Naməlum yazıçının şirkəti.

3 1 0
                                    

- ...Kitabı yazıb bitirmişdim beləcə, hekayə ürəyimcə olmuşdu. Bir neçə ay çəkmişdi amma yorulmamışdım, hətta olduqca zövq almışdım deyə bilərəm. Düzdür, bəzən kitabı yenidən oxuduqda fərqli yazmaq istədiyim hissələr tapırdım amma heç nəyə toxunmaq fikrim yox idi. İndi qarşıda məni daha mühüm bir mərhələ gözləyirdi, kitabın nəşr edilməsi və satılması. Mən bu kitabı dünyada bir iz qoya bilmək üçün yazmışdım, hər kəsə ən adi bir insanın belə dünyada dəyişiklik yaratmağa qadir olduğunu göstərmək istəyirdim. Bunun üçün kitabım böyük kütlələrə çatmalı idi, sadəcə bir hekayə yazıb sonra oturub dünyanın dəyişməsini gözləyə bilməzdim. Amma yazdığım hekayədən başımı qaldırıb reallığa nəzər saldıqda vəziyyətin heç də ürəkaçan olmadığını gördüm. Başım kitaba qarışdığı üçün uzun müddət idi işə çıxmırdım. Əlimdə qalan azuqə və pulla yaşamağa çalışırdım və o da bitmək üzərə idi. Bu vəziyyətdə kitab nəşri üçün pulu hardan tapacaqdım, heç bilmirdim. Çap üçün vəsait axtarışına çıxdım, tanışlarıma, bir neçə qohumuma zəng edib borc istədim amma axtarışlarım nəticəsiz qalmışdı. Kitabın nəşrini ertələmək istəmirdim, həm bir yandan yaşlandığımı hiss edirdim, həm də ertələnən şeylər adətən heç vaxt reallaşmırdı. Mütləq bir həll yolu tapmalıydım. Ətrafımdan, digər insanlardan ümidimi kəsib öz sahib olduqlarıma nəzər salmağa başladım. Nəhayət çox çətin bir qərar verməli oldum, atamdan yadigar qalan və sürücülüklə məşğul olduğum həmin avtomobili satdım və dərhal pulun bir qismi ilə kitabı çap etdirdim. Qalan pulu isə kitabın reklamı üçün xərclədim. Vaxt keçirdi, 3 gün oldu, 1 həftə oldu, 1 ay keçdi, yenə də kitabım istədiyim uğuru qazana bilmədi. Demək olar ki, satılmamışdı və eləcə əlimdə qalmışdı. Gözlədiyim bu deyildi əlbəttə, xəyal etdiyim bu deyildi. Planım belə idi ki, kitabın satışından əldə etdiyim pulla özümü dolandırım, çünki taksi sürücülüyündən başqa bir iş gəlmirdi əlimdən. Kitablar satılmadıqda isə çox çarəsiz bir vəziyyətdə qalmışdım. Oturub düşünməyə başladım, bəlkə də yanlış qərar vermişdim. Özümü söyürdüm, nəyimə lazım idi kitab yazmaq deyirdim, axmaqlığıma inana bilmirdim. Sonra sakitləşib keçmiş düşüncələrimi xatırlayırdım. Ən sonda öz kitabımı yenidən oxumağa başlamışdım, oxuduqca kitabımda gənc oğlanın da bəzən mənim kimi hallara düşdüyünü görürdüm. Axtardığım həll yolunun yazdığım kitabda olduğunu gec anlamışdım, eynilə oğlan da öz sıxıntısından bu cür qurtulmuşdu. Mən kitab yazarkən kitabın real görünməsinə çox diqqət edən biriyəm, demək olar ki, hər xırdalığın reallığa uyğun olmasını istəyirəm. Bu səbəbdən kitabda gənc oğlan öz şirkətini yaratdıqda mən həmin şirkətin realda necə yaradılacağı barədə hər şeyi araşdırmışdım. Hüquqşünaslarla görüşməli idin, mühasiblərlə görüşməli idin, bir çox adam tapmalıydın özünə. Bundan əlavə lizinq şərtləri, maşın istehsalçıları kimi xırdalıqları da araşdırıb kitabımda qeyd etmişdim. Həmin hissələri yazarkən həddindən artıq xırdalıq verərək oxuyucunu yoracağımdan qorxmuşdum əslində amma sonra o hissələrin elə öz dadıma çatacağını ağlıma belə gətirə bilməzdim. Kitabda oğlan "Khazar LX" markalı maşınları almışdı öz şirkəti üçün, ilkin ödəniş olaraq 3600 manat ödəmişdi və 36 ay ərzində də hər ay 426 manat ödəyəcəkdi. Bəli, bu hissələri də araşdırmışdım və həmin maşın markası və həmin ödəniş şərtləri tamamilə reallığa uyğun idi. 20 avtomobil əldə etmişdi oğlan və ayda 10000 manat pul ödəyəcəkdi. Yeni məqsədim bu idi, kitabda yazdığım həmin şirkəti yaratmaq. Bunu etməyimin səbəbi bir biznesmen olmağa çalışmağım deyildi, əgər bu şirkəti yaratsam kitabım daha real görünəcəkdi və beləliklə ehtimal var idi ki, oxunmağa başlayacaqdı. Amma əlbəttə yenə ciblərim boş idi, bu səfərki xəyalım üçün çox daha böyük məbləğ lazım olacaqdı. Yenə öz sahib olduqlarımı incələdim, əlimdə atamdan yadigar qalan, ata yurdum sayılan 4 otaqlı ev qalmışdı bir tək. Risk edib evi satdım həqiqətən, indi düşünəndə nə qədər cəsur addım atdığımı görürəm. Və artıq şirkət yaratmaq üçün qollarımı çirmələdim, bütün etməli olduğum şeylər yaddaşımda idi. İlk öncə şirkət yaradılmalı, hüquqi ünvan təyin edilməli idi. Sonra bir mühasib işə götürməli və onunla birlikdə avtosalonla müqavilələr hazırlamalıydıq. 