Parıltı.

5 1 0
                                    

Bir mübahisə sonrasıydı, bir ayrılıq dönəmi. Təsadüfən sənlə qarşılaşmışdım yolda, əslində bir o qədər təsadüf sayılmazdı, ordan keçəcəyini bilirdim. Səni səsləmişdim, üz-üzə gəldikdə isə nə deyəcəyimi bilmirdim. Bir açıqlama gözləyirdin, sənə bir yalan danışdığımı zənn edirdin, halbuki məqsədim ikimizi də acı həqiqətdən qorumaq olmuşdu. Danışıb aramızı düzəltməyə çalışmışdım. Sənə dediyim şeylər yalan belə olsa bəyaz yalanlardan ibarət idi. Məni buna görə günahlandıra bilməzdin, çünki sən də daxil hər insan həyatı boyunca yüzlərlə dəfə bəyaz yalanlardan istifadə etməli olurdu. Həm söhbət səndən gedirdisə sən mənim əksimə yalanın bəyaz yoxsa siyah olduğuna baxmazdın, işinə yarayıb yaramadığına əhəmiyyət verərdin. Mənə bir çox yalan danışmışdın, məni aldatmışdın, bu aldadılmışlıq hissindən xilas ola bilmirdim. Sanki yaşanacağına əmin olduğum bir reallıq hələ başlamadan bitmişdi deyə real olan hər şeyə qəzəbliydim. Həmin puç olmuş alternativ reallığı düşünmədən dayana bilmirdim.

Alt qonşum rus qadın idi. Tək yaşayırdı. Ərinin sağlığında tez-tez şiddətli mübahisələr edərdilər. Onların arasındakı mübahisələr mənə bizi xatırladırdı. Uşaqları yox idi deyəsən, ya da var idi amma gəlib getmirdilər. Qadının indilərdə də özüylə saxladığı labradudl cinsi bir itləri vardı, labrador cinsi ilə pudelin qarışığı idi. Kişi sağlığında danışırdı ki, bu itlər haqda ilk dəfə Donald Kempbel öz əsərində yazıbmış. Donald Kampbel havada və suda sürət rekordçusudur. Və elə yüksək sürət ucbatından da həlak olub. Kişi həmişə deyirdi bir işi mahir bilmək də hər zaman yaxşı nəticə vermir. Məsələn dənizdə boğulan insanların əksəriyyəti mahir üzücülərdir. Üzməyi bilməyən boğula biləcəyi dərinliyə getmir, daha dayaz yerlərdə qurdunu öldürür. "Bir işdə naşı olmaq daha yaxşıdır." - deyirdi. - "daha diqqətli olursan. O belə dərin sözləri həddindən artıq içəndə dilə gətirirdi, ayıq vaxtlarındaysa mənasız şeylər danışırdı. Ölüm səbəbi qaraciyər yetməzliyindən olmuşdu. Kişi öləndən sonra bəzən axşamlar, bəzən də səhər işdən əvvəl iti mən gəzdirirdim. Qarşılığında da qonşunun paltar yuyan maşınında paltarlarımı yuyurdum. Kişinin sözlərini xatırladıqda bütün işlərdə naşı olduğumu düşünürdüm. Mənə elə gəlirdi ki, tək yaxşı bacardığım iş sözümüz çəpləşəndən bir neçə gün sonra, səninlə barışmaq üçün bəhanə tapmağım idi. Bir dəfə səninlə barışa bilmək üçün sənə şeir belə yazmışdım. Sənin ümidsizcə özünü mühüm hiss etdirən şeylərin ardınca qaçma xasiyyətini yaxşı bilirdim. Mənim kimi insanları bir müddətlik özünü mühüm hiss edə bilmək üçün istifadə edib kənara atırdın. Bu səfərsə səninlə barışmaq üçün bir şeir yazmaq bəs etməyəcəkdi. Bu səfər səninlə barışa bilmək üçün bir kitab yazmalıydım. Və ən pisi artıq bir həftəyə yaxınlaşmasına baxmayaraq mən hələ də evdən çölə çıxmayaraq yatağıma bağlı həyat yaşamağa davam edirdim. Bu çöküş günlərimdə hazırladığım kağız durnaların ümumi sayı 500-ə yaxınlaşırdı. İçimdən bir səs 1000 kağız durna hazırlamadan evdən bayıra addım ata bilməyəcəyimi fısıldayırdı. Bu asana qaçmaq idi, kitab yazmaq yerinə 1000 kağız durna hazırlamaq və hər şeyin yoluna düşəcəyini gözləmək. Əllərim titrəyirdi, gözlərim hər şeyi bulanıq görürdü, özümü xəstə hiss edirdim və daxilimdə heç keçməyən bir bulantı vardı. Bu bulantı bir mövzu barədə həddindən artıq düşünməkdən yaranmışdı. Artıq maraqlı tərəfi belə qalmamışdı, xatirələr dəfələrlə təkrarlanıb zehnimdə öz rənglərini itirmişdi. Bütün yaşananlardan və düşüncələrdən geriyə qalan hisslər olacaqdı. Və sonda onlar da yoxluğunun boşluğuna süzülüb yox olacaqdılar.

