Sərxoşun gəzintisi.

9 4 0
                                    

Bəlkə də düşündüyümdən daha sərxoş idim. Evim elə də uzaqda yerləşmirdi, əgər halım üzərimdə olsa piyada da gedə bilərdim. Amma bardan çıxdıqdan sonra ürəkbulantısı, baş fırlanması kimi sərxoşluq simptomlarını hiss etməyə başlamışdım. Taksi bir neçə dəqiqə sonra önümdə dayanmışdı, qapını açdım, arxa oturacağa əyləşib ünvanı dedim. Bunları belə etmək üçün həddindən artıq fokuslanmalı olmuşdum. Taksi sürücüsü mən tərəfə bir kitab uzadıb nəsə danışmağa başladı. Onun dediklərini dinləyəcək vəziyyətdə olmadığım üçün ondan sadəcə məni dediyim ünvana çatdırmağını xahiş elədim. Və başımı pəncərəyə söykəyib yol boyu düşünməyə başladım. Kədərli deyildim, Sitarə. Nə də olsa bunun olacağını hələ ilk gündən anlamışdım. Hər dəfə öz-özümə bizim nə qədər uyuşmadığımızı başa salırdım. Amma sonra özümə bir yalan danışmağa başlamışdım, hər şeyin yaxşı olacağı ilə bağlı bir yalan. Hamısının günahkarı qurmağa başladığım zibilə qalmış xəyallar idi. İnsanın özünə danışdığı yalana inanmağı bir acizlik əlamətidir bəlkə də. Üstəlik bu yalan hamının işinə yarayan həmin uydurulmuş həqiqətlərdən biri deyildi, bu yalan nə sənin, nə mənim işimə yarayırdı. Qəddar reallıqla yenidən qarşılaşdıqda onun ən başda bu qədər qəddar olmadığını xatırlamışdım, o sadəcə bir fakt idi, heç bir ədəbi bəzəyə ehtiyac duymayan bir fakt. Amma niyəsə hər dəfə onunla yenidən qarşılaşdıqda üzərində tikanlar çıxır, qana susamış qırmızı gözləri peyda olur və hər ayrılıq sonrası daha da qorxunclaşırdı. Bütün bunlara baxmayaraq kədərli deyildim. Məni bu qədər düşünməyə vadar edən hiss etdiyim bu boşluq idi. Sanki göz qırpmaq, nəfəs almaq kimi ən adi instinktiv hərəkətlərdən birindən məhrum qalmışdım. Ya da günlük rutinimin ən mühüm parçası qoparılmışdı günümdən. Varlığını ən adi şeylərlə müqayisə etməyim onun dəyərsizliyini göstərmək üçün deyil, mühümlüyünü vurğulamaq üçün idi. Əsas dəyərsiz olan yoxluğun idi, çünki bir boşluq yaradırdı. Və bir boşluğa baxaraq onun haqqında bir fikir bildirmək, bir dəyər müəyyən etmək olduqca çətin idi. Səni həyatımın əvəzsiz bir parçasına çevirmək bir xətaydı, hər dəfə daha həvəslə yerinə yetirdiyim bir xəta.

Taksi şəhərin işıqlı amma getdikcə qaranlıqlaşan küçələrini keçdikcə sərxoşluğum azalır, tədricən özümə gəlirdim. Yol gözlədiyimdən daha uzun çəkmiş kimi gəldi, sanki bir saat öncə başımı söykəmişdim bu pəncərəyə. Yenə bütün əzalarım keyləşmişdi. Ödənişi edib taksidən endim, yaşadığım binanın önündə idim. Amma hələki evə qalxmaq kimi bir fikrim yox idi, bu gün çox hərəkətsiz qalmışdım, bu səbəbdən bir gecə gəzintisinə çıxmağa qərar verdim. Məhəllədə fırlanmağa başlamışdım, buraları yaxşı tanıdığım üçün önümə baxmağa ehtiyac olmurdu, yəni azmaq kimi bir təhlükəm yox idi. Adətən tanımadığım yerlərdə gəzməyə çalışdıqda dalğınlığım səbəbilə azıb qalırdım, buna görə də belə məqsədsiz gəzintiləri tanıdığım yerlər üçün saxlayırdım. Hava təmiz idi, sərxoşluğun gətirdiyi bulanıqlığı ilk öncə ciyərlərimdən, daha sonra beynimdən silib atırdı. Yol boyu heç nə düşünməməyə çalışırdım, bunu bəzən özümü tükənmiş hiss etdikdə sınayırdım. Zehnimdən bütün düşüncələri süpürmək, başımın içində mütləq səssizliyə varmaq, sadəcə bir anlıq belə olsa. İşlərlə dolu bir günün ortasında vaxt edib oturub 5 dəqiqəlik çay fasiləsi vermək qədər dincəldən bir səssizlik. Həmin səssizliyi belə təxmin edirdim ən azından, heç vaxt bacara bilməmişdim. Birini susdurduqda digərləri gün üzünə çıxırdı, heç dayanmırdılar, bir an belə macal vermirdi bu səs-küy. Özümlə hər yerə daşıdığım bir hevi-metal konserti kimiydilər.

