Yeddinci fəsil

39 5 6
                                    

Fərqan Kərimli gözlərini Aidanın təəccüblənmiş üzünə dikərək heç vermədiyi sualın cavabını gözləyirdi.
Nə? Aida nə öyrənmişdi?
- Ruhan Muradsoy bizim hamımızın qəhrəmanıdı - deyə Aida danışmağa davam edirdi - buraxın ondan yanlış bir şey gözləməyi, ondan adi insan olmağı belə gözləmirik. Amma bu gün onunla bir zamanlar işləmiş bir nəfər mənə onun haqqında elə şeylər dedi ki... Açığı nə düşünəcəyimi belə bilmirəm. Dediyinə görə, Ruhan Muradsoy hər zaman sıxıntılı olardı. Yəni, elə görünərmiş. Və bir dəfə deyib ki, özümə bağışlaya bilmədiyim pisliklərim var.

Aida susdu. Fərqan bir müddət sakit dayandıqdan sonra soruşdu:
- Və bu sizin üçün nə ifadə edir?
- Bilmirəm, Fərqan bəy, kitabımın qəhrəmanı deyəsən pis insandır.
- Bloqu uzun mən də oxumuşdum, Aida xanım - deyə Fərqan yeni bir arqument irəli sürdü - dostları haqqında çox həvəslə və iştahla danışırlar.
- Bəli, amma deyəsən bizim bildiyimiz Ruhan Muradsoy əfsanəsi əslində onun dostları tərəfindən yaradılıb. Biz deyəsən uzun müddətdir ki, bir illuziyaya heyran olmuşuq.

Amil öz otağında oturaraq siqareti yandırarkən, həm də bu qaranlığın yeganə işıq mənbəyini yaratmış oldu. Deyəsən, bunun təsirindən çıxa bilməyəcəkdi. Ən yaxın dostunun özünü bu qədər tənha hiss etməsini heç vaxt bilməmişdi. Özünü bağışlaya bilərdimi? Görəsən, Nail bilirdi? Amma yox, onların üçü də bir-birləri ilə eyni dərəcədə dost idi. Hətta, Ruhan Amillə daha yaxın idi sanki. Amilə demədiyi şeyi Nailə də deməzdi. Hətta bir dəfə Nail demişdi ki, məncə Ruhanı uzun müddət pis əhval-ruhiyyədə saxlayacaq heç nə yoxdur. Əgər, Nail nəsə bilsəydi, belə deməzdi. Ruhan hamımızı aldadıb. Ruhan Muradsoy... O qaya kimi adam. Hər cür çətinliyin qarşısında mübariz və yıxılmaz bir şəkildə dayanan adam. Heç kimin məğlub edə bilmədiyi, bütün məqsədlərinə çatmış insan. İçində böyük bir kədəri gizlədə bilərdimi? Heç nəyi ciddiyə almayan bir insan nəyi ciddiyə almışdı ki, özünü tənha hiss edirdi? Bir zamanlar bütün dünya nüvə bombasının atılacağı qorxusu ilə yaşayarkən Ruhan gülərək Amilə demişdi ki, elə bir şey olsa səninlə metroda görüşüb, təşkilat yaradarıq.
- Hamımız öləcəyik, sən hələ zarafat edirsən - deyən Amil siqaretini yandırmışdı.
- Doğrudur, öləcəyik, amma bəlkə ölmədik. Bu da bizim B planımızdı. Saat 2-də Nərimanov metrosunda görüşüb, təşkilat qurarıq, adını da qoyarıq Montin uşaqları.
Amil gülüb, Ruhanı qucaqlamışdı.
- Səni buna görə çox istəyirəm. Heç nə sənə təsir edə bilmir.
Amma görünən bu idi ki, nəsə Ruhana təsir etmişdi. Amil əlində tutduğu Ruhanın dəftərinin daha bir səhifəsini çevirdi.
" İnsanlar məndən çox uzaqda yerləşir. Bəzən, bu geniş dünyada özünü çox tək hiss edirəm. Məni tanıyan hər kəs mənə ya heyran olur, ya sitayiş edir. Hər zaman ya Tanrıyam, ya Şeytan. Məni normal insan kimi görən heç kim yoxdur ətrafda"

Axşam düşündükcə günəş üzünü planetin qaranlıq tərəflərinə tutaraq, arxasında böyük bir qaranlıq buraxırdı. Beləcə, insanlar da öz qaranlıq fikirləri ilə baş-başa qalarkən şeirlər yazılır və günahlar işlənirdi. Aida da özünə söz vermişdi ki, dürüst olacaq və həyatının bəlkə də ən böyük layihəsini heç nəyi gizlətmədən hiss etdiyi kimi yazacaq. Son zamanlarda facebookdan çoxlu dostluq təklifi gəlirdi. Nə də olmasa o ölkənin ən məşhur insanın həyatını yazan bir insan idi artıq. Bu həm də onun üçün hiss etdiklərini onunla eyni maraqları paylaşan insanlarla bölüşmək üçün bir fürsət idi. Beləcə, intelligent, fransız qadınlar kimi kofesini yanına qoyaraq, barmaqlarını klaviatura düymələrin də gəzdirməyə başladı.

"Ruhan Muradsoy, çox yaxşı tanıdığımız bir insan. Bəlkə də, heç tanımadığımız biri. Onunla bağlı hər zaman eyni şeyləri eşidirdik. Ölümü ilə əfsanəsini ölümsüz edən bu insan gənc yaşlarından karyerasında güclənərək, Nobel mükafatı alacaq zirvəyə yüksəlmişdi. Etdiyi kəşflə hamınızın həyatını dəyişmiş bu insanı hər kəs təmiz niyyətli, yolundan dönməz bir dahi olaraq xatırlayırdı. Onu ən yaxından tanıyan insanlar isə bunun sadəcə bir əfsanə olduğunu deyir. Ruhanın əfsanəsi realdır, yoxsa sadəcə dostları tərəfindən yaradılıb? O kim idi? Dünyanı dəyişdirən dahi, yoxsa öz dəyərsizlik hissinin altında əzilən bir narsist. O kim idi? İnsanların ilham qaynağı, yoxsa hər kəsi alçaldıb, özünü ucaldan antisosial şəxsiyyət? Heç nəyi dərd etməyən bir insan, yoxsa dərdlərinin köləsi olub, hər kəsi nərdivan kimi istifadə edən dahi sosyapat?"

Gecə nə qədər gözəl olursa-olsun ən böyük hiyləsi bir azdan səhərin açılmasıdı. Dünyada heç vaxt elə bir gecə olmayıb ki, arxasınca günəş və işıq gəlməsin. Ona görə də, gecə sakitləşən hər şey yenidən oyanır hər dəfə. Və sən heç bilməzsən necə dəhşətli görünür günəşin sarısı bir şairin gözlərindən.
Modern dünyada isə şəhərlər heç vaxt yatmır. Bunun sübutunu isə Aida o gün yuxudan oyanan kimi hiss etmişdi. Gecə yatmazdan öncə yazdığı statusa yüzlərlə rəy gəlmişdi. Aidanın mesaj qutusu onunla tanış olmaq istəyən oğlanların mesajları ilə deyil, Ruhan haqqında müsahibə vermək istəyən insanların mesajları ilə dolu idi. Hər şey çox sürətlə baş verirdi. Amma bundan da sürətlisi Aidaya müdüründən gələn zəng idi. Fariz Qurbanov ola bildiyi qədər rəsmi və sanki bütün hisslərini bir zamanlar öldürdüyü içindəki uşağın qəbrinə basdırmışdı. Özündən yüksək rütbəli hər kəsin önündə əl-pənçə durub, bəliləri və baş üstələri dekabr qarı kimi dilindən yağdıran bütün insanların ən önəmli xüsusiyyəti qorxaqlıqları və risksizlikləridi. Bəlkə də, buna görə bu insanlar böyüyə bilmir və kiçik uğurları ilə böyük tətminlər yaşayırlar.
- Bəli, Fariz müəllim?
- Aida xanım, necəsiniz?
- Yaxşıyam, xeyirdir oyy üzr istəyirəm, siz necəsiniz?
- Yaxşı, Aida xanım sizin arxanızca bir maşın gələcək. Beş dəqiqə sonra evinizin qarşısında olar.
- Nə beş dəqiqə, nə nə...nə maşın?- Aidanın ürəyi sürətlə döyünməyə başladı.
- Nazirlikdən zəng vurmuşdular. Cənab general özü sizinlə görüşmək istəyir.
- Nə nazirliyi? Hansı general? Mən heç yerə gedən deyiləm. Maşın filan gəlməsin.

Amma kölgələrdəki insan üzə çıxanda sizin heç bir şansınız olmur. Aidanın düz evinin qarşısında qara Mercedes markalı maşın dayananda və içindən yaraşıqlı, kostyum geyinmiş bir oğlan çıxıb, arxa qapını açıb "buyurun, Aida xanım" deyəndə də Aida anlamışdı ki, onun başqa seçimi yoxdur. Mersedes qaraldılmış şüşələri ilə Bakının yolları ilə şütüyür və sanki bu maşının xidmət göstərdiyi şəxslər də adi camaatdan bu qara rənglə fərqlənirdi. Maşının sürücüsü adi nimdaş köynək geyinsə də, öndə və Aidanın yanında oturan hər iki kişi geyindikləri kostyumlarla Matrixdəki agentlərə bənzəyirdilər.
- Biz hara gedirik?- Aida dizləri üstə qoymuş çantasını sıxaraq soruşdu. Hər ehtimala qarşı bu gün qara, bol şalvar geyinmişdi ki, birdən təhlükəli bir vəziyyət yaranarsa, qaça bilsin. Eyni zamanda, düşünürdüm ki, yəqin ki, generalın adamlarından qaçmağa mane olacaq tək şey yupka olmaz.
- Bizim heç bir məlumatımız yoxdur, xanım.
- Hara getdiyimiz haqqında məlumatınız yoxdur?
- Cənab general, sizinlə görüşmək istəyir.
- Hansı general? Nə məsələdir?
- Bizim heç bir məlumatımız yoxdur.
Aida başa düşdü ki, bu robotlardan söz qoparda bilməyəcək. Ən yaxşısı, səbr etməkdir. Maşın böyük bir binanın qarşısında dayanandan ön sırada oturan kostyumu oğlan düşərək Aida üçün qapını açdı. Aida onu müşahid edən kostyumlu əməkdaşlarla birlikdə pilləkənləri qalxaraq binaya daxil oldu. Qapıda dayanan əsgərlərdən biri ratsiyanı ağzına tutaraq danışmağa başladı.
- Cənab generalın dəhlizini maksimum izolyasiya edin.
"İlahi, nə baş verir?"
Aida üçüncü mərtəbədə dəhlizlə hərəkət etdikcə sanki bu səssizlik və kimsəsizliklə dünyadan ayrılır və qaranlıq aləmlərə keçid edirdi. Qorxulu, səssiz, qaranlıq, insan hislərinin içəri keçə bilmədiyi, ciddi disiplin və quru nizam-intizamdan ibarət bu dünyadan sanki heç çıxa bilməyəcəkdi. Nəhayət müvafiq kabinetə çatanda qapını döyərək astaca içəri girdi. Masada bütün çiynindəki və yaxasındakı əzəməti ilə oturan general ayağa qalxaraq gülümsədi. Masanın arxasından fırlanaraq iri addımlarla iki saniyəyə Aidanın qarşısına çatıb, əlini uzatdı.
- Xoş gəldiniz, Aida xanım, üzrlü hesab edin, sizi belə xəbərsiz şəkildə dəvət etməli olduq. Amma, hər şey bizim üçün də gözlənilməz oldu.
- Siz...
- Mən General Nail Məhərrəmov. Bir zamanlar Ruhan Muradsoyun ən yaxın dostuydum.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now