Çöküşümün sonuncu günü idi, əlbəttə səhər oyandıqda bunu təxmin belə edə bilməzdim. Mənə görə bu çöküş əsrlərdir davam edirdi və əsrlər boyunca da davam edəcəkdi. Depressiya günlərimdəki rutinimə uyğun olaraq günorta saat 2-də yerimdən qalxıb mətbəxə keçib bir neçə stəkan su içdim. Hər dəfə güzgü ilə qarşılaşdıqda görünüşüm daha da solurdu. Arıqlamışdım, gözlərimin altı qara, içi isə qırmızıydı. Saçım və uzatmağı sevmədiyim saqqalım dağınıq idi. Amma bunlar barədə nəsə etmək fikrim yox idi. Otağa keçib keçmişdə topladığım kağızlarla dolu torbadan bir ovuc kağız çıxarıb kağız durnalar hazırlamağa başladım. Bir saat sonra ortaya sadəcə 4 kağız durna çıxmışdı və onlar da olduqca qrotesk görüntüyə malik idilər. Əgər psixoterapevtim bu durnaları görsə onların psixologiyamın bir təzahürü olduğunu söyləyərdi. Onları rəflərə düzməyəcəkdim, digər durnaların bu yerdəki çirkin zavallılara baxışlarını görmüşdüm. Yaradılışdan qüsurlu olan bu məxluqları onların arasına qoyaraq ruhlarını incitməyəcəkdim. Onları yox etmək, varlıqlarına son qoymağa da əlim gəlmirdi. Düzgün şəkildə kağız durna hazırlaya bilmədikdə artıq bu depressiya günlərinin mənə zərər vurduğunu anlamışdım. Hər şeyin günahkarı sən idin, Sitarə. Tamamilə obyektiv şəkildə dəyərləndirdikdə hər zaman bu nəticəyə gəlirəm. Mən ikimiz üçün də ən ortaq yolu tapmağa çalışırdım, sən isə özünə uyğun yolda mənim yeriməyimi istəyirdin. Çöküşümün günahkarı da sən idin. Bunlar barədə danışmaq... Bunlar barədə yenidən düşünmək belə... Ayaqyoluna qaçıb qaytarmağa başladım. Yenidən otağa qayıtdıqda başım fırlanırdı, gözüm önümü görmürdü, halsızlıqdan yerə yıxılıb qalmağım an məsələsi idi. Telefona çatıb bir dostuma, bir yaxınıma zəng eləməyə çalışacaqdım. Ya da ən azından təcili yardım çağıra bilərdim. Telefon yataq otağımda idi. Qaranlıq yataq otağına keçdikdə otaqdan bir parıltı yayıldığını gördüm. Parıltı şkafdan yayılırdı. Otağın mərkəzinə çatdırdım özümü, parıldayan şey kağız durnalar idi. Əlimi üzümə apardım, gözlərimi ovxaladım, kağız durnalar hərəkət edirdilər, xırda hərəkətlərlə yerlərində tərpənirdilər. O an nə yaşandığını bilmirəm amma içimdə bir şey dəyişmişdi. Fərqinə varmışdım, sənə aşiq olmamağın tək yolu sənə nifrət etmək idi. Gülməyə başladım. Parıldayan kağız durnalar qanad açaraq ətrafımda uçur, dairələr çəkirdilər. Mən isə onların mərkəzində qəhqəhələr çəkərək gülür, qollarımı yana açaraq qışqırırdım. Bir kitab yazacaqdım, o kitabı sənin üçün yox, özüm üçün yazmağa qərar vermişdim artıq. Rahatlamışdım, ayılmış kimiydim, işıq yenidən içimə dolurdu. Və həmin an var olan bütün zərrələrimlə sənə nifrət edirdim.

Sitarə və kağız durnaTempat cerita menjadi hidup. Temukan sekarang