Şəhərə qayıdış.

5 1 0
                                    

Sən nə qədər inkar etsən də, Sitarə, daş qəlbli birisən. Mənə heç bir açıqlama etmədən kitabımın qarşısına şərtlər qoymuşdun, həmin şərtlər nə qədər qəribə gəlsə də mənə hər xırda qığılcım kimi məni ümidləndirməyi bacarmışdı. Ümidlənməyə bəhanə axtarırdım. Bəlkə xəbər tutacağım ağlından belə keçməzdi amma hər şeydən xəbərdar olmuşdum. Bu şərtlərin hansı mənaya gəldiyini indi daha aydın şəkildə görürdüm. Nə üçün kitabda adının hallanmasını istəmirdim, nə üçün kitabın 150 səhifədən daha qısa olmasını istəyirdin, hər birinin səbəbi məlum olmuşdu. Qayıdar-qayıtmaz səndən izahat tələb etməyim gəlirdi içimdən. Amma hansı haqla edə bilərdim bunu? Hansı bəhanə ilə söz sala bilərdim xaricə getməyindən? Bu barədə danışmaq belə istəməyəcəyindən əmin idim. Hələ üstəlik yanındakı o oğlanı da hesaba qatsaq... Bu barədə fikirləşməmək ən yaxşısı idi. Ümumiyyətlə sən barədə fikirləşməmək bir çox problemimə çarə olardı. Bu səyahətim sayəsində bir çox şeyi gözümdə böyütdüyümü anlamışdım. Yazıçı ilə tanış olduqdan bəri öz halımla onun düşdüyü bu vəziyyəti müqayisə edib sonda həmişə öz halıma şükür edirdim. Kağız obsessiyam, sənin barədə düşüncələrim, daimi dalğınlığım hamısı özümdən asılı olan şeylər idi, bunları özüm özümə təlqin etmişdim demək olar ki. Hər an ölüm qorxusu altında yaşamağa nisbətdə mənim problemlərim bir heç sayılardı. Bəlkə də daha tez-tez başımı qaldırıb reallığa nəzər salmalıydım.

Yolun sonuna çatmışdıq, mən Gürcüstan sərhədinə qədər yazıçı ilə birlikdə səyahət etmişdim. Yazıçı öz həyat hekayəsini bitirdikdən sonra düşünmək üçün xeyli vaxt olmuşdu. Bu vaxtlarda mən öz yazacağım kitab barədə düşünürdüm, kitabın ana mövzusu demək olar ki, hazır idi. Sadəcə oturub beynimdəki bütün qeydləri birləşdirmək qalırdı geriyə. Ancaq ilk öncə yazıçıdan onun danışdıqlarını öz kitabımda istifadə edə bilmək üçün icazə almalıydım. Bu təklifimi ona bildirdikdə yazıçı susqunluğunu qorumuşdu, tərəddüddə qaldığını görə bilirdim. Halbuki elə hiss etmişdim ki, o, öz hekayəsini mütləq şəkildə birinə danışma ehtiyacı duyur başına nəsə gəlmə ehtimalına görə. Bəlkə də danışdıqlarının bir kitaba çevriləcəyi fikri idi onu tərəddüddə saxlayan. Bu barədə bir az düşündükdən, bir az müzakirə apardıqdan sonra yazıçı hekayəni yazmağıma icazə verdi. Beləliklə axşam saatlarında biz artıq Gürcüstan sərhədində idik.

Yazıçı yolun geri qalanında da mənim onla gəlməyimi istəyirdi, təəssüf ki, bu mümkünsüz idi. Sərhədi keçə bilmək üçün xarici pasportum yanımda deyildi, həm də yazıçı da bütün həyatım boyunca ona yoldaşlıq edə bilməyəcəyimi anlamalıydı. Geri qayıdıb yazacağım bir kitab, yaşayacağım bir həyat var idi. Ona bunları başa salmağa çalışdım, ürək-dirək verdim, sakitləşdirməyə çalışdım amma tənhalıq fikri, yola tək davam etmək fikri onu boğurdu. Biz ayrıldıqda o məni illərdir tanıdığı dostu kimi qucaqladı, bu ayrılığı həddindən artıq dramatikləşdirmişdi öz zehnində. Mən də pis hiss etməyə başladım, onun avtomobili uzaqlaşarkən kədərlə seyr edirdim. 

- Yaxşı yol! - dedim əl sallayıb - Sağ-salamat!

Bir-birimizə adlarımızı belə deməmişdik.

Bakıya heç yerdə fasilə vermədən, vaxt itirmədən gecə avtobusu ilə qayıtdım. Qayıdış yolunda yarı ayıq yarı yuxulu olmuşdum. Kitabım üçün hekayə hazır olduğundan səyahətim öz missiyasını tamamlamışdı, bu səbəbdən məmnun idim. Məyus olmağım üçün də bir çox səbəblər var idi həmin gecə. Düşündükcə səndən bir izahat tələb etməyin bir yolu olmadığını anlayırdım. Hətta bu barədə soruşa belə bilməzdim. Əgər kitabı oxumaq istəməsən səni buna məcbur da edə bilməzdim. Bütün kartlar hazırda sənin əlində idi. Kitabın ana xətti, mövzusu bəlli olsa da sənə bu kitabı oxutmağın mütləq bir yolunu tapmalı idim. Bir tərəfdən də, bu kitabı oxusan nəyin dəyişəcəyini düşünürdüm. Bu da gözümdə böyütdüyüm şeylərdən biriydimi? Ən əvvəldə kitab yazmağımda məqsəd səninlə görüşmək üçün zəmin yarada bilmək idi, indi isə işin məğzi dəyişilmiş, tamam başqa vüsət almışdı. Kitabın mövzusu, yazı tərzi səndə maraq oyatmalıydı, ancaq bu yolla bəlkə səni xaricə getmə planlarından döndərmək olardı. Təhsilini harda davam etdirəcəyin barədə düşünürdüm, əvvəllər bu barədə danışdıqda hələ bir qərara vara bilməmişdin. Bəlkə də heç viza ala bilməyəcəkdin ya da valideynlərin getmək üçün sənə icazə verməyəcəkdilər, bu ehtimallar da gerçəkləşə bilərdi. Yenə də işimi şansa buraxmaq istəmirdim. Bütün hallarda səni yolundan döndərə bilmək üçün əlimdəki yeganə vasitə yazacağım bu kitab olacaqdı.

Bakıya qayıtdığım günün səhəri rəssam dostum yenidən zəng etmişdi, bu qədər tez qayıtmağıma təəccüblənmişdi. Ən çoxda işdən çıxmağıma əsəbləşmişdi, 3-4 günlük icazə ala biləcəyimi də deyirdi. Mən isə ona başa saldım ki, bu hələ ilk mərhələdir, artıq əsas peşə olaraq özümə yazıçılığı seçmişəm və bu yolda da irəliləyəcəm. Bu sözlərim ona uşaqca gəlmişdi görünür, söhbətin axırında atasının məni görmək istədiyini bildirdi. Rəssam dostumun atası fotoqraf idi, aviakassada işləyirdi, mən ona həddindən artıq hörmət edirdim. Fikrim bu idi ki, bir neçə gün evdən çölə çıxmadan kitabımı yazmağa başlayım və kağız durnalar hazırlayım. Amma əminin istəyini geri çevirə bilməzdim. Planlaşdırdığımız kimi, axşamüstü aviakassaya getdikdə onu orada tapa bilmədim, bir kənara çəkilib gözləməyə başladım. Həzrəti İbrahim rəsminin qarşısında idim, rəsm həqiqətən də tamamlanmışdı. Əmi yaxınlaşıb əlini çiynimə qoyana qədər onun gəldiyini hiss etməmişdim. Görüşüb bir az havadan-sudan söhbət etdikdən sonra əmi məni bir az hava almaq üçün gəzintiyə çıxmağa dəvət etdi. Hava qaralmışdı artıq, biz bir saata yaxın şəhərdə piyada şəkildə fırlandıq. Mənim ağ, parlaq durnam Bakıya qədər izləmişdi məni, şəhərin qarışıqlığı arasında gözə batmadan ardımca gəlir və getdikcə kiçilir, qısalırdı.

- Öz həyatını öz əlinlə puç eləyirsən. Ağlını başına yığıb yaşadıqlarını rasional şəkildə bir daha dəyərləndirib sonra planlarını icra etməyə başlasan sənin üçün daha yaxşı olar, gələcəkdə bəhrəsini də görərsən belə etsən. Amma indi mənə elə gəlir sadəcə bir anlıq həvəs parıltılarının ardınca qaçırsan. Sonra peşman olmağını istəmərəm. - əmi mənə öyüd-nəsihət verirdi təxmin etdiyim kimi, elə buna görə çağırdığını anlamışdım, yəqin ki, dostum hər şeyi daha şişirdərək danışmışdı ona.

- Nə bilim. - dedim. Verilən nəsihət və təsəllilərin qarşısında həmişə cavabsız qalırdım, xüsusilə müdrik olaraq saydığım şəxslərdən gələn nəsihətlərin qarşısında heç söz tapa bilirdim. Dostumun atası tanıdığım azsaylı müdrik biri deyə biləcəyim şəxslərdən idi.

- Bilirsən, səni öz oğlum kimi sevirəm. Tək ona görə yox ki, qızımın ən yaxın dostusan, həm də sənin öz şəxsiyyətinlə bağlıdı bu. Ona görə səninlə açıq-açıq danışacam. Olmayacaq şeyin ardınca qaçırsan. Özün bilirsən nəyi deyirəm.

Başımı yellədim. Səndən bəhs edirdi.

- Sən sevmirsən, buna sevgi deməzdim, sən aşiq olmusan. Bu ikisi eyni şeylər deyil. Sevdiyin gülü dərib evə gətirmirsən onun solacağını bilə-bilə. Əksinə onun qayğısına qalırsan, onu hər gün sulayırsan, yerini dəyişirsən, dibini təmizləyirsən ki, vaxtı çatdıqda o gül çiçək aça bilsin. Sənə bir hekayə danışım. Bir gün bir müdrik çayın kənarı ilə gedirmiş. Közdə balıq qızardan bir gənci görüb ondan nə etdiyini soruşur. Gənc cavabında balıq bişirdiyini deyir. Bu dəfə müdrik balığı nə üçün bişirdiyini soruşur. "Yemək üçün." - deyir gənc - "yemək üçün bişirirəm." Balığı nə üçün yediyini soruşur müdrik gəncdən. Gənc cavab verir: "Balığı sevirəm." Müdrik bir daha sual verir: "Balığı sevdiyin üçün onu tutmusan, təmizləmisən, odda qızardırsan və yeyəcəksən, eləmi?" "Bəli" - deyir gənc. "Yanılırsan, oğlum, sən balığı sevmirsən, sən özünü sevirsən. Balığın dadı xoşuna gəlir sadəcə."

Əminin bu sözləri mənə aramızda keçən bir söhbəti xatırlatmışdı. Zənglə danışırdıq, mən sənə insan eqoizminin hədsizliyi barədə bəhs edirdim, sən sadəcə dinləyirdin, ürəyim dolu idi həmin gecə. Hər şeyin əvvəl-axır öz çıxarımız üçün edildiyini demişdim, hər şeyi sadəcə öz perspektivimizdən təcrübə edirdik. Bir az Freydin fərziyyələrindən danışmışdım, əksəriyyəti başqalarının da ağlına gəlib gəlmədiyindən əmin olmadığım öz fikirlərim idi. Orda olub olmadığını soruşmasam reaksiya vermirdin, haqlı olaraq sıxıldığını düşünürdüm, dinləmədiyini zənn edirdim. Söhbətin axırında bəzi fikirlərimə qarşı çıxmışdın, xüsusilə xeyirxahlığın tamamilə çıxar məqsədli edildiyini dilə gətirməyimə əsəbləşmişdin. O gecəni mübahisə ilə sonlandırmışdıq. Bir neçə həftə sonra mənə mənim fikirlərimlə, qarşı çıxdığın həmin fikirlərlə sevginin niyə var olmadığını, niyə birini sevmədiyimizi, əslində birini sevmək dediyimiz şeyin həmin şəxslə olduqda keçirdiyimiz hissləri sevmək olduğunu izah edirdin, bütün bunları sənə mənim danışdığımı xatırlamırdın belə. Mən isə onda öz fikirlərimə əks-arqumentlərlə sevginin var olduğu ideyasını müdafiə etmişdim və sonda mübahisə etmişdik. Xatırladıqda, aramızdakı münasibət daha çox bir müharibəyə bənzəyirdi. Haqlıydın, kimyamız uyuşmurdu. Balığı okeanına buraxmaq lazım idi bəlkə də, durna isə öz səmalarında süzüləcəkdi. Ya da ikimizdən biri boğulmağa razı olmalıydı.

Sitarə və kağız durnaWhere stories live. Discover now