20 ədəd "Khazar LX" markalı maşının ilkin ödənişi 72000 manat, aylıq ödəniş isə cəmi 8250 manat edir, bunlar çox sərfəli şərtlər idi. Bu maşınlar sinfinin ən dözümlüləri idi və taksi fəaliyyəti üçün yararlı idilər, onları seçməyimin səbəbi bu idi. Bundan sonra eyni hekayədəki qəhrəmanımın etdiyi kimi şirkəti sosial lahiyə olaraq qeydiyyatdan keçirdiyim üçün bəzi vergilərdən və lissenziya xərclərindən xilas oldum. Mühasiblə birlikdə hesab-kitab apardıqda belə məlum oldu ki, şirkət ilk 36 ay boyunca heç bir gəlir əldə edə bilməyəcək. Qazanılan pulla ancaq işçilərin əmək haqqlarını, yanacaq və baxım xərclərini, ofis xərclərini və digər xərcləri ödəyə biləcəyik. Bu bir o qədər vecimə olmamışdı, əgər kitabım oxunacaqdısa və həm də əgər digər insanlar kitab oxumağa başlayacaqdısa mən məqsədimə çatmış olacaqdım. Beləliklə hər şey hazır olduqdan sonra şirkət fəaliyyətə başladı. Evin satışından qalan 50000 manat pulu banka qoymuşdum hər ehtimala qarşı, ilk aylarda yaranacaq problemləri həll edə bilmək üçün. Planlaşdırıldığı kimi, şirkətə işə götürdüyüm sürücülər sərnişinlərə öz yazmış olduğum kitabı təklif edirdilər oxumaq üçün, gediş haqqının yarısını ödəmək qarşılığında. İlk 5 ayda bir çox çətinliklərlə qarşılaşdım, belə ki, hər ehtimala qarşı saxladığım pul tez zamanda tükənmişdi. Hər şey öz axarında getmirdi, sürücülərin yığdığı aylıq pulu onlardan ala bilmirdik, bəzi sürücülər qəza törədirdilər, bəziləri iddia edirdilər ki, sərnişinlər kitabı oxuduqdan sonra ümumiyyətlə ödəniş etmirlər. Bunların hər biri təxmin edilən problemlər olsa da məni həddindən artıq stressə salan şeylər idi. Şirkət qıraqdan baxıldıqda olduqca uğurlu görünürdü, maraq cəlb etmişdi, halbuki daxildən günü-gündən iflasa doğru getdiyimizi görə bilirdim. Özümə gəldikdə isə, tək gəlir yerim kitablarımın satışından qazanılan pul idi. Ayı 150 manata daxmaya bənzər bir otaqlı evdə kirayə qalırdım. Hər gün çıxan problemlər səbəbilə iştahım da kəsilmişdi tamam. Amma bir yandan da baxanda məqsədimə çatmışdım, çünki kitablarımın satışında xeyli artım olmuşdu. Sərnişinlər yolda bir qismini oxuduqları kitabın davamını oxuya bilmək üçün kitabı tapıb alırdılar. Bir müddət sonra məşhur birinə çevrilməyə başlamışdım hətta, yazıçı və biznesmen olaraq. Radiodan, televiziyadan gəlib müsahibələr götürürdülər, bütün bu yaşadıqlarım mənə yuxu kimi gəlirdi. Bu həngamənin ortasında məni televiziyada görən köhnə tanışlar, ən uzaq qohumlar belə zəng eləməyə, arayıb axtarmağa başlamışdılar. Hərhalda milyoner olaraq görürdülər məni, adı hər yerdə çəkilən bir kitab yazmışdım, ölkədə gündəm olmuş bir şirkət qurmuşdum amma reallıq tamam başqa cür idi. Rayondan bir neçəsi şəhərə qonaq gəlmişdilər, dediklərimə inanmadıqları bəlli idi. Buna görə öz vəziyyətimi onlara göstərmək üçün ziyarətçilərimi kirayə qaldığım evə apardım, niyə pərişan oldular başa düşə bilmirdim, halbuki əlimdən gələn qədər qonaqpərvər davranmağa çalışmışdım. Səfilliyimin xəbəri bütün tanış və qohumların qulağına gedib çatdıqda zənglər də səngiməyə başlamışdı, dinclik tapa bilmişdim axır ki. Amma sən demə hələ məni gözləyən problemlər qabaqda imiş. Avroviziya keçirilən dövrlər idi, şəhər turistlərin gəlişinə hazırlaşırdı. Xaricdən camaatın "badımcan" taksi deyə adlandırdığı London taksiləri gətirilmişdi və sadəcə onların fəaliyyətinə icazə verilirdi. Adi taksi sürücülərinə çətinliklər yaradılırdı, lissenziyaları uzadılmır, texniki baxışdan keçmələrinə icazə verilmir, tez-tez qanunsuz taksi fəaliyyətinə görə cərimələnirdilər. Mənim şirkətimin sahib olduğu taksilər isə sosial lahiyə olaraq qeydiyyatdan keçdiyi üçün dövlət onlara müdaxilə edə bilmirdi. Həmçinin lahiyədə maddi gəlir güdülmədiyi üçün müqaviləmizə belə bir bənd də əlavə edilmişdi ki, 20 il ərzində ölkədə nə baş verirsə versin şirkətə toxunulmayacaq, bu hissəni də kitabımdan götürmüşdüm...

Sitarə və kağız durnaOnde as histórias ganham vida. Descobre agora