Naməlum yazıçının kitabı.

2 1 0
                                    

Yazıçının paranoyası sakitləşdikdən sonra nəhayət biz yenidən yola davam edə bilmişdik. Sürətimiz hələ də eyni idi, əgər yazıçı öz hekayəsini nəql etməsəydi bu yolda sıxıntıdan ölə bilərdim. Yazıçı bir müddət idi susmuşdu, siqaretini çəkib fikrini toplamağa çalışırdı. O, fikrini toplamağa çalışdıqca mənim fikrim dağılırdı. Mən hekayənin ardını dinləmək üçün səbrsizlənirdim, həyatım boyunca bir tək kağız durna hazırlamağa çalışdıqda bir şeyə bu qədər fokuslanmağı bacarmışdım. Hekayənin ardını gözləyərkən pəncərədən çölə baxırdım, avtovağzalda gördüyüm həmin ağ, parlaq lələkləri olan durna mənim izimə düşmüşdü, bəzən yol qırağına qonur, bəzən yüksəkdən uçaraq maşının ardınca gəlirdi. Fikrimi cəmləməyimə mane olurdu. Yox! Axır ki, axtardığım həmin hekayəni tapa bilmişdim. İndi səni düşünməyin vaxtı deyildi, Sitarə.

Yazıçı siqaretini bitirib mənə tərəf baxdı. Deyəsən davam etməyə hazır idi.

