Kağız kəsiyi.

6 3 0
                                    

Özümü aldadılmış hiss edirdim. Adətən necə hiss edirdimsə ətrafdakı digər insanların da mənimlə birlikdə həmin hissin aurası daxilində olduğunu zənn edərdim. Məsələn əgər kədərli idimsə bütün dünya da eynilə mənim kimi kədərli olurdu, əgər əsəbi hiss edirdimsə ətrafımdakı insanların hər hərəkətinin də qəzəblə edildiyini düşünürdüm. Özümü aldadılmış hiss etdikdə isə bütün bəşəriyyət mənimlə birlikdə iyrənc bir yalanın qarşısında qalmışdı. Artıq bu barədə düşünmək, bu barədə danışmaq belə ürəkbulandırıcı hal almağa başlamışdı. 

İşdən ayrılmağımın üzərindən günlər keçmişdi, neçə gün olduğunu dəqiq deyə bilməzdim. Bir tək bildiyim bu idi ki, hər gün məni yerimdən qalxmağa vadar edən iş deyilən anlayışın həyatımdan çıxması bədənim üçün səhərlər fəaliyyətə keçməyimə yarayan təkanverici qüvvəni sıfırlamışdı. Bütün motivlərini itirmiş bir hekayə, həm də tək bir hekayə belə yaza bilməyən bir yazıçı idim. Günəşin çıxmasının bir mənası qalmamışdı əgər səhərlər də qaranlıqda oturacaqdımsa. Arabir qidalanmaq, ayaqyoluna getmək, kağızdan durna hazırlamaq kimi zəruri ehtiyaclarım üçün yerimdən qalxırdım. Zənglər gəlirdi, bəzən qapı döyüldüyünü eşidirdim, pəncərədən çöldə axıb gedən yaşamın səs-küyünü eşidə bilirdim. Siqnal səsləri, bir yığın hara tələsdiyini anlamadığım insan, şəhərin bitmək bilməyən xaos döngüsü. Bu səbəbdən səyahət planımda regionlara getmək var idi, əgər bu şəhərdə axtarsam öz hekayəmi nəticədə yorğunluqdan başqa heç nə keçməyəcəkdi əlimə. Daha sakit, daha az insan olan yerlərdə daha maraqlı hadisələr yaşanacaqdı əminəm. Əgər yerimdən qalxıb həmin səyahətə çıxa bilsəydim bu özü də elə maraqlı bir hekayənin başlanğıcı olacaqdı. Reaksiya vermə qabiliyyətimi itirmişdim, bəlkə də fərqində olmadan ölmüşdüm mən. Etmək istədiyim şeylərin ardındakı mənalar həmin şeyləri etmək üçün yaranmalı olan istək hissini yarada bilmir, yetərli gəlmirdi. Sən olmasan həyatımın necə bir hala düşəcəyini sənə danışmışdım, sən isə bunun metaforlarla bəzədilmiş bir melanxolik düşüncəsi olduğunu sanaraq sözlərimi hər zamanki kimi ciddiyə almamışdın. Artıq mənim kimi insanların pessimizmi cəmiyyətdə bir heç sayılırdı. Məsələn o qədər uzun müddət intihar etmək fikri barədə danışmışdım ki, artıq məni tanıyan hər bir şəxs intihar etməyəcəyimə əmin idi. Kədər yalnızlığın və yardıma möhtac olmanın davranış halı idi və bir çox insan kədərin bu xüsusiyyətini sui-istifadə edirdi. Amma bəzi insanlar isə o qədər kədərli olurdular ki, var olan bütün ifadə yollarından istifadə etsələr belə yenə daxilində yaşananların bir parçasını açıqlamış olurdular.

Hər şeydən əvvəl yerimdən qalxmağın bir yolunu tapmalı idim. Bir kitab yazmazdan əvvəl, bir hekayə tapmazdan əvvəl üstümə çökən bu ağırlığın altından çıxmalıydım. Əzilmək istəmirdim, sadəcə qarşı qoyacaq taqətim qalmamışdı. Depressiyada deyildim, nə qədər elə olduğumu desələr də mənə mən bunu sadəcə yaradılış formam olaraq görürdüm. Hər daim kədərli, intihara meyilli. İnsan ağrılar içində olduqda bu ağrının ölümünə qədər onunla olacağını, hətta ölümdən sonra da ona yapışıb qalacağını düşünür. Ağrı olmadıqda isə ağrının heç vaxt var olmadığını və bir daha var olmayacağını zənn edir. Ağrı barədə dürüst fikirləri bir tək ağrılar içində olan biri dilə gətirə bilər. Bu səbəbdən ağrı barədə dediklərimin tam dürüst olduğuna əmin ola bilərsən. Dürüstlük barədə danışacaq son insan ola bilərəm. Görünməz yaralarım qanadıqda ağrının mənbəyini tapmaq və onu müalicə etmək də çətinləşirdi. Görünməyən yaraların görünənlərdən fərqi onda idi ki, ağrı nə azalmır, nə də artmırdı zamanla. Hər an ilk anda olduğu qədər təzə qalırdı.

Ən yaxın dostlarım olan kağızlar belə ara-sıra məni yaralamağa çalışırdı. Bir kağızın yaratdığı kəsik təxmin ediləndən çox daha ağrılı olurdu. O yağışlı gündə, oturduğumuz kafedə sənə utanaraq ciblərimdəki kağızları göstərərkən yaranan yaranın ağrısını hələ də xatırlayırdım. Kağızların bəzilərinin üstünə palçıq yapışmışdı, yenə də ağılsızlıq edib onları masanın üzərinə qoymuşdum. İlk öncə kağızlara baxdın, sonra dərin, tünd qəhvəyi gözlərinlə məni incələdin.

- Sənə danışdığım məsələ bu idi.

Kağızlardan birini iki barmağının ucunda götürüb yuxarı qaldırdın.

- Bunlar sadəcə kağızdı. Yəni... Başa düşmədim.

- Heç bir kağız sadəcə kağız deyil. Onlar bir növ ruhdular, ölü ağacların ruhları. Mən yerdə gördüyüm bir kağızın yanından keçə bilmirəm, keçdikdə fısıltılar eşitməyə başlayıram. Ölü ağacın parçalanmış ruhu məni səsləyir.

- Olduqca şairanə və əbədidir. Amma buna inanmırsan, elə deyil? 

Susub kağızları yığışdırmağa başladım, mənə qəribə biri imişəm kimi baxırdın, bu baxışın uşaqlıqdan bəri nə mənaya gəldiyini yaxşı bilirdim. İkinci dəfə göz-gözə gəldikdə baxışındakı bir şey dəyişmişdi, artıq o baxışlarda bir miqdar maraq da sezilirdi. Sənə bu adətim qəribə olmaqla yanaşı maraqlı da gəlmişdi görünür. Bir an həyəcandan əlim titrəmişdi, bir parça kağız o anda barmağımı kəsmişdi, qan damlası masanın üzərinə düşdükdə sızıldadım. Dərhal ayağa qalxdın.

- Narahat olma, mühüm bir şey deyil. Sadəcə kağız kəsiyidir.

- Ağrıdır? Dayan, çantamda bint olmalıdı. - üzündəki ifadədən narahat olduğun bilinirdi. Anlamırdım, bu ifadəni yaradan şey ağrıya verilən normal insan reaksiyası idi yoxsa həqiqətən belə kiçik bir ağrı səbəbilə belə mənim üçün narahat olmuşdun. Açığı o an bunu düşünmürdüm, çünki qayğıma qalırdın. 

- Kağız kəsiyinin ağrısı normal kəsikdən çox olur. Amma bir aza keçər, bu qədər şişirtməyə dəyməz.

Barmağımı bintlədikdən sonra yerinə oturdun.

- Sadəcə qan görməyi sevmirəm.

Əllərimi üzünə yaxınlaşdırdım.

- Öyrəşmişəm mən. - əllərimin hər tərəfində kağız kəsiklərinin yaratdığı xırda yaralar vardı.

Bu adətim barədə bir xeyli danışdıq o gün. Sən bunu yazıçıların qəribə insanlar olmasına bağlamışdın, sənə görə ədəbi insanların hamısının özünə xas qəribə adətləri olurdu.

- Əslində tərgitmək istəyirəm. Mənim üçün də xoş deyil yol gedərkən əyilib yerdən kirli kağız parçasını götürmək. Həm də məqsədsiz gəlir, yığdığım kağızları adətən yenidən ağaclara bəxş edirəm. Xilas ola bilmirəm bu adətdən.

- Əgər xilas ola bilmirsənsə bu adətini yararlı bir şeyə çevirə bilərsən. Məsələn... kağızdan fiqurlar hazırlaya bilərsən onlarla, kağızdan durnalar... Oriqami ilə məşğul ola bilərsən.

Kağızlardan birini, ən təmiz olanını götürdün, təmizlik barədə obsessiv biri idin. Və mənə göstərməyə başladın, kağızı bükdün, açdın, ona forma verdin və sonda alınan nəticə məni sehirləmişdi. Kağızdan durnanı masanın mərkəzinə qoydun.

- Gördün? Asandı, elə deyil? - gözlərin parıldayırdı. Gülməyə başladım.

- Mənə də öyrət! - uşaqca bir həyəcanla dedim.

Həmin vaxtlar həftədə azı bir dəfə görüşərdik. Amma o görüşdən sonra kağız durnalar sayəsində həftədə 3, bəzən 4 dəfə görüşməyə başladıq. Aramızda bir yaxınlaşma, özümüzün də anlamadığı bir səmimiyyət yaranmışdı. Səninlə bir sirrimi paylaşmışdım, sən də mənimlə bir sirrini paylaşmışdın və sanki bu sayədə yeni bir mərhələyə keçmişdik. Kağız durna hazırlamağı öyrədərkən mənə əllərimiz bir-birinə toxunar, göz-gözə gələrdik. Əgər bir gün əzaba dönüşəcəyini bilsəydim o xoş anların yaşanmasına icazə verməzdim. Təəssüf ki, xoş anlar yaşanmışdı və zehnimdə məni hər an kədərləndirməyi bacaran xatirələr vardı. Bir kağız kəsiyi kimi, göründüyündən daha çox ağrı verirdi. Və yaramı sarımaq üçün yanımda belə deyildin.

Sitarə və kağız durnaWhere stories live. Discover now