Etiraflar.

3 1 0
                                    

Kitabı yazdığım günlərdə dalğınlığım pik nöqtələrinə varmışdı. Artıq sona çatmışdım amma sonun nə olacağından əmin deyildim. Cəmir bir absaz, tək bir abzas sonra səni görə bilərdim. Nəhayət bu əzab sona yetəcəkdi. Təəssüf ki, əvvəlcədən müəyyən bir sonluq planlamamışdım. Tələsməli olduğumu bilirdim, yoxsa gecikəcəkdim və sən ölkəni tərk edəcəkdin. Sənin gedişin barədə düşünəndə hiss etdiyim tək şey bunu istəməməyim olurdu. Sənin getməyini istəmirdim. Bütün bu zaman boyunca səni bir çox şeylə ittiham etmişdim, getdikcə özümün də süddən çıxmış ağ qaşıq olmadığımın fərqinə varırdım. Bəzi yalanlar danışmış və yalanlarıma haqq qazandırmağa çalışmışdım. Buna kitabı yazdığım müddətdə də davam etmişdim. Kitabın ilk 16 hissəsini yazıb bitirdikdən sonra sonluq barədə düşünərkən yenə mənə zəng edib xırda dəyişikliklərin niyə bu qədər uzun vaxt aldığını soruşmuşdun istehzayla. Az qaldığını demişdim, inanıb inanmadığını bilmirəm. Bu kitabı oxuyarkən mənə inanmağını istəyirəm, buna görə də artıq yalanlara bir son verəcəyəm. İlk öncə nəyisə gizlətməyi də yalan danışmaq olaraq hesab edənlərdənsənsə sənə qarşı hisslər bəslədiyimi etiraf edirəm. Səni sevdiyimi demək hər zaman mənə çox çətin görünürdü, sevgini sözlərlə ifadə etmək asan yola qaçmaq kimi gəlirdi mənə. Sən isə səni sevdiyimi göstərən bütün davranışlarıma qarşı laqeyd idin, bəlkə də vaxtında özümü bu qədər çətinə salmadan birbaşa hər şeyi ifadə etməliydim.

Yalan danışmaq oyun oynamaq kimidir, Sitarə. Oyun oynamağı sevdiyini bilirəm, ruhunda uşaq qalan tək yön elə budur. Kitabı yazmağa başlamağıma bir neçə gün qala yalanlar və həqiqətlərlə dolu bir oyun gəlmişdi ağlıma, axtardığımı tapmışdım deyəsən. Amma öncə hazırlıqlar edilməli, hər şey ən xırda detalına qədər planlanmalı idi. Bütün gecə bu barədə düşündükdən sonra səhər yerimdən qalxan kimi ilk iş olaraq rəssam dostuma yazmışdım:

- Kitabın üzü hazırdır?

- Aha, demək olar ki, hazırdır. Elə dünən tamamladım.

- Şəklini göndərə bilərsən?

- Bir dəqiqə... Yüklənir.

- Yaxşıdır... Amma dövlət nömrə nişanını da əlavə edə bilərsən?

- Artıq deyəcəksən niyə məhz bu maşın??? Üstəlik sənin maşınlara qarşı heç vaxt həvəsin olmayıb, indi hardan çıxdı bu birdən-birə? Yoxsa maşın yarışları haqqında kitab yazırsan?

- Hər şeyi izah edərəm görüşəndə. Maşının nömrəsini yenidən çəkə bilərsən?

- Çəkərəm, niyə çəkmirəm. Nömrəni yaz.

- 77-PH-532

- Axşam hazır olar. Qurtarıb xəbər edəcəm, görüşərik.

- Sən hardasan indi?

- Aviakassada.

- Elə ora gələrəm onda axşam. Ünvanı necə gedirdi oranın, taksi çağıracam.

- 50 dəfə gəlmisən. Dilarə Əliyeva 237.

- Bildim. Görüşənədək.

Axşam dostumla görüşənə qədər başqa bir neçə yerə dəymişdim. Planım üçün zəmin yaradırdım, ağlımda danışacağım bütün yalanlar formalaşmağa başlamışdı, bunun xəta olduğunu düşünmürdüm belə. Kitabı yazarkən bəzən çox sadə, bəzən çox qarışıq səbəblərdən doğru olmayan şeylər yazmışdım. Məsələn qonşunun itini gəzdirməyimi yazmağım onlardan biri idi, əslində isə sadəcə qonşudakı xalanın zibillərini atırdım. Ya da müdirin otağını yüzlərlə kağız durnayla bəzəməyim bir anlıq gözümün önünə gələn təsvirlərdən biri idi, onu həqiqətən etmək istəmişdim. Qəbələ avtovağzalında bir qızla sevgi barədə söhbət etməmişdim, o söhbət sadəcə ağlımdan keçənlərdən ibarət idi. Bütün bu yalanlara bəyaz demək düzgün olarmı, bilmirəm amma inan ki, hər birinin mənə məntiqli gələn səbəbləri vardı. Yazdığım ya da dediyim hər şeyi bir yalan olaraq qəbul etməməlisən, Sitarə, gerçəklər və onların sübutları ilə qarşılaşacaqsan əgər səbr etsən.

Sitarə və kağız durnaWhere stories live. Discover now