- Harda qalmışdım... Bir kitab yazmağa hazır olduğumu bir müddət sonra hiss etmişdim, bu hiss sanki hekayələrlə dolu bir beynin artıq öz hekayələrini yarada bilmə potensialına sahib olduğunu bildirməsi idi. Kitabımın hekayəsi üzərində xeyli vaxt baş yordum, nəticədə hələ də ortaya tam bir hekayə çıxmasa da ən azından əvvəlkinə baxanda bir irəliləyiş vardı, ən azından artıq ideya sahibiydim. Əgər yazmağa başlasam hekayənin ardının özünün şəkillənəcəyini hiss edə bilirdim. Üstəlik personajlara ad seçmək kimi bir məsələylə öz vaxtımı xərcləməmişdim. Bunu prinsip üçün edirdim, o qədər vaxtımı baş qəhrəmana ad axtararaq keçirdiyim üçün artıq özümə adlara ehtiyac olmadan da bir roman yazmağın mümkün olduğunu sübut etmək istəyirdim. Bir də ki, onsuz adlarla əzəldən aram yaxşı olmayıb. Göz yaddaşım çox yaxşıdır, gördüyüm hər şey dəqiqliyi ilə yadımda qalır amma adları, xüsusilə insan adlarını heç yadda saxlaya bilmirəm. Məsələn bütün sinif yoldaşlarımın üzü hələ də ən xırda incəliklərinə qəddər yaddaşımdadır, adlarınsa soruşsan deyə bilmərəm. Oxuduğum romanlarda da həmçinin, yazıçıların adlarını yenə bəzən xatırlaya bilirəm, kitabdakı qəhrəmanların adı isə ümumiyyətlə yadımda qalmır. Bernard Şlinkin Qiraətçi əsərini oxuduğumu və həmin əsəri çox bəyəndiyimi, həm də ondan çox təsirləndiyimi xatırlayıram, kitabdakı qəhrəmanların adlarını isə xatırlamıram. Bir sözlə, həm bu səbəbdən, həm də bayaq dediyim kimi prinsipə öz romanımda ad qeyd etməməyə qərar vermişdim. Yəqin ki, artıq kitabın hekayəsi qisminə keçməyimi istəyərsiniz. Baxışlarınızdan böyük ehtimal kitabın mövzusunun nə olduğunu maraqla gözlədiyinizi sanıram. Bir yazıçı üçün öz kitabının hekayəsini sözlə anlatmaq qədər çətin şey yoxdur hərhalda. Yenə də ümidvaram sizə düzgün şəkildə çatdıra bilərəm hekayəni. Deməli... Baş qəhrəmanımız gənc oğlandır, həyatının keçən dövrlərində bir baltaya sap ola bilmədiyindən ailəsi tərəfindən sıxışdırılır, danlanır. Halbuki bu oğlan olduqca mədəni bir həyat tərzi sürməkdədir, heç bir qeyri-qanuni işlə məşğul deyil, avaralanmaqla gün keçirmir, içkisi yox, siqareti yox. Sadəcə olaraq ailəsinin tələbləri olduqca yüksəkdir və o, standartları qarşılaya bilmir. Hekayənin keçdiyi dövrdə gənc oğlan ali təhsilini də başa vurub, hərbi xidmətə gedib qayıdıb, indi isə magistraturaya hazırlaşır. İkinci baş qəhrəmanımız isə orta yaşlarda bir qadındır, tanınmış bir iş adamının  gənc yaşda dul qalmış keçmiş gəlinidir. Bu qadının özünə aid biznesi var, olduqca imkanlı biridir, həm də eyni zamanda universitetlərin birində ekologiya fənni üzrə müəllimlik edir. İki övladı var, oğlu Rusiyada yaşayır, ailəlidir, ixtisasca diş həkimidir. Qızı isə Cenevrədə magistratura pilləsində təhsil alır. Bu qadın yaşının çox olmasına baxmayaraq olduqca cazibədar biridir. Bu iki qəhrəmanın tanışlığı magistratura imtahanının ikinci mərhələsi zaman baş tutur, oğlan qadını görüb bəyənir, həmçinin qadının diqqətini cəlb edir. Onların arasındakı münasibət hadisələr irəlilədikcə romantik bir hal alır və qısa bir müddət sonra ailə qurma qərarı alırlar. Bu qərarı oğlanın ailəsi heç də xoş qarşılamır əlbəttə və oğlandan üz döndərirlər. Onların problemi qadının oğlana nisbətdə çox yaşlı olması, qadının işgüzar, varlı biri olması, övlad, hətta nəvə sahibi olmasıdır. Oğlan ilk öncələr bunu ailəsinə qəbullandırmağa çalışsa da sonda cəhdlərinin boşuna olduğunu anlayır. O, bütün ətrafının və öz ailəsinin belə davranması ilə razılaşmalı olur, sonralar isə bundan bezərək qadınla birlikdə Rusiyaya, qadının oğlunun evinə köçür. Onu orda da bir o qədər xoş qarşılamırlar, qadının oğluna görə oğlan sadəcə qadının sərvətini ələ keçirmək istəyən avaranın biridir. Onlar bütün bu təzyiqlərdən sonra həmin evdən də köçməli olurlar, qadın da eyni oğlan kimi bütün ailəsindən, övladlarından və heç vaxt ailə qurmayan və ona uşaqlıqdan bəri himayəlik etmiş xalasından başqa hər kəsdən üz döndərir. Onlar yeni evlərində yeni həyatlarını yaşamağa başlayırlar, günlərinin çoxunu kitab oxumaqla keçirirlər. Bu qadın tam bir kitab aşiqi olub həyatı boyunca, hər zaman yanında kitablar daşıyan, mütaliə etməyi həyatının ayrılmaz bir parçası olaraq görən biridir. Və hər zaman öz həyat yoldaşı olan gənc oğlana bu barədə şikayətlər edir, heç kimin kitab oxumadığı barədə deyinir, kitabların yararsız istifadəsini görəndə isə əsəbləşir. Kitabı sadəcə olaraq bir kağız parçası olaraq görürlər insanlar onun düşüncəsinə görə, heç kim onların həqiqi dəyərini anlamır. Əlində olsa dünyanı nəhəng bir kitabxanaya çevirər o. Bu dünyadan bütün yaxşı əsərləri oxumadan ayrılmaq istəmir. Təəssüf ki, qarşıdan gələn bir bəd xəbər onu istəkləri barədə yenidən düşünməyə vadar edəcəkdi. Hekayənin irəlidəki qismlərində gənc oğlan və qadın qadının hamilə ola biləcəyi ehtimalı ilə həkimə gedirlər. Amma belə bəlli olur ki, qadın hamilə deyilmiş, onun uşaqlıq ağzında bədxassəli şiş tapılır və xərçəngə tutulduğu məlum olur. Həkimlərin dediyinə görəysə şiş həddindən artıq irəliləyib, yəni son əvvəldən bəllidir. Qadının anası da bu xəstəliyin gizli irəliləməsi nəticəsində çox gənc yaşında həyatını itirib. Qadın xəstəlikdən xəbər tutduqda övladları da daxil, heç bir tanışına bu barədə xəbər vermir. Gənc oğlan xəstəlik xəbərini olduqca faciəvi şəkildə qarşılayır, qadın isə daha təcrübəli, daha yetişkin olduğu üçün soyuqqanlılığını qoruya bilir. Onun bu dünyanı tərk etmə barədə ən böyük narahatlığı oxumaq istədiyi yüzlərlə, minlərlə kitabı oxumağa vaxtının qalmaması düşüncəsidir. Ona görə də ən çox oxumaq istədiyi kitablardan ibarət bir siyahı hazırlayır. İlk başlarda həmin kitabları özü oxusa da xəstəlik ağırlaşdıqca taqətdən düşür və əri həmin kitabları onun üçün oxumağa başlayır. O, öz ölüm yatağında belə insanların kitablara rəftarı barədə şikayətlənməyə davam edir. "Gənclər kitablara qarşı biganə yanaşırlar. Onların ömrü uzun olsa da oxumağa qarşı həvəssizdirlər, mənim isə həvəsim var, ömrüm qısadır." Bu sözlər qadının hələ taqəti yerindəykən dilə gətirdiyi son sözlər olur. Əri ona kitab oxuyarkən qadın gözlərini yumur və bir daha açmır. Beləliklə qadın ölür və gənc oğlan tənha qalır...

Yazıçı birdən yenə hekayəsini dayandırıb ətrafa boylandı.

- Eşidirsiniz?

- Yenə xırıltı?

- Yox, bu səfər sanki kiməsə zəng gəlir.

Onun danışdığı hekayəyə o qədər fokuslanmışdım ki, ətrafdakı səsləri eşidə bilmirdim. Amma bu səfər dinlədikdə həqiqətən həmin səsi mən də eşitmişdim, üstəlik o səs mənim cibimdən gəlirdi.

- Üzr istəyirəm. - deyib telefonumu çıxardım, onun cibimdə olduğunu belə unutmuşdum. Bütün səsləri, bütün bildirişləri bağlanmışdım, sadəcə bir ehtimal vardı zəng səsinin eşidilməsi üçün, bu ola bilərmiydi? Həqiqətən də zəng edən sən idin, mənim əbədi istisnam. Sənin adın yazılmışdı ekrana, zəngi qəbul etsəm sənin səsini eşidəcəkdim. Axtardığım hekayəni yenicə tapmışkən yenidən özünü diqqət mərkəzi edərək mənə haqsızlıq edirdin.

- Alo. Sitarə? Sənsən?

- Hərhalda. Kitabı yazıb bitirdin?

- Salam.

- Salam. Kitabı yazıb bitirdin?

- Hələ yox, özüm xəbər edəcəm dedim axı.

- Əgər kitabı nəşr etdirmək istəyirsənsə 3 şərtim var.

- Hələ kitabı oxumamısan heç, indidən nə şərti?

- 3 şərt elə də çox deyil. Əgər razı deyilsənsə indidən kitabı cırıb ata bilərsən.

- Hmm... Sən de, mən razı olmağa çalışaram.

Şərtlərini bir-bir saydın, yazıçı söhbətimizi fürsət bilib bir siqaret yandırdı.

- Onsuz da sənin barədə hissələri kitabdan çıxarsaq kitab heç 150 səhifə etməyəcək. İlk iki şərtini yerinə yetirərəm, üçüncünə isə söz vermirəm.

Həmişəki kimi soyuq, laqeyd, vecsiz idin, Sitarə. Hələ yazılmamış kitabımın qarşısına şərtlər qoyurdun. Kefim pozulmuş, həvəsim qaçmışdı. Yenidən yazıçının danışdığı hekayəyə fokuslanmasam öz zehnimdə həbs olub qala bilərdim. Ona görə söhbətimizi bitirən kimi dərhal yazıçıya səsləndim:

- Müəllim, buyurun, davam edin!

Sitarə və kağız durnaWhere stories live. Discover now