Bir elektrik dirəyinin yanından keçdikdə dayandım. Dirəyə bir elan asılmışdı, hansısa dəzgah sexinə işçi axtarılırdı. İşlədiyim bir işim var idi, üstəlik dəzgah sexində işləmək marağımı cəlb etmirdi. Amma bu kağız parçasının yanından eləcə ötüb keçə bilməzdim, belə gecə gəzintilərinin çox vaxt özüm də bilmədən məqsədi bu olurdu. Elanı dirəkdən qopardım, səliqəylə büküb arxa cibimə yerləşdirdim. Bir az irəli gedib avtobus dayanacağına çatdım, bankomatın ətrafındakı bir neçə çeki yerdən yığıb elanın yanına qoydum. Gəzinti bir saata yaxın sürdü, bütün məhəlləni fırlanıb yerdəki kağız parçalarını topladım, əlavə bir neçə elan da qoparmışdım, mühüm olanlarına dəymirdim əlbəttə. Yenidən yaşadığım binanın önünə çatdıqda ciblərim kağız parçaları ilə dolub daşırdı. Gəzəndə ətrafa qəribə xışıltı səsi yayılırdı. Üçüncü mərtəbədəki evimə qalxdım, saat gecə 2-yə işləyərdi. Qaldığım ev iki dar otağı olan işıqsız, insanın ürəyini sıxan bir auraya sahib yer idi. Tək yaşadığım və çox qonaq qəbul etmədiyim üçün evin dizaynını ürəyim istəyən kimi etmişdim. Yemək masası gözə batacaq qədər qəribə yerdə yerləşmişdi, otağın ən küncündə. Yatmaq üçün istifadə etdiyim otaqda isə bir yataqdan əlavə 3 şkaf var idi. Bu şkafların birinə oxuduğum, daha çox isə oxumaq istədiyim kitabları yerləşdirmişdim. Digər iki şkaf daha xüsusi bir məqsəd üçün ayrılmışdı. Qapısız bu iki şkafın rəflərinə öz əl işlərimi düzmüşdüm. Yemək otağının mərkəzindəki xalçanın üzərinə bardaş qurub oturdum, cibimdən çıxardığım kağızları önümə qoydum. Bəziləri əzilmişdi, bəzilərinin üstü tozlu-torpaqlı idi, bəziləri isə işimə yaramayacaq qədər əzilmiş ya da həddindən artıq kiçik idi. Yararlı olanları bir qırağa toplayıb işə başladım. Sənin öz əlinlə mənə öyrətdiyin kimi, kağızları bükürdüm, səliqəylə, diqqətlə, həyatım boyunca fikrimi bu işlə məşğul olandakı qədər toplaya bilməmişdim. Kağızdan durnalar düzəldirdim sənin tövsiyyə etdiyin kimi, obsessiv adətimin, psixoloji pozuntumun qarşısını oriqami sənəti ilə almağa çalışırdım. Hələ ustalaşa bilməmişdim, sadəcə səni təqlid edirdim. Amma ilk zamanlardakından daha yaxşı bacarırdım artıq, ən azından durnalarım durnaya bənzəməyə başlamışdı. Hər bir kağızdan hazırladığım durnanı diqqətlə kənara qoydum. Bu gecə 8 dənə hazırlaya bilmişdim. Ümumilikdə 300-ü keçmişdi sayı. Yeni hazırladıqlarımı da bir-bir aparıb rəfdəki yerlərinə qoydum. Sonra başdan saymağa başladım, bunu hər gecə edirdim. Bu sayma prosesini cibindəki pulunu hər dəfə artacaqmış ümidiylə sayan birinin həvəsiylə edirdim. 337. Deməli 663 dənə qalmışdı diləyimə çatmağa. Yapon əfsanəsinə görə, 1000 ədəd kağız durna hazırlayıb dilək tutduqda həmin diləyin gerçəkləşirmiş. Bir diləyim olduğunu bildiyin üçün mənə kağız durna hazırlamağımı tövsiyə etmişdin? Bəli, bir diləyim vardı və bu diləyi gerçəkləşdirmək üçün bu cür fantastik yollara belə əl atmağa hazır idim. Gecə saat 3-ə yaxınlaşırdı, sərxoşluğun sonuncu simptomu da özünü biruzə verirdi, əsnəməyə başladım. Sabah bazar günü olduğu üçün tez oyanmaq kimi bir problemim olmayacaqdı. Yenə də yatmalıydım, yerimə keçdim. Rəfdəki onlarla kağız durnaya baxaraq bir müddət diləyim barədə düşündüm, yuxuya getdiyim son anlarda belə beynimin düşüncə fəaliyyəti səngimirdi, daha betəri isə yuxuya getdikdən sonra başlayan röyalar idi.

Sitarə və kağız durnaWhere stories live. Discover now