Gənc oğlanın ideyası.

2 1 0
                                    

Telefonu səssiz rejimdən çıxarıb cibimə qoymuşdum yenidən. Kefim pozulmuş, həvəsim qaçmışdı, tapdığım hekayəyə qarşı yaranmış bütün diqqətimi dağıtmışdın. Hələ yazılmamış kitabımın qarşısına şərtlər qoymuşdun, həmin kitabın hekayəsi belə formalaşmamışdı. Əlbəttə sən olacaqdın yazacağım kitabda, hətta böyük bir qismi səndən ibarət olmalıydı. Artıq beynimdə qeyri-müəyyən bir xəritə yaranmışdı yazacaqlarım barədə. Sən isə həmin xəritəylə oynamağa başlamışdın, eyni hisslərimlə oynadığın kimi. Kitabda sənin barədə məlumatların minimum dərəcədə olmasını istəyirdin ilk şərtində, adını çəkməsəm daha yaxşı olacağını deyirdin, görünüşün barədə qətiyyən məlumat verə bilməzdim, halbuki mən səni bütövlüklə təsvir etmək üçün necə də həyəcanlanmışdım. Yenə də haqlı olduğun tərəfləri də anlayırdım. Bu düşüncənin ağlına hardan düşdüyü maraqlı gəlirdi sadəcə. Mənim barəmdə düşünürdün deməli, yazacağım kitab barədə xeyli baş yormuşdun ki, belə şeylər gəlmişdi ağlına. Bunun müsbət bir şey olduğuna ümid edirdim. İkinci şərtində isə kitabın 150 səhifədən artıq olmamasını istəyirdin. Sənlə bağlı yazmaq istədiyim bir çox şeyi yazmayacaqdımsa kitabın 150 səhifə olmasını planlaşdıra bilməzdim. Beynimdəki hekayədən səni çıxdıqda geriyə qalan bir tək naməlum yazıçının hələ danışmağı tamamlamadığı bu hekayə qalırdı. Şərtlərinlə razılaşmağa qərar verməmişdim əlbəttə dərhal, bu barədə düşünəcəkdim vaxt tapdıqda, düşünüb elə qərar verəcəkdim. Üçüncü şərtinə gəldikdəysə...

- Müəllim, buyurun, davam edin!

- Bura qədər dediklərimin hər biri yadındadır? - yazıçının alnında tər damlaları yaranmağa başlamışdı. O öz sualını xüsusi bir vurğuyla demişdi, sanki heç bir xırdalığı qaçırmamağım onun üçün həddindən artıq mühüm idi.

- Bəli. - səsim dərsi dinləyən şagird səsi kimi çıxmışdı.

