Tanışlıq.

3 2 0
                                    

Yenidən avtovağzaldakı kafeyə daxil oldum. Axtardığım kişi kafedəki masaların birində təkbaşına oturmuşdu, üzü digər tərəfə idi. Uzaqdan yaşının 50-dən çox olduğunu təxmin edə bilirdim, başının ortasındakı saçlar seyrəlməyə başlamışdı. Tərəddüddə idim, axşam vaxtı özünə yol yoldaşı axtaran birini tapmaq olduqca şanslı təsadüf idi. Düşünərək və uzaqdan incələyərək yeni yol yoldaşıma doğru yaxınlaşdım.

- Bağışlayın.

Kişi dik atılaraq geriyə çevrildi. Verdiyi reaksiya məni də qorxutmuşdu. İkimiz də bir neçə saniyə susub baxışdıq, qəribə bir başlanğıc idi.

- Bağışlayın, məqsədim sizi qorxutmaq deyildi. Bildiyimə görə, özünüzə yol yoldaşı axtarırsınız. Mən də Oğuza gedirəm, istəsəniz ora qədər sizə yoldaşlıq edə bilərəm.

Kişi bir neçə saniyə daha susub məni incələdi. Sonra bir şokdan ayılmış kimi özünü toplayıb cavab verdi.

- Oğuza qədər? Əslində mən Balakənə ya da ən azından Şəkiyə qədər gedəcək birini axtarırdım.

- Hə, eləmi? Elədirsə... - uzaqlaşmağa başladım.

- Dayanın, dayanın, onsuz da bundan sonra çətin başqa birini tapa bilim. - kişi ayağa qalxdı, yaxınlaşıb mənimlə görüşdü. - kobudluğuma görə üzrlü sayın, sadəcə bir az özümdə deyiləm. Keçib oturun, çay içək.

Onun təklifi ilə razılaşdım və masaya keçdim. Kişi armudu stəkana çay süzüb önümə qoydu.

- Oğuza gedirsiniz deməli. Heç nə olmaz, ordan sonra başqa birini taparam.

- Deyəsən yalnız yol getməyi sevmirsiniz.

- Hə, yol yoldaşı yaxşıdır. Söhbət etməyə adam olur, darıxmırsan. Əslində istəyirdim bu gecə Qəbələdə gecələyim amma burda da otellərin qiyməti od bahasına olduğundan yəqin gecəni Oğuzda keçirərəm.

Kişinin səs tonunda da, bədənində də səbəbini anlamadığım bir titrəmə vardı. Olduqca səliqəli geyinmişdi, taxdığı dairəvi eynək, danışıq üslubu və hərəkətlərindən bir ziyalı olduğunu düşünmüşdüm. Amma hələ də bu kişi haqda başa düşmədiyim nə isə vardı. Söhbətimiz qısa çəkdi, ayağa qalxıb yola davam etməyə qərar verdik. Kişi avtomobilini avtovağzalın çıxışında saxlamışdı, mənim üçün iki növ avtomobil vardı, ciplər və kiçik maşınlar, kişinin avtomobili isə bu ikisinin ortası idi. Maşına keçib ön oturacaqda əyləşdim. Və beləliklə yola davam edirdim. Mən də yol yoldaşım kimi və onunla eyni səbəbdən gecəni Oğuzda keçirəcəkdim. Oğuz yolu boyunca çox az şey yaşandı. Özünə həmsöhbət axtaran kişi sanki daş udmuş kimi idi. Bir neçə dəfə söhbət başlatmağa cəhd etsəm də kişi ötəri cavablar verirdi. Maşını xeyli yavaş sürürdü, arxadan gələn maşınlara yol verirdi, gözü ön güzgüdə olurdu daim, yol boyunca maşını 2 dəfə saxlayaraq o tərəf-bu tərəfini incələmişdi, səbəbini soruşduqda nəsə xırıltı səsi eşitdiyini demişdi.

- Motordan gəlir ya hardan bilmirəm amma nəsə xırıltı səsi var. Sən eşitmirsən ki?

Mən heç nə eşitmirdim. Yarım saatlıq yolu bir saata gedib çatacaqdıq və bu bir az ürəyimi sıxmağa başlamışdı. Kişinin rəngi dəyişir, bəzən xəstə biri kimi inildəyirdi. Halını soruşduqda isə sadəcə neçə gündü yata bilmədiyi üçün özünü bir az pis hiss etdiyini deyirdi, onun sözlərindən belə başa düşmüşdüm ki, özünə yol yoldaşı axtarmağının əsas səbəbi də elə sükan arxasında yuxulamasından qorxması idi.

Axır ki, Oğuza çata bilmişdik. Belə qərar verdik ki, ikimizdə eyni oteldə qalaq. Mən əslində kişiyə yolumuzun eyni olduğunu deyə bilərdim, sabah bu kişi ilə Şəkiyə qədər davam edə bilərdim. Amma həm Oğuzda bir az vaxt keçirmək istədiyim üçün, həm də bu kişinin qəribə adətlərindən narahatlıq keçirdiyim üçün bu barədə danışmadım.

Qaldığım otel otağı olduqca sadə idi. Yol yoldaşım isə daha geniş otaqlardan birində qalmağa qərar vermişdi, bundan onun maddi vəziyyətinin ortabab olduğunu anlamışdım. Gecə boyunca yenə yuxu tutmamışdı məni, yol yoldaşım özünə ayıq birini axtarsa da mən ondan betər yuxusuz idim. Saatlar keçdikcə fərqinə varırdım ki, bütün gecə boyunca bu kişinin hərəkətləri barədə düşünmüşəm. Dəqiqləşdirməyə çalışırdım, həqiqətən axtardığımı tapmışmıydım yoxsa yenə sadəcə zaman itirəcəkdim? Səhər açılmağa başladıqda günlə birlikdə içimə bir hiss doğmuşdu, ən azından şansımı sınayacaqdım.

Səhər tezdən yerimdən qalxdım, yad yataqlar məni qucaqlamağı bacarmırdılar. Kişi saat 8-də yola çıxacağını demişdi, ona görə vaxt itirmədən aşağı düşdüm. Artıq yol yoldaşım maşınının yanında idi, sərnişin axtaran taksi sürücüsü kimi ətrafa göz gəzdirirdi, böyük ehtimal öz yeni yol yoldaşını axtarırdı. Onu qorxutmadan necə yaxınlaşacağımı bilmirdim, yenə səsləndikdə dik atılmışdı.

- Müəllim, mən də yola davam etməyə qərar verdim. İstəsəniz sizinlə gələ bilərəm.

Kişinin gözləri parıldamışdı:

- Hara qədər?

- Bəlkə Şəkiyə, bəlkə Balakənə qədər. Hələ bilmirəm. Onsuz elə bir planım yoxdu, sadəcə səyahət edirəm.

Kişinin üzündəki sevinc bir anlıq yox oldu, yenə məni şübhəylə incələməyə başladı. Sanki zehninin içində mənim görmədiyim nələrsə baş verirdi. Sonda yenidən həmin mehriban siması geri qayıtmışdı. Təklifimlə razılaşdı və biz bir yerdə yola çıxdıq. Növbəti dayanacağımız Şəki idi, xeyli bir yol vardı, yol yoldaşımın sürətini də nəzərə alsaq hərhalda bir neçə saat yol gedəcəkdik. Əgər yenə dünən gecəki kimi səssizcə oturacaqdıqsa başımı qatmağa bir şey tapmalıydım. Məqsədim kişini danışdırmaq, onun həmin bu paranoyak əhval-ruhiyyəsinin altındakı hekayəni gün üzünə çıxarmaq idi. Halı haqqında suallar vermək işə yaramırdı, tapdığım hər fürsətdən istifadə etməliydim. 4-cü günün başlığını yazmaq üçün kitabçamı çıxardım. Bu günə də "Səyahətin 4-cü günü" kimi şablon bir ad vermək istəmirdim. Amma hələ gün yenicə başlamışdı, ağlımda heç nə yox idi. Əlimdəki qələmi, kitabçanı görən kişi maraqla gözucu mənə nəzər yetirdi.

- Nə yazırsınız?

- Şey... Əslində mənim səyahət etməyimin bir səbəbi var. Bir kitab yazmağa çalışıram. Özümə yazıçı deməyim düzgün olarmı bilmirəm amma ən azından yazıçı olmağa çalışıram. Deyəcəksiniz ki, kitab yazmaqla səyahət etməyin nə əlaqəsi var? Evdə oturub da yazmağa çalışmışam amma hərəkətdə olmadıqca beynim işləmir sanki. Həyatımda gözləmədiyim nələrsə baş verməlidi, hansısa çıxılmaz problemlərin qarşısında qalmalıyam ki, beynim yeni fikirlər yarada bilsin. Başa sala bilirəm ümidvaram.

Kişi bu sözlərimə qarşılıq gülməyə başlamışdı, onun verəcəyi reaksiyalar mənim üçün tamamilə təxminedilməz idi.

 - Gülürəm, gülürəm çünki mən də özümə yazıçı deyə bilmərəm amma bir kitab yazmışam. Kitab yazmaq olduqca qəliz işdir, sizi anlayıram. İstəsəniz sizə bir neçə məsləhət verə bilərəm.

Təəccüblənmişdim. Həm də bu kişiylə yola davam etməyin düzgün qərar olduğuna artıq əmin olmuşdum. O da belə bir təsadüfdən məmnun olmuş görünürdü.

- Deyəsən sizinlə yola çıxaraq durnanı gözündən vurmuşam. İndi qulaq asın, məsləhət verməyi nə sevən, nə də bacaran biri deyiləm. Buna görə də sizə öz kitab yazma hekayəmi danışacağam, buna həm də həyat hekayəm də deyə bilərsiniz. Artıq axtardığınız məsləhətləri, özünüzə uyğun nəticələri hekayəmdən özünüz çıxararsınız.

Kişi öz həyat hekayəsini danışmağa başlamazdan əvvəl mən kitabçama günün başlığı olaraq belə qeyd etdim:

"Naməlum yazıçı ilə tanışlıq."

Sitarə və kağız durnaحيث تعيش القصص. اكتشف الآن