çətinliklərdən, cərimələnməklərindən, işlərinin əllərindən alınmasından bir xeyli danışdılar. Sonda isə belə təklif etdilər ki, mən onları öz şirkətimdə sürücü olaraq işə götürüm. Əgər onları işə götürsəm bütün problemləri aradan qalxacaqdı şirkətimizin müqaviləsi sayəsində. Mən onları şirkətdə sürücü olaraq qeydiyyata alsam bu vasitə ilə nəinki lissenziyanın vaxtını uzatmaq, hətta lissenziya və digər xərclərdən azad olacaqdılar. Əlbəttə bu edəcəklərim qarşılığında mənə aylıq bir miqdar pul ödəməyi təklif etdilər. Mən bunu yeni bir fürsət olaraq görürdüm, həm şirkətimizin sürücü sayı artacaqdı, həm də mənim üçün əlavə gəlir qaynağı yaranacaqdı. Bütün bunları düşünəndə işlərin getdikcə yaxşılaşmağa doğru irəlilədiyini zənn edirdim. Gələn tanışımı və yanında gətirdiyi şəxsləri məmnuniyyətlə qeydiyyatdan keçirdim. Bu işə aldığım 3 sürücüdən biri bir neçə gün sonra yanında bir neçə sürücü daha gətirərək onları da eyni qayda da qeydiyyatdan keçirməyimi istədi. Tərəddüd etdim ilk başda amma heç bir şey olmaz hərhalda dedim. Yeni sürücülər gəlməyə davam etdi, xəbər artıq şəhərə yayılmışdı, şirkətimizin sahib olduğu müqavilə qanunlardan qaçmağın bir yolu kimi görünürdü artıq işsiz sürücülərə. Yüzlərlə şəxsi həmin dövrdə qeydiyyata aldım, qarşısını ala bilməyəcəyim bir nöqtəyə gəlib çatmışdı. Qeydiyyata almadığım, imtina etdiyim sürücülər məni təhdid edirdilər. Bəziləri gözümü qorxutmaq üçün bəzi kriminal şəxslərlə yanıma gəlirdilər. İşə götürdüyüm sürücülərin aylıq ödədiyi məbləğ sayəsində gəlir problemim həll olunmuşdu. Ancaq daha böyük, daha təhlükəli problemlər yaranmışdı beləliklə. Yeni sürücülər diqqətlə seçilmiş digər sürücülərin əksinə sərnişinlərə kitab oxumağı belə təklif etmirdilər, bu barədə şikayətlər gəlirdi. Bir neçə dəfə bunu əsas götürərək məni polis şöbəsinə dindirməyə çağırmışdılar. Dövlət səviyyəsində taksi fəaliyyəti nəzarətə götürülüb, qərarlar qəbul olunmuşdu. Sosial layihə kimi fəaliyyətə başlayan və böyük imtiyazlar tanınan şirkət bu qərarların icrasına çox böyük mənfi təsir göstərirdi. Bir sözlə, mən və yaratdığım şirkət bir təhdid halını almışdıq. Dövlət yol polisi və Bakı Nəqliyyat Agentliyi sürücülərə suallarla yaxınlaşdıqda müqaviləni göstərib verilən imtiyazlardan istifadə edirdilər. Artıq şirkətdən qeydiyyatdan keçməmiş şəxslər belə bu üsuldan istifadə edərək cərimələnməkdən xilas olmağa çalışırdılar. Şirkət maddi olaraq iflasdan qurtulmuşdu amma indi də başqa yönlərdən təhlükə altında idi. Xəbərlər eşidirdim, bizdən xilas olmaq üçün bir yol axtarırdılar. Başa düşmüşdüm ki, bu çox böyük problemdir və gec-tez həll etməyə çalışacaqlar. Şirkətin tək qanuni sahibi mən idim, yəni əgər mənə nəsə olsa bu şirkət də birdəfəlik qeyb olacaqdı. Şirkət ideyasını sıxıntılarımdan qurtula bilmək üçün kitabımdan götürmüşdüm. Kitabımda isə baş qəhrəman sonda naməlum səbəblərdən vəfat edirdi. Yazdıqlarımı yaşamışdım həyatımın bir qismində, sonluğun da eyni olacağından qorxurdum. Sanki özüm öz taleyimi qələmə almışdım. Bu düşüncələr məni gecələr yatmağa qoymurdu, hər daim qorxu altında yaşayırdım, başıma gələn hər şeydə məna axtarır, tanıdığım hər kəsdən şübhələnirdim. Bir tərəfdən sürücülərin təhdidləri, bir tərəfdən qanunlar qarşısındakı tək əngəl olmağım, üzərimdə çox təzyiq və çox diqqət var idi. Mən isə bu qədər təzyiqin altında öz adi, normal həyatıma davam edirdim. Qazanılan pullar şirkət üçün xərclənirdi və mənim yaşantım barədə çox böyük fərqlilik baş vermirdi. Yenə eyni kirayə evdə qalırdım, hazırda istifadə etdiyim bu maşını sürürdüm, bir cangüdənim yox idi, ətrafımda hər daim insanlar olmurdu. Belə davam edə bilməzdi, belə yaşaya bilməzdim. Bir səhər ağlıma həyatımın dəyişməsinə səbəb olan vəkil qadın gəldi. Əgər o qadınla heç qarşılaşmasam həyatımın hansı yöndə irəliyəcəyini hələ də düşünürəm. Onun sayəsində kitabları oxumağı, sonra da bir kitab yazmağı öyrəndim. Dərhal onun mənə verdiyi vizitkartı tapdım və araşdırmağa başladım. Bir müddət sonra öyrəndim ki, qadın evlənərək həyat yoldaşı ilə birlikdə Gürcüstana köçüb. Hazırda Gürcüstana getməyimin səbəbi də onunla görüşməkdir, ilk olaraq ona təşəkkür etmək istəyirəm, həyatımı dəyişdiyi üçün, sonra isə başıma gələnləri ona danışıb mənə hüquqi müstəvidə kömək etməyini istəyəcəm. Açığını desəm, qorxuram. Çox qorxuram. Gedəcəyim yerə çata bilməyəcəyimdən qorxuram.

Yazıçı öz həyat hekayəsini danışıb bitirdikdə rəngi tamam solmuşdu, titrəməsi artmışdı və gözləri dolmuşdu. İndi hər şey mənə aydın olmuşdu. O, həqiqətən qorxurdu və özünü tənha hiss edirdi. Onu sakitləşdirmək üçün nə deməli olduğumu isə bilmirdim.

Sitarə və kağız durnaWhere stories live. Discover now