- Elədirsə qaldığımız yerdən davam edək. Qarışdırmayasan deyə deyirəm, indi anladacaqlarım yazdığım kitabın hekayəsidir və reallıqla heç bir əlaqəsi yoxdur, hamısı təxəyyülümün məhsuludur. Qadın dünyasını dəyişdikdən sonra gənc oğlan həyatında tamamilə tənha qalır. Bütün ailəsi ilə əlaqəni kəsib, bütün tanışlarından uzaq düşüb və ona ailə olan tək insanı da xəstəlik səbəbilə itirib. Əlbəttə belə hal qarşısında güclü qalmaq çətindir, gənc oğlan yasa batır və bir aydan çox heç nə edə bilmir. Həmin bu dövrdə kədərin 5 mərhələsini də keçirən oğlan sonunda qadının ölümünü qəbullanmağı bacarır. Qadından ona qalan bir miqdar mirası xərcləməyə başlayır, yaşadığı itkini yenidən xatırlamasın deyə eyş-işrətlə məşğul olur, içkiyə qurşanır, özünü əlindən gələn qədər reallıqdan uzaqlaşdırmağa çalışır. Bir neçə ay belə yaşadıqdan sonra içində dərin bir sıxıntı hiss etməyə başlayır, bu sıxıntı onun ilk zamanlarda yaşadığı kədərdən belə betər olur. İçkiləri günahkar bilir və onları tərgitməyə çalışır, yenə də sıxıntıdan qurtula bilmir. Həkimə müraciət etsə də fiziki olaraq sağlam olduğu məlum olur. Bu fiziki ağrıdan qat-qat betər sıxıntının tamamilə beynində olduğunu başa düşdükdə psixoterapevtə müraciət etməyə qərar verir. Təxmin etdiyi kimi problemi psixoloji olur, bu səbəbdən psixoloq yanına yönləndirilir. O, bütün başına gələnləri, qadınla tanış olma hekayəsini, ailəsi tərəfindən uzaqlaşdırılmasını, qadının əhatəsinin də ona nifrət etməsini, onların bir yerdə hər kəsdən uzaq yaşamağını, ata olma ehtimalının sevinci ilə xəstəxanaya gedib xərçəng xəbərinin şoku ilə evə qayıtmasını, həyat yoldaşının xəstə günlərində onun qayğısına qalmasını və ən sonda da qadının vəfatını psixoloqa bir neçə seans ərzində danışır. Psixoloq da onun yaşlarında, cavan bir oğlandır. Onlar çox keçmir ki, dostlaşırlar. Psixoloq onun problemlərini dinlədikdən sonra belə qənaətə gəlir ki, oğlan öz həyat yoldaşı qarşısında özünü borclu sayır. Nə də olsa xanımından ona bir miqdar miras qalıb və oğlan hələ də öz həyatına həmin miras sayəsində davam edir. Rahat bir evdə yaşayır, istədiyi qədər pul xərcləyə bilir, maddi cəhətdən heç korluq çəkmir bir sözlə. Amma bütün bunların qarşılığında həyat yoldaşı üçün heç nə edə bilməyib, üstəlik artıq qadın bu dünyada olmadığı üçün öz borcunu ödəmək mümkünsüzdü. Psixoloq bir az düşündükdən sonra ona belə məsləhət verir:

- Nəzərə alsaq ki, qadın oxumağı sevən biriydi, kitablara, ədəbiyyata vurğun idi və də həmişə gənclərin kitab oxumaması, ədəbiyyata laqeydliyi barədə gileylənirdi, sən onun xatirəsinə gənc yazıçılara dəstək ola bilərsən, insanları kitab oxumağa təşviq edə bilərsən, bəlkə bu içindəki sıxıntının dinməsinə kömək olar, həm də əminəm ki, həyat yoldaşının da ruhu şad olar bu hərəkətinlə.

Psixoloqun bu təklifi oğlana olduqca məntiqli gəlir. Bu mövzu barədə bir qədər pul xərclədikdən sonra bütün cəhdlərinin əbəs yerə olduğunu başa düşür, qadının insanlar haqqında haqlı yerə gileyləndiyini görür. Boş yerə pul xərcləməsinə və içindəki bu sıxıntıdan bir zərrə belə olsun qurtula bilməməsinə görə vəziyyəti daha da pisləşir. Psixologiyası ilə birlikdə maddi vəziyyəti barədə də olduqca narahatlıq keçirir. Heç bir gəlir yeri olmadığından pulu barədə xəsis birinə çevrilir, artıq heç nə barədə bədxərclik etmir. Sürücünü və təmizlikçi qadını işdən çıxarır, xərcləri azaltmağın başqa yollarını axtarır. Həmin bu dövr ərzində bir tək qadının xalası ilə ünsiyyət saxlayır. Və bir dəfə də qadının məzarını ziyarət etdikdə qadının qızı ilə rastlaşır. Qız öz anasına çox bənzəyir, sanki qadının cavanlığıdır, onu görmək oğlanın kefini daha da pozur, yenə kədərlənməyə başlayır. Psixoloqla dost olaraq əlaqəsini qorusa da artıq seanslar üçün onun yanına getmir. Uzun müddət evə qapanıb çölə çıxmır, içindəki sıxıntıdan bu yolla da qurtula bilmədikdə yenidən insan arasına çıxmağa qərar verir. Avtomobilinə əyləşib şəhər gəzintisinə çıxmaq istədikdə bir xırıltı eşitdiyi üçün maşını servisə aparır. Orda ondan ən sadə yağdəyişmə prosesi üçün yüksək məbləğ istəyirlər. Oğlan buna əsəbləşir, cibləri pulla dolu olsa da, bəlkə də həyatının böyük bir qismində maddi sıxıntı çəkmədən yaşaya biləcək qədər mirasa malik olsa da gəlir yeri olmadığı üçün hər dəfə pul xərcləmək onu olduqca narahat edir. İstənilən məbləği ödəmir və maşını orada tərk edərək uzaqlaşır. Bir az içdikdən sonra taksi çağıraraq evə qayıdır, taksidən enib ödənişi etmək üçün pulqabısını çıxarmaq istədikdə cibindən bir kağız parçası düşür. Bu kağız parçasını o hər zaman özü ilə hər yerə aparırdı. Həmin kağız parçasında qadının oxumaq istəyib amma oxumaq üçün ömrünün yetmədiyi kitabların adı yazılıb. O, kağız parçasının taksiyə düşdüyünün fərqinə evin qapısına çatdıqda varır. Dərhal hələ çox da uzaqlaşmayan taksinin ardınca düşür, dəyərli əşyasını itirmiş kimi sürücünü maşını saxlamağa məcbur edir. Siyahını axtarıb arxa oturacaqda tapdıqda rahatlayır. Siyahını kədər dolu təbəssümlə incələyir, bütün bu kitablar barədə onların arasında olan söhbətləri xatırlayır. Başını qaldırıb uzaqlaşan taksiyə baxdıqda ağlına bir ideya gəlir. Bu ideya onun həm gəlir barədə narahatlığını aradan qaldıracaq, həm də bəlkə içindəki sıxıntıdan xilas olmasına kömək olacaqdı. Bir şirkət qurmağı planlayırdı, bir taksi şirkəti. Amma bu taksi şirkəti digər şirkətlərdən daha fərqli olacaqdı. Bu şirkətdə sürücülər kitab oxumaq qarşılığında sərnişinləri ünvana yarı qiymətinə çatdıracaqdılar. Əlbəttə əgər sərnişin razı olacaqdısa tək etməsi gərəkən gedəcəyi yerə qədər kitab oxumasıdı. Oğlan bu bir anda ağlına gələn parlaq ideyanın ardınca düşür. Aylar çəksə də lazımi insanları tapır, lazımi müqavilələri bağlayır və şirkəti yaradır. 20 avtomobil kirayələyib aylıq 10000 manat ödəmək öhdəliyini öz üzərinə götürərək şirkətin fəaliyyətinə start verir. Şirkəti sosial lahiyə olaraq qeydiyyatdan keçirdiyi üçün bir sıra vergilərdən azad olur, bunun kimi bir çox ağıllı fikirlə şirkətini inkişaf etdirə bilir. Hətta hakimiyyət dəyişikliyi, qiymətlərdə ola biləcək dəyişikliklər kimi nüansları da nəzərə alaraq müqaviləyə belə bir müddəa da əlavə etdirir ki, 20 il ərzində ölkədə nə kimi dəyişiklik olursa olsun onun şirkəti maddi gəlir güdmədiyi və məqsədləri sadəcə insanları kitab oxumağa təşviq etmək olduğu üçün toxunulmaz olaraq qalacaq. Oğlanın şirkəti uğurlu olur. Bir o qədər gəlir əldə edə bilməsə də bu lahiyə olduqca maraq cəlb edir və bütün ölkədə danışılan bir məsələyə çevrilir. Televiziya, radio verilişləri oğlandan müsahibələr alıb onu diqqət mərkəzi edirlər. O, müsahibələrdə öz mərhum həyatı yoldaşı qarşısında borcunu ödəmək və insanlara oxumağı sevdirmək üçün belə bir addım atdığını dilə gətirir. İçindəki sıxıntıdan qurtulub hüzur tapsa belə, gəlir barədə artıq narahatlıq keçirməsə belə yeni psixoloji problemləri yaranmağa başlayır. Və kitabın son hissəsində gənc oğlan naməlum səbəblərdən həyatını itirir, dünyada xırda da olsa bir dəyişikliyə nail olaraq. 

Sitarə və kağız durnaWhere stories live. Discover now