Sitarə və kağız durna.

11 3 0
                                    

Hər gecə, istisnasız hər gecə səni yuxuda gördüyümü sənə danışmışdım. Bu mövzuya laqeyd yanaşırdın, nəticədə dediklərim bir yalandan ibarət də ola bilərdi. Üstəlik bu elə bir məsələ idi ki, sənə əsla sübut etməyi bacarmayacaqdım. Beynimin içində yaşanan şeyləri bir-birimizə necə sübut edə bilərdik, heç bilmirəm. Əlimdə olsa bütün iç dünyamı çıxarıb önünə sərərdim, o zaman dediklərimin nə qədər həqiqət olduğunu anlayardın. Həmin gecə də səni yuxuda görmüşdüm, istəyirsən inan, istəyirsən inanma. Əsasən yuxuda da mübahisə etdiyimiz üçün səhərlər əsəbi oyanırdım. Əvvəllər daha xoş yuxular gördüyüm zamanlar olurdu, məsələn bir evdə yaşadığımız, bir ailə olduğumuzla bağlı yuxular. Bunları xəyal etməyimin belə səni əsəbləşdirəcəyini anlayırdım. Yuxularımın hakimiyyəti məndə olmadığı üçün bu barədə əlimdən bir şey gəlməzdi. Həm haqlıydın nə də olsa, belə xəyallar yersiz və boş idi. Azsaylı dostlarım sənin barədə soruşurdular hər dəfə. "O qıza aşiqsən?" - deyərdilər bir az zarafatyana. Əlbəttə yox! Aşiq olacaq yaşda deyildim artıq. Bu yaşda nə aşiq olmaq? Axı insan böyüdükdə daxilində heç bir hiss qalmırdı, böyümək də elə bu idi, hissizləşmək. Halbuki mən bəzən özümü əbədiyyən yeniyetməlik çağında ilişib qalmış kimi hiss edirdim. Bir sözlə, aşiq deyildim. Sadəcə... Necə deyim... Necə başa salım... Hardan başlayım... Hər dəfə bir yolunu tapıb bu sualın cavabından qaçırdım. Həmişə həll etmədiyimiz problemləri ertələdiyimiz kimi bu sualı da ertələyirdim. Bir gün bu sualın qaçınılmaz olaraq yaxamdan yapışacağının fərqindəydim. Bu etdiyimi də məsuliyyətsizliklərim siyahısına yaza bilərdin. Bir də ki, aşiq olmaq barədə anlayışlar həddindən artıq qeyri-müəyyəndir, verə biləcəyim qısa cavabların situasiyanı tam olaraq izah etməyəcəyindən qorxurdum. Mənim perspektivimdən vəziyyət olduqca qarışıq idi. Bəs səndə necə? Sadəcə olaraq xoş vaxt keçirdiyin biri idim, halbuki bundan daha çoxu olduğumu da bilirdim. Bir dostdan daha fərqli şəkildə dəyər verirdin mənə, o çoxsaylı dostlarına dəyər vermə şəklini isə mən anlaya bilmirdim heç vaxt. Məni onlardan gizlədirdin, mənim varlığım onlarla arandakı əlaqəyə ziyan vuracaqdı elə bil. Çünki sən dəyər verməkdən utanan biri idin, öz keçmiş sözlərinlə ziddiyətə düşmək istəməsən belə hər keçən gün bu ziddiyətlər daha da artırdı. Həmin ziddiyyətləri üzünə vurduqda bariz olan şey yaşanırdı, bir mübahisə. Mübahisələr ikimizi də təngə gətirmişdi, problemləri o an həll etmək yerinə ertələyərdim, gələcəkdə bəzi şeylərin dəyişə biləcəyinə ümid edirdim. Və son mübahisəmizdə mənə dəfələrcə xəbərdarlıq etməyinə baxmayaraq mən yenə eyni mövzunu açmışdım. O an artıq bizim üçün problemləri ertələyəcəyimiz bir gələcək qalmadığını ikimiz də anlamışdıq. İkimiz də ağır şeylər dedik, xüsusilə ikimiz də artıq geriyə yol qalmadığını gördükdə ən dərində yatan nifrət dolu düşüncələrimizi gün üzünə çıxardıq. Sonrasında peşman olmuşduq amma sözlər deyilmişdi, bunu dəyişmək mümkünsüz idi. Həmin gecə çox ağladım, hazırladığım yüzə yaxın kağız durnanı cırdım, əzdim, yandırdım, bir neçə gün sonra sıfırdan başladım hazırlamağa. Sən isə heç nə olmamış kimi davranacaqdın, öz prinsiplərinə zidd düşməyəsən deyə. Hər şeyi beynində bitirdiyini dediyin an yaralanmışdım. Amma bir yandan bu sözlərin mənə yenidən bir ümid də bəxş etmişdi. Beynində mənimlə bağlı bitirə biləcəyin bir şeyin olduğunun fərqinə varmamışdım, iki dostun mübahisəsinin sonunda deyiləcək söz bu deyildi. Hər şeyi yoluna qoya bilərdik, Sitarə, geriyə yol qalmasa belə artıq istədiyim gerilərə qayıtmaq da deyildi. Özümü bu əzab döngüsünün daxilinə bir dəfə daha atacaqdım və bu səfər daha az şübhə edib daha çox inanacaqdım, bu səfər tamamilə fərqli şəkildə sınayacaqdım. Amma bundan öncə həmin döngünün qapısını tapmalıydım və bu hər zaman olduğundan çox daha çətin olacaqdı.

Adətən həyatımı çətinləşdirən ən əsas şeylərdən biri səhərlər yerimdən qalxmaq olurdu. Yataq məni bərk-bərk qucaqlayır, buraxmırdı, yerimdə qıvrana-qıvrana fikirlər arasında boğulur, hələ başlamamış günün qayğıları altında əzilirdim. Hər dəfə işə gecikirdim bu səbəbdən, yerimdən qalxmağı bacarsam belə yolda bir tərslik tapıb işə gecikməyi bacarırdım. Bu gün bazar günü olduğu üçün yerimin içində əzab dolu, ürəkbulandırıcı qıvranışı doya-doya, heç bir tələskənlik olmadan yaşayacaqdım. Dünənin sərxoşluğunun təsiri dodaqlarımı qurutmuşdu, susuzluq içimi deşirdi amma yerimdən qalxmaq istəmirdim. İki saat sonra bədənim artıq fiziki olaraq xəbərdarlıq etməyə başlayanda yorğanı üzərimdən çəkib qalxdım, xəbərdarlıqları nəzərə almaq barədə çox ağır dərs almışdım bu yaxınlarda. Dərhal mətbəxə keçib 3 stəkan yarım su içdim. Daha sonra səhər rutinimi tənbəl hərəkətlərlə tamamladım. Ən adi, günlük hərəkətlərimdə belə nə olduğunu tam olaraq anlaya bilmədiyim bir dəyişkənlik var idi. Bir sıxıntı, bəlkə üstümə çökən bir ağırlıq. Daha çox görünməz bir əl tərəfindən bilinməz bir yerə dartılmaq. Mətbəxdə qabları yuyarkən bir an sonra yenidən yatağımın üzərində oturmuşdum, əlimdə telefon vardı, sənin nömrən artıq ekranda idi, sadəcə bir düyməyə basmağa ehtiyac qalmışdı. Bütün bunları nə ara gerçəkləşdirdiyimi xatırlamırdım. Sənə zəng etməyin mənasız bir hərəkət olduğunu bilirdim. Səninlə əlaqədə olduğumuz bütün sosial şəbəkələrdən bloka atmışdın məni, özünü əlçatmaz bir nöqtədə gizlətmişdin. Bir heçmişəm kimi, tanımadığın hərhansı biri imişəm kimi laqeyd yanaşmışdın çarəsizliyimə. Başqa yollar tapıb sənə yazmağa çalışmışdım bir neçə dəfə, uzun mesajlar yazıb silmişdim, sonra sadəcə bir salam yazıb göndərmişdim. Ardından sual işarəsi atmışdım, sonra bu yazdıqlarımdan da utanmışdım, kaş heç etməsəydim. Sınamadığım bir neçə yol qalmışdı, onlardan biri təxmini ünvanını bildiyim kirayə qaldığın həmin evin önünə gəlmək, qapını döymək, səninlə üz-üzə söhbət etmək idi. Əgər qarşımda olsaydın o gün heç olmadığım qədər dürüst biri olacaqdım, madam ki, geriyə dönüş yoxdur, o zaman artıq heç nəyi gizlətməyə də ehtiyac olmayacaqdı. Sınana biləcək başqa bir yol da vardı, sadəcə olaraq bir düyməyə basmağım yetərliydi bu yolu sınamaq üçün. Əlbəttə zəngimə cavab verəcəyinə əmin deyildim amma nədənsə əmin ola biləcəyim bir seçimim yox idi, nə də olsa qapına qədər gedib səni evdə tapmaya da bilərdim. Amma əgər zəng etsəm zəngimi görəcəyinə əmin idim, çünki o zibilə qalmış telefonunu heç yanından ayırmazdın, hər 5 dəqiqədən bir ona nəzər yetirər, bəzən içində qeyb olub gedərdin. Səninlə olan görüşlərimdə bəzən bu barədə şikayət etməyə çalışırdım heç vaxt ciddiyə almasan da. Sadəcə kofenin soyuduğuna əsəbləşdiyimi sanırdın ya da hansısa anlıq və absürd bir mənzərəni qaçırdığına. Əslində isə əsəbləşdiyim şey mənim üçün ayrılan o məhdud vaxtın belə hərhansısa cihaz tərəfindən əlimdən alınması idi. Günahın cihazda olmadığını bilirdim, günah hər zaman olduğu kimi insanlarda idi. Səni əllərimin arasından alıb öz dünyalarına doğru çəkirdilər, mənim ruhumun sənə doğru dartıldığı kimi. Diqqətini dağıdırdılar, diqqətini o qədər dağıdırdılar ki, gözlərimi bir an belə üzərindən çəkmədiyimi görə bilmirdin. Sən mənim verdiyim dəyərə qarşı... Telefon artıq qulağımda idi, hansı ara o düyməyə basdığımı xatırlamırdımsa da zəng getdiyi şübhəsiz idi, bir az rahatlamışdım. Vaxt keçdi, zəngə cavab yoxdur. Sənə zəng etməyə niyə nifrət etdiyimi xatırladım. Zənglərə mesajlara verdiyin qədər tez cavab vermirdin, səninlə əlaqədə olmağın yolu hər zaman onlayn qalmaq idi. Bu qədər tez uduzmayacaqdım, bir daha zəng etdim, gözlədim, gözlədim. Cavab yoxdur. Gün davam edirdi, özümə günorta yeməyi hazırladım, yedim, televizora baxdım, bir neçə stəkan çay içdim, evi təmizlədim, mağazaya düşüb lazımi ərzaqları aldım və bütün bunları bir qulağımda telefon varkən etdim. Axşama doğru qulağımdakı telefon və səs varlığımın ayrılmaz bir parçasına çevrilmişdi. Özümdən asılı olmadan hər dəfə cavab almadıqda refleksə bənzər hərəkətlərlə kontaktlardan sildiyim amma əzbərə bildiyim nömrəni yenidən yığırdım, gözləyirdim, gözləyirdim. Hər mövzuda gözləmək barədə səbrli biri idim. Cavab verməyini əbədiyyən gözləyə bilərdim. Xüsusilə əgər söhbət səni gözləməkdən gedirdisə səbrimi əbədiyyətlə müqayisə etmək belə az olardı.

Sitarə və kağız durnaWhere stories live. Discover now