Birinci fəsil

74 8 12
                                    

Həyat əslində səhifələri olmayan qalın bir kitab kimidir. Bu səhifələrsiz səhifələrdə isə fərqli hekayələr yazılıb. Mənim sizə danışmaq istədiyim hekayə isə əslində çoxdan bitib. Artıq 8 ildir ki, Ruhan Muradsoy bu dünyada yoxdur. Amma 8 il sonra gənc bir jurnalist böyük bir şirkətin gözləmə zalında əyləşib, həyəcanlı barmaqlarını ilə çantasını sıxmağa başladı. Onun müsahibə alacağı insan ölkənin ən önəmli şəxslərindən biri hesab olunurdu. Sahibi olduğu şirkət qısa zamanda dünyanın hər tərəfinə yayılmış və Amil Nəzərova böyük bir sərvət qazandırmışdı. O artıq Amil Nəzərovdan daha çox, Amil müəllim olmuşdu. Həmişə, belə olmur? Sizi ustad və müəllim sayanların sayı sizin cibinizdəki pulun miqdarından asılıdır. Amil müəllim kimi "müəllimliyin" ən üst zirvəsinə çatmış insanlardan müsahibə almaq o qədər də asan bir şey deyildi. Çünki, yüksək mərtəbəli şirkətin pəncərəli baş ofisinin kreslosunda oturan insanlarla müsahibə almaq üçün əvvəlcə, müsahibə icazəsi almaq lazımdır. Bu icazəni isə sadəcə böyük media qurumlarının baş ofisində əyləşən rəhbərlər ala bilərdi. Amma gözləmə otağında oturan bu gənc qız nə heç bir baş ofisdə otururdu, nə də böyük media qurumunda çalışırdı. Aida blogger idi. Bir həftə əvvəl Amil Nəzərovun iştirak etdiyi formun çıxışında kütlənin arasından sivişib Amil müəllimi çağırmışdı. Əslində, Aidanın balacaboy və arıq bədəni sanki elə kütləni yarıb keçmək üçün yaradılmışdı. Heç kim deyə bilməzdi ki, bu arıq vücud özündə ambisiyalı və hiyləgər xarakteri daşıyır. Geyindiyi mini yupka və sinəsi geniş köynəklər də qızın görkəminə həlim bir seksuallıq qatırdı. Bəlkə də, Amil Nəzərovun da ilk baxışdan diqqətini çəkən bu olmuşdu.
- Amil müəllim - deyə qız çağırmışdı - sizdən müsahibə almaq olar?
- Mən tələsirəm - deyə Amil müəllim nazik qaşlarını qaldıraraq cavab vermişdi. O belə edəndə qaşları alnına tökülən ağlı-qaralı saçlarının altında qalırdı və bu zaman, o, heç də böyük iş adamına yox, aqressiv yeniyetməyə bənzəyirdi. Əslində, Amil Nəzərovun yaşına rəğmən ağaran tellərində və arıq vücudunda böyük bir stress və əsəbin yatdığını təxmin etmək olardı.
- Yox, indi yox - deyə Aida öz məramını ifadə etmişdi - daha sonra xüsusi bir müsahibə istəyirdim.
Amil müəllim qızı bir daha başdan süzüb və elə başdan eləmək üçün bu sözü demişdi.
- Katibəmlə əlaqə saxlayarsınız.
Amil Nəzərov uşaq deyildi. Bir qızın bədənini göstərərək "xüsusi bir müsahibə" ifadəsini işlətməsinin bir diqqət çəkmə metodu olduğunu bilirdi. Ona görə də, indi bu qızdan yaxasını qurtararaq maşınına oturmaq istəyirdi. Amma, bunu edə bilmədi. Qız ondan hansı mövzuda müsahibə almaq istədiyini deyəndə yer Amil Nəzərovun ayağının altından çəkildi. Gözləri uzaqda bir məchul nöqtəyə zillənib, dondu. Bütün qanı bədəninin dərinliklərinə çəkilərkən Amil müəllim bir neçə saniyəlik oranı tərk edib, sadəcə Amil olduğu vaxtlara getdi. O günlərin gülüşləri, hətta ağlayışları, geyindiyi əyninə böyük paltolar və siqaret külündən deşilmiş köynək. Və təbii ki, çiyninə sarılmış qol və o qolun rolu.
Aida Amil Nəzərovun qəbuluna belə düşə bilmişdi. Normalda, Amil müəllim kimi insanlara suallar əvvəldən göndərilir və onlar müsahibəyə hazırlaşırlar. Amma, indi mövzu və vəziyyət istisna idi. Gözləmə otağında oturan katibə də gənc jurnalistin qara, dərin gözlərinə baxaraq, düşünürdü ki, Amil müəllim niyə illər sonra kiməsə müsahibə verəcək axı? Səbəb hər nə idisə, gözləmə otağına gələn zəngdən sonra Aida içəri dəvət aldı.
Bu işıqlı və geniş otaqda sanki tutduğu mövqeyi ifadə edən böyük masanın arxasında və böyük kresloda Amil Nəzərov əyləşmişdi. Ayağa qalxıb, qıza əyləşəcəyi yeri göstərəndə qeyri-ənənəvi olaraq qara köynəyini qara şalvarının üstünə saldığını görmək Aidanı təəccübləndirmişdi.
" Bir az daha səliqəli ola bilərdi"
Hətta, deyəsən bu səliqəsizlik qızın xətrinə də dəymişdi.
"Nədir, yoxsa məni ciddiyə almır"
- Aida Rövşən, 6 ildir ki, blogger kimi fəaliyyət göstərirsiniz - deyə Amil müəllim salamsız və necəsinizsiz mövzuya girdi - kifayət qədər də uğurlusunuz. Amma, siz daha çox sosial problemlər haqqında yazırsınız. Bu mövzu isə fərqlidir.
- Kitab yazmaq istəyirəm. Onun haqqında. Diqqətimi çox çəkir - deyə bu sərt adamın qarşısında özgüvəni itirən Aida demək olar ki, mızıldadı - düşünürəm ki, Ruhan Muradsoyu insanlar daha çox tanımalıdır. Siz onun ən yaxın dostu olmusunuz.
- Bəli - Amil müəllim səsindəki titrəkliyi gizlətməyə çalışaraq dedi.
- Mənə onun haqqında danışmağınızı istəyərdim.
Amil Nəzərov arxaya söykəndi və dərin bir iç çəkdi.
- Blogunuzda paylaşdığınız şəkillərə əsasən hansı növ kofe xoşladığınızı bilirəm. İki kofe deyim, ondan sonra başlayaq.
- Əlbəttə, məni yaxşı araşdırmısınız.
- Bunun üçün maaş verdiyim insanlar var.

Ölüm sonrası düşüncələr حيث تعيش القصص. اكتشف الآن