On səkkizinci fəsil

26 4 3
                                    


Öncəki bölümlərdən kiçik xatırlatma

Katibə otaqdan çıxdı. Aysel 43 yaşında ola bildiyincə gözəl və baxışları ilə kişiləri özünə cəlb edə bilən bir qadın idi. Bir gün təsadüfən iştirak etdiyi bir sərgidə onu görmüşdü.
- Siz Ruhansınız?- Aysel utana-utana soruşmuşdu.
Ayseldən 7 yaş kiçik olan bu oğlanla bir neçə dəfə görüşmək kifayət etmişdi ki, Ayselin həyatı dəyişsin. İndi, o, böyük bir şirkətin sahibinin şəxsi asistanı idi və bu iş ona sadəcə yaxşı maaş deyil, həm də ehtiyacı olduğu diqqət və qayğını da verirdi.  Aysel arzulayırdı ki, Amil Nəzərov ona bir kişinin qadına yönəltdiyi sevgini bəxş etsin.
***
Aida balaca, ağ zərfi elə uzatdı ki, Amil müəllimin kağızı alıb, yazılanları oxumaqdan başqa çarəsi qalmadı.
" Fəlakətdə və görüş yerindəki kəşfimi kəşf edin
İmza: R. M"
***
- Onu təzə tanıdığım dövrlərdə ən böyük məqsədinin nə olduğunu soruşmuşdum. O da mənə bilirsiniz, nə demişdi? Mən dünyanı dəyişəcəm.
- Dəyişdi də - dözməyən Aida yenə dilləndi. Amma bu dəfə özünü göstərmək üçün yox, səmimiyyətlə, içindən gələn güclü həqiqəti hayqırmaq istəyi ilə dünyaya pıçıldamışdı.
- Dəyişdi də - Amil müəllim təkrarladı
***
Amil müəllim özü də dostu haqqında yazılan mənfi rəylərə haqq verirdi? Bəlkə də, səbəb illər əvvəl Amilin Ruhanın yaxasından tutub divara sıxaraq, yumruğunu qaldırdığı o günə dayanırdı.
O gün Amil Nəzərov Ruhanı sonuncu dəfə görmüşdü.
***
- Tanrı öz ölümünü hazırladı?
- Ruhan heç vaxt ölməyib. Sadəcə dünyasını dəyişib.
Amil Nəzərov anladığı həqiqətin dəhşəti ilə gözlərini yumaraq arxaya söykəndi. Həqiqət heç vaxt bu qədər dəhşətli olmamışdı.

İNDİ

Gözlər hər zaman atmosferi olmayan planetlərin səhəri kimi qaranlığa açılır. Və Günəş. O, kainatın ən böyük yalançısıdır. Artıq sadəcə indi Amil Nəzərovun gözlərini açdığı qaranlıqda mövcud olan ulduzlar səmada parlamaqdadır.
- Həqiqət hər zaman qaranlıqdadır - Amil müəllim aydınlanmış buddistin inzivaya çəkilərkən öz-özünə pıçıldadığı mantralar kimi insanların yaşamadığı bir dünyaya səsləndi.
Bu qaranlıq tuneldə addımlarkən görünməyən bir mənbədən gəlib, üzünə toxunan küləyə qarşı gözlərini yumdu. Bu hiss üçün necə də darıxmışdı. Və indi anlayırdı. Ruhan Muradsoy bu dünyaya nə qədər yad idisə, Amil Nəzərov bir o qədər aid idi. Bir o qədər doğma. Bir o qədər yaxın. Artıq başqa şeyləri də anlayırdı.
Ruhan Muradsoy - elm dünyasının vəliəhdi və şahzadəsinin dahiyanə sərkərdəliyi onun kəskin zəkasında deyil, yıxıq çarəsizliyində gizlənirdi. Şahzadə taxtı ələ keçirib qələbə qazanmış və min illərdir tutulmaz olan şəhəri fəth etmişdi. Amma bunun səbəbi onun cəsarəti və zəkası yox, qorxaqlığı idi. Yeni kral ölkələri dövlətini gücləndirmək üçün fəth etmirdi, fərqli millətlər arasında öz dərdinə dərman və məlhəm axtarırdı. Kralın zəkası dahiliyindən və sorğulayan zehnindən qaynaqlanmırdı. O, xəstəliyinə çarə tapmaq üçün axtarır və oxuyurdu. Kral əslində səfil imiş. Kral əslində taxtının əzəmətində böyük bir firanlığın fironluğunu etmək əvəzinə hündür taxtdan asılı qalıbmış. Əslində, taxtdan dörd əllə yapışmasının səbəbi qüdrətli bir adamın gücü deyil, hündürlükdən düşərək baş verəcək ölüm qorxusunun vəhamətini hər bir hüceyrəsində hiss edən çarəsiz bir insanın qorxusuydu.
Amil müəllim qaranlıq tuneldə qorxduğu, amma real olduğunu arzuladığı bir həqiqətə tərəf addımlayırdı. Ruhan necə bu məhv edilmiş və alçaldılmış ölkənin səfil kralı idisə, Amil də bu ölkənin səfil zindanın ən azad və ümidli məhbusu idi. Ölüm hökmünün icra edilməsinə bir gün qalmış ölüm cəzasının yığışdırıldığı bir dövrdə buna sevinməklə ömürlük həbs cəzasının kədəri arasında qalan məhkum kimi o da nə hiss edəcəyini bilmirdi. Hansı daha yaxşıdır? Öldürülmək, yoxsa ömürlük məhkum olunmaq? Hansı daha yaxşıdır? Ruhan Muradsoyun olmadığı işıqlı bir dünya, yoxsa Ruhanın yıxılmış çarəsizliyinin üzərində dayanan, amma yenə də dostunun var olduğu qaranlıq dünya?
Amil müəllim başını qaldırıb onunla səmanın təbii bəzəyi olan ulduzlar arasında dayanan və çatlarından içəriyə doğru çirkli suların axdığı tavana baxdı. O əmin idi ki, hava işıqlı olsaydı, hər şey daha dəhşətli görünərdi. Hələ bir müddət əvvəl Ruhan onu fəlakətdə və görüş yerindəki kəşfindən yararlanmağa çağırmışdı. Amma Amil müəllim indi anlayırdı ki, hər şey taa ən başından bəlli idi. Anladığı dəhşətli həqiqət onun ayaqlarını çölə sürüyərək Ruhanın xətrinə onu ölümə aparırdı. Kənara qoyulmuş nərdivanın köməkliyi ilə tuneldən çıxarkən cəhənnəmin ortasında müdafiə altında olan əraziyə daxil olduğunu anlayırdı. Amil Nəzərovun katibəsi divanda oturub həyəcanla barmaqlarını şıkladırdı. Amma qarşısında illərdir ki, bir növ başqa bir dünyada ona rəhbərlik edən şəxsi gördükdə ayağa qalxaraq, gülümsədi.
- Aysel? - Amil müəllim onu heç nəyin təəccübləndirməyəcəyini düşündüyü anda yenə xəyalları suya düşmüşdü - sən burdaydın?
- Arafdaydım. Hər iki dünyada. Burda aparata qoşularaq sizin ofisinizdə katibəniz olurdum. Amma mənə işi Ruhan müəllim vermişdi, üzrlü sayın. Bura gələndə sizin haqqınızda məlumat verirdim. Sizin haqqınızda hər şeyi bilmək istəyirdi.
- Anlayıram - Amil Nəzərov pıçıldadı.
- Amil müəllim - qızın gözləri yaşarmışdı - niyə gəldiniz? Nə etdiyinizi anlayırsınız?
- Artıq önəmi yoxdur.
- Öləcəksiniz - Aysel illərdir içində gizli sevgisini daşıdığı rəhbərinin qarşısına yeriyərək gözlərinin içinə baxdı.
- Yaşamırmışam onsuz da.
Aysel bütün cəsarəti ilə müdürünün əllərindən tutdu.
- Amil müəllim.... Mən.... Mən həmişə... Mən sizi....
- Bilirəm - dedi Amil gülümsəyərək.
Dayanmaq olmazdı. Yola davam etmək lazım idi. Ruhan dünyanı dəyişmişdi. Və indi başqa bir mənada olsa da, Amil Nəzərov bunu etməli idi. Təkbaşına. Ölümə meydan oxumaq növbəsi artıq onda idi.
Əzrayıl özünü yetirib var-gücü ilə onun boğazından yapışmış və aldığı bütün nəfəsləri burnundan gətirirdi. Amil müəllim ölməyin əsas olduğu bir məqamda xırıldamağın mənasızlığını anlayan bir insanın fəlsəfəsi ilə dik dayanıb, irəliyə doğru gedirdi. Əzrayılla aralarındakı bu səssiz, amma qanlı müharibə sürdükcə sonun necə olacağı bilinsə də, bütün tanrılar və müqəddəslər, mələklər və şeytanlar nəfəslərini saxlayıb bu mənzərəyə baxırdılar.
- Ruhana bax, sən - deyə gülümsəyərək pıçıldadı - eqoist əclaf.
Ruhanın cəsarəti, sözlərini bütün çəkingənliklərdən azad bir şəkildə ifadə edə bilməsi, dəlicəsinə xəyalları və bu xəyalları yerinə yetirə bilməsinə dair tükənməz inancı çox insanda ona qarşı qıcıq və əsəb yaradardı. Ruhan Muradsoy kimi bir insanın var olduğuna insanlar asanlıqla inana bilmirlər və onu hər zaman qaralamağa çalışırlar. Amma, Ruhan da az deyildi. Amil müəllim illər öncə öz evində Ruhanla olan son görüşünü xatırladı. O, Ruhanı və Naili çağırmış və sonra hirslə qapını bağlayaraq demişdi. 
- Ruhan, düzünü de, Star world layihəsinə qatılmağımı sən təşkil etmisən?
- Nə olub ki? - Ruhan günahkar adamın üz bəyazlığı ilə qızararaq soruşdu.
- Nə olduğunu sən deyəcəksən - Amilin gözü dönmüşdü - sən məni kontrol edə biləcəyini düşünürsən?
- Bir dəqiqə - Nail odun üstünə su tökməyə gedərək tərəfini bəlli etməyə çalışan qarışqanın vəzifəsinin öz öhdəsinə götürmüşdü - nə olub?
- Bizim dostumuz, qardaşımız, fəxrimiz Ruhan bizi idarə etməyə çalışırmış. Ayseli mənim yanımda işə düzəldərək mənə bəzi fikirləri diqtə etdirirmiş.
- Amil, bir dinlə - Ruhan irəli doğru addım atdı.
- Dinləmirəm. Mən də deyirəm, niyə görə Aysel aylardır Star world layihəsindən danışır mənə. Amma halal olsun, saqqızımı oğurladınız. Buyurun , qarşınızda Star world layihəsinin tender qalibi Amil Nəzərov dayanıb - Amil müəllim teatr səhnəsində alqışları qarşılayan baş personaj kimi qollarını açıb, Ruhanın gözlərinə baxdı.
- Nə gözəl... Pis iş olub? - Ruhan gülümsədi.
- Dostumun məni kənardan yönləndirməsi pis işdir əlbəttə. Yanına agent yerləşdirməsi pis iş olub.
- Böyütmə Amil - Ruhan bir addım da irəli atdı - bu hamımız üçün yaxşı yol idi. Mənim niyə görə Nobel mükafatı aldığımı bilirsən. Star world texnologiyası ilə xəyallarımızı reallaşdıracağıq.
- Xəyallarımızı? - Amil nazik qaşlarını Tanrıya dua edən möminin əlləri kimi yuxarı qaldırdı - bizim belə xəyalımız yoxdur. Bunlar sənin xəyallarındı.
- Amil...
- Bu həyatda sadəcə sən yoxsan - Amil qışqırdı - hər şey səninlə bağlı deyil. Həmişə özünü düşünürsən. Sən, sənin xəyalların, sənin uğurların, sənin düşüncələrin. Bizim də bir həyatımız var.
- Bu sənin həyatın üçün də yaxşıdır - Ruhan cavab verdi - Heç olmasa ciddi bir işlə məşğul olarsan sən də.
- Nə demək istəyirsən? - Amilin əsəbdən ağzı əyilirdi - sən olmasan mən ciddi bir işlə məşğul ola bilmərəmmi? İndiyədək olan işlərim ciddi deyildi?
- Ruhan, yaxşı - Nail nəsə hiss etmiş kimi əlini uzatsa da Amil müəllim onun əlini havada, sözünü dilində kəsdi.
- Yox, Nail, icazə ver, desin. Ruhan, mən qeyri-ciddi işlərlə məşğul oluram?
- Yox, elə düşünmürəm - desə də Ruhan yalan danışdığı üzünə zərif şəkildə yayılaraq, dodağının bir küncünü kənara qaçmağa sövq edən təbəssümündən bəlli idi. Bu təbəssüm Amil Nəzərovun üzünə durur və gülümsəyərək deyirdi ki, əlbəttə, sənin ancaq material və maddi qazanclara fokuslanmış və dünyanın vecinə olmadığı kimi sənə pul qazandırmaqdan əlavə bir funksiyası olmayan işlərin kimə lazımdır ki?
Və Amil müəllim bu təbəssümü gördü və dediklərini eşitdi. Əlini ataraq Ruhanın yaxasından elə yapışdı ki, bəlkə də vəhşi quzğun Prometeyin bağırsaqlarından o cür bərk tutmamışdı. Amil Ruhanı divara sıxaraq qışqırmağa başladı.
- Deməli, mən sənə görə heç kiməm, hə? Hətta o dərəcə ki, özün gəlib məni işə razı salmaq əvəzinə arxamdan iş görürsən.
Nail atılaraq Amilin əlindən tutdu.
- Sizə yaraşmaz. Sakit olun.
- Amil səncə mənim zəkam bütün bu xırdalıqları düşünmədənmi belə qərar verib. Necə səndən xahiş edim? Necə səni təşviq edim ki, gəl bu işə gir? Məgər sənə güvənmək olar? Birdə gördün işi yarımçıq atırsan. Ona görə də işə olