Naməlum yazıçının həyat hekayəsi.

2 1 0
                                    

Yazıçı öz həyat hekayəsini danışmağa başlamazdan əvvəl cibindən bir şey çıxarıb dodaqlarının arasına qoydu:

- Siqaret çəksəm sizin üçün narahatçılıq olmaz ki?

- Xeyr, xeyr, rahat olun. - yalan demişdim. Yanımda və ya gözümün önündə kimsə siqaret çəkdikdə narahat hiss edirdim həqiqətən. Ona görə yox ki, siqaretin zərərləri barədə düşünürdüm ya da sadəcə olaraq tüstüsünün qoxusunu sevmirdim. Ona görə ki, dəyərli kağız içindəki tütünlə birlikdə qarşımdaca yanıb külə çevrilirdi, buna dözə bilmirdim.

- Əslində daimi çəkən biri deyiləm, sadəcə bu aralar bir az özümdə deyiləm deyə sakitləşməyə ehtiyacım var. - kişi dodaqlarının arasındakı siqareti yandırdı və tüstünü pəncərədən çölə üfürdü, titrəməsi yol davam etdikcə sanki daha da artırdı.

- Hə, nə deyirdim... Sizə kitab yazmağımın hekayəsini danışacaqdım. Bir az əvvəldən başlayacağam, ümidvaram sıxılmarsınız. Bilmirəm ağlıma hardan düşmüşdü amma hələ lap uşaqlıqdan yazıçı olduğumla bağlı xəyallar qururdum. Baxmayaraq ki, nə yazmağı, nə də kitab oxumağı bacaran biri deyildim. Yaşım irəlilədikcə bu xəyalın boş olduğunu anlamağa başlayırdım, elə düşünürdüm ki, yaza bilmək Allah vergisidir, hər adam bacara bilməzdi bunu. Üstəlik savadıma olan inamımı itirdikdən sonra nəinki yazıçılıq barədə düşünməyə başlamışdım, hətta ali təhsil almağa belə həvəsim qalmamışdı. Beləliklə gənclik illərimə çatdıqda artıq bu xəyalım həm həyatın sürətlə üzərimə gəlməsi nəticəsində, həm də həvəssizlik və inamsızlıq səbəbindən puç olub getmişdi. Yenə də içimdə bir qığılcım yanmağa davam edirdi, insanlara danışdıqda bunu şöhrətpərəstlik olaraq adlandırırdılar, mən isə bu qığılcıma başqa cür yanaşırdım. Anam, atam, bütün qohumlarım bu dünyada heç bir iz buraxmağa nail olmamışdılar. Onlar sadəcə yaşamışdılar, əlbəttə onların həyatını da dəyərsiz saymırdım, sadəcə mənim yaşama mənalı deməyim üçün lazım olan standartları qarşılamamışdılar. Mən açığını desəm, bir iz buraxmadan, dünyada bir dəyişikliyə yol açmadan yaşayıb ölməyi yaşamaq saymırdım. Yaşımın üstünə yaş gəldikcə əhatəmin, yaxınlarımın həyatdan köçməyinə şahid oldum, sonda bir atam, bir mən qalmışdıq. Atam da vəfat etdikdən sonra artıq dünyada tək-tənha idim. Yaşamalı idim, özümü dolandırmalı idim. Atamdan mənə taksi fəaliyyətinə yararlı bir avtomobil və bir də Badamdarda 4 otaqlı bir ev qalmışdı. Həmin maşınla taksi sürücülüyünə başlamağa qərar verdim, atam da əvvəllər sürücü işləyərdi. Günlərim yollarda keçirdi, sükan arxasında oturub şəhərdə burdan-ora gedərkən qara-qara düşünürdüm. Sürücülükdən qazandığım pulla həyatımın bir qismində özümü dolandıra bilərdim, sonra da pensiyaya çıxardım, axırda da ölüb gedərdim hərhalda. Özümə sual verirdim hər dəfə, istədiyim bu idimi? Bəs gəncliyimdə yaranan o qığılcım illər keçdikcə niyə içimdə bir yanğına səbəb olmamışdı? Niyə həyata qarşı olan o həvəs, o sonuncu parıltı da illər keçdikcə solub getmək üzərəydi? Həmin bu düşüncələr məni yenidən uşaqlıq xəyalıma qaytarmışdı. Bir kitab yazaraq həyatda iz qoya bilərəm deyə düşünmüşdüm, bir kitab yazacaqdım və ölüb getdikdən sonra belə həmin kitabla xatırlanacaqdım. Elə mən də sizin kimi əlimə bir dəftər, bir qələm alıb işə qoyulmuşdum dərhal. Tək kəlimə belə yazmağı bacarmamışdım, səbəbini bilmirdim. Ağlımı yoran bir şey var idi, yazmağın həddindən artıq çətin olduğunu düşünməyə başlamışdım. Həm də yaza bilməməyimin səbəbini çox uzun müddət sonra başa düşmüşdüm. Ağlımı yoran həmin şey... Mən kitab yazmağa qərar verdiyim günə qədər cəmi-cümü 1-cə kitab oxumuşdum. Paulo Koelyonun "Kimyagər" əsərini. Və həmin kitab isə bu cümlə ilə başlayırdı: "Gəncin adı Santiaqo idi." Buna görə də başqəhrəmanıma ad tapmağı yazmağa başlamazdan öncə ən mühüm şey imiş kimi görürdüm. Kitabın hekayəsi barədə düşünmürdüm, sadəcə ad axtarırdım, kitabımın qəhrəmanının bir ada sahib olması onun varlığının ilk pilləsi olacaqdı. Qəhrəmanıma ad axtararkən 1 ilə yaxın vaxtın necə keçdiyini anlamamışdım. Mən hələ də sükan arxasında oturub düşünərək vaxt keçirirdim. Daha yaxşı düşünə bilmək üçün gecələr də işləyirdim bəzən, şəhərin səssiz vaxtlarında. Ağlımdan adlar gəlib keçirdi, hər müştəridən adını soruşurdum bəlkə axtardığımı taparam ümidiylə. Boşunaydı, heç birini qəbul edə bilmirdim. Sən demə, qəhrəmanın adının bilinmədiyi, hətta heç bir ad çəkilməyən onlarla kitab var imiş dünyada, bunu çox sonralar öyrəndim. Əslində daha tez öyrənə bilərdim bu faktı, yazmaq barədə araşdırdıqdan, bəzi tanışlardan maraqlandıqdan sonra vardığım nəticə belə oldu ki, yaza bilmək üçün oxumaq mütləqdir. Nə qədər çox oxusan bir o qədər yaxşı yazacaqdın. Yəqin ki, siz də təsdiqləyərsiniz bunu. Bu məlumatı öyrəndikdən dərhal sonra kitabxanaya getmişdim. Kitabxanaçı qadının tövsiyəsilə bir neçə kitab götürdüm oxumaq üçün. Adlarını bilmədiyim yazıçılar, adlarını ilk dəfə eşitdiyim əsərlər. Onlara göz gəzdirəndə belə yorulurdum, hərflər üzərimə gəlirdilər sanki, həyatım boyunca bu qalınlıqda bir şey oxuyub bitirməmişdim. Hamısını yığmışdım maşının yan oturacağına, seyr edirdim amma əlimə götürdükdə üstümə bir ağırlıq çökürdü, dərhal ertələyirdim oxuma prosesini. Belə-belə zaman keçdikcə artıq yaza bilmək barədə ümidlərimi itirməyə başlamışdım, çünki yaza bilməyə gedən yolda dayanan oxumaq mərhələsini belə tamamlaya bilməmişdim. Hər əsərdən uzağı bir-iki səhifə oxuyaraq kitabı yerinə qoyurdum. Sonra bəlkə bir də cəhd etsəm alınar deyə ən başdan həmin iki səhifəni oxuyurdum amma irəliləyiş yenə də sıfır olurdu. Buna tənbəllikmi demək lazımdı ya kitablar sadəcə maraqlımı gəlmirdi mənə, bilmirəm amma bu gedişlə kitabları kitabxanaya qaytarmalı olacaqdım. Eyni keçmişdə öz savadıma olan inamımı itirərək ali təhsilə yönəlmədiyim kimi indi də öz oxumaq qabiliyyətimin var olduğuna şübhə etdiyim üçün ədəbiyyatdan üz döndərirdim. Bir gün yenə kitabları yanıma alıb işə çıxmışdım. Bu günki kimi xatırlayıram, tutqun hava var idi, qanım da qaraydı, elə birbaşa kitabları qaytarmağa kitabxanaya gedəcəkdim bir müddət də müştəri gəlməsə. Birdən bir qadın əyləşdi maşına, arxa oturacağa keçmişdi, buna görə kitabları yığışdırmalı olmamışdım ön oturacaqdan. Qadının geyimindən, üzündəki ciddiyyətdən, rəsmiyyət dolu səsindən işgüzar qadın olduğunu görmək olurdu. Ünvanı dedi, xeyli uzun yolumuz vardı. Mən səssiz-səmirsiz maşını hərəkətə keçirdim və ünvana doğru getməyə başladıq. Qadın pəncərədən çölə baxırdı, sıxılmış görünürdü. Ola bilsin sıxıntıdan maşının içini incələməyə başlamışdı, elə bu anda gözünə ön oturacaqdakı kitablar ilişmişdi.

Sitarə və kağız durnaDär berättelser lever. Upptäck nu