Bohem.

6 3 0
                                    

Hələ gənclik yaşlarını bitirməmiş biri olaraq həyatımdan məmnun deyildim. Həyatımdan məmnun olduğum dönəmlər olmuşdu, səninlə birlikdə olduğum zamanlar, bir işim vardı, gələcəyə dair vizyona sahib idim, evim, uzaqda da olsa bir ailəm, yarım-yamalaq da olsa yerində olan sağlığım, bəzən gedib gələn ağlım və saya biləcəyim daha bir çox şey. Bütün bunlar keçmişdə şükür dolu birinə çevirmişdi məni. Bütün bunlar indi harda idi? Hər şeyin öz yerində olduğunu bilirdim, bir sən xaric. Sənin gedişin geridə qalan hər şeyi mənasızlaşdırmışdı.

Zənglə danışmağımızın üzərindən 3 gün keçmişdi. Bu 3 gündə işə gedib gəlmiş, həftəlik rutinimə sadiq qalmışdım. İşə gecikirdim hər zaman olduğu kimi, hər zaman bir bəhanəm olurdu. Bəhanalar yetəri qədər xırdalıqlı və orijinal olduqda qarşı tərəfi inandırmaq asan olurdu. Effektiv bir işçi deyildim, yavaş idim, ağlım bir qarış havada olurdu, hər şeyin yerini səhv salırdım. Müdirimiz xüsusilə son zamanlar məni qaralamışdı. Əgər sevdiyim bir işdə işləsəm bəlkə daha yaxşı ola bilərdim. Məmnun deyildim, heç nədən məmnun olmadığım üçün sadəcə yola verməyə çalışırdım. Üstəlik də artıq ağlımı qazıyan yeni bir məsələ vardı, yazılmağa dəyər bir hekayə axtarırdım etdiyim işlərə paralel olaraq daxilimdə. Ətrafıma baxırdım, həqiqətən də dediyin kimi bu sıxıcı dünyam mənə heç vaxt o hekayəni yaratmayacaqdı. Əgər həmin hekayə rutinimin içində deyildisə bəlkə də etməli olduğum şey təhlükəsiz ərazimdən çıxmaq idi. Onsuz da məmnun deyildim, burada nə səbəbdən qaldığımı bilmirdim. Bir tərəfim məmnun olmasam da məcbur olduğumu deyirdi. Heç bir mənası yox idi belə yaşamağın, insan olduğumu hiss etməyə ehtiyacım var idi. Durnalar kimi qanad açıb uçmağa... Hə, durnalar kimi. Bütün bunlar ağlıma bir anda bir neçə faylı yerbəyer edərkən gəlmişdi. Əlbəttə faylları səhv yerlərə qoymuşdum amma bu mühüm deyildi. Bu ofisdə artıq 3-cü il olardı ki, kargüzar olaraq işləyirdim. İlk başlarda kağızlar barədə olduğu üçün işimdən zövq alırdım. Sonralar bir çox şey elektron formata keçməyə başladı, artıq kağızların arasında istədiyim qədər vaxt keçirə bilmirdim. Bəzən iş yerindən A4 kağızları oğurlayırdım, bir dəfə yanlışlıqla çox mühüm bir müqaviləni özümlə evə aparmışdım. Hələ də kağızların arasında vaxt keçirmək xoş idi, yenə də ürəyimi sıxan bir çox başqa iş də vardı. Ən başda insanlarla istədiyimdən çox ünsiyyətdə olmalıydım. Müdirin işçiləri uşaq kimi danlamasına dözə bilmirdim, onun danlaqlarına əsla qulaq verməmişdim. Həddindən artıq sıxıcı idi, onsuz da çıxmaq fikrim var idi. Planım bu idi ki, ilk öncə başqa bir iş tapım. Amma görünür o qədər gözləyə bilməyəcəkdim. Mənim əsas problemim həyatımdakı şeylərə bir alternativ tapa bilmədiyim üçün onlara lazımından çox dəyər verməyim idi. Bəlkə yerinə başqa bir şey qoya bilsəm...

Müdirin otağına daxil olmuşdum sənədləri yerbəyer etmək adıyla. Qapını arxadan vurdum, otaqda heç kim yox idi. Masanın üstündəki sənəddən kağızları cırıb kağız durnalar hazırlamağa başladım, yüzə yaxın kağız durna hazırladım bir saat içində və otağın hər yerini onlarla bəzədim. Bunu bir növ vida zarafatı olaraq etmişdim, otaqdan çıxdım və heç kimlə vidalaşmadan ofisi tərk etdim. Bir daha qayıtmayacağıma əmin idim, bir daha bu əzbərlədiyim üzləri görməyəcəkdim. Amma müdir otağına daxil olub bütün o kağız durnaları gördükdə verəcəyi reaksiyanı görmək istəyərdim. Kaş bunu daha öncədən edərdim.

Hər insan bəzən özünü yeniləməlidir, qoca qartal kimi. Bunu o axmaq özünüinkişaf kitablarının birində oxumuşdum, 40 yaşına çatmış qartallar barədə bir hekayə. 40 yaşına çatmış bir qartal çox ciddi bir qərar qarşısında qalmalı olur, ya yaşlılığına məğlub olaraq təbii şəkildə ölür ya da özünü ən başdan yaratmağa başlayır. Yenidən doğulmaq üçün dağlıq bir yerdə özünə bir yuva tapır, daha sonra dimdiyini qayaya vuraraq qoparır və yeni dimdiyinin çıxması üçün gözləyir. Yeni və möhkəm dimdiyi çıxdıqdan sonra sərtləşərək elastikliyini itirmiş pəncələrini yerindən çıxarır. Və bu şəkildə bədənin əsas hissələrini yeniləməyə davam edir. Bu əzablı yenidən doğulma tam 150 gün ərzində baş verir. Tamamlandıqda isə qartal yuvadan daha cavan, daha uzunömürlü olaraq ayrılır və hər şeyə yenidən başlayır. Olduqca maraqlı bir hekayədir, hətta insanı ilhamlandırmağı da bacarır. Amma təəssüf ki, cəfəngiyyatdır, tamamilə cəfəngiyyatdır. Yenə də belə ilham verən cəfəngiyyatlara inanan bir çox insan tapa bilərik, onlar üçün tək mühüm olan özlərini həmin qartalın yerinə qoya bilmələridir. "Həmin qoca qartal bacarırsa mən də bacararam. Ancaq dözmək lazımdır." Hər şey bu qədər sadə deyildi əsl həyatda. Kaş mən də ağlımı yerimdən çıxarıb daha boşunun, daha səssizinin yaranması üçün gözləyə biləydim. Kaş mən də qəlbimi yerindən söküb içində sən olmayan bir başqasını böyüdə biləydim. Amma mən bir qartal deyildim, mən bir durna idim və köç etmə vaxtım yaxınlaşırdı.

Xəyallarımızdakı həyat bohemian tərzində idi. O gün içimdə yaranan həmin həyəcanı və enerjini görsən mənimlə qürur duyardın. Hətta bəlkə əlimdən tutar, mənimlə gələrdin. Bohem həyat tərzinə keçəcək, yollara düşəcəkdim, yollarda ədəbiyyatı axtaracaqdım. Çünki mən başıma tərsliklər gəlmədikcə yeni şeylər uydurmağı bacarmırdım. Hekayələr yarada ya da onları yaza bilmək üçün gözlənilməz situasiyalar içində tapaydım gərək özümü. Hazırki həyatım, sıxıcı rutinlərimdə isə o situasiyaların yaranma ehtimalı çox az idi. Sən olmadıqdan sonra işığı da qaçmışdı hər şeyin, nəsə yaşansa belə görə bilməyəcəkdim. Uzun müddət Bakıya qayıtmaq fikrim yox idi, ən azından lazımi hekayəni tapmadan qayıtmayacağıma əmin idim. Bəlkə ölkə xaricinə səyahət etməyə imkanım olmayacaqdı amma ən azından ölkə daxilində axtara bilərdim öz hekayəmi. Əsas olan yolu getmək idi, yolun hansı yol olduğunun fərqi yox idi.

Həmişə olduğu kimi, metro girişinin yanındakı köşkdən qutudan ayrı, tək-tək satılan siqaretlərdən birini aldım. Siqaret çəkən biri deyildim, siqaretin içindəki tütünü boşaltdım, sonra qalan qismini filterindən qoparıb bükdüm və cibimə qoydum. Kağız kağız idi. Siqaret çəkməsəm belə sakitləşmək üçün özümə xas adətlərə sahib idim.

Sitarə və kağız durnaWhere stories live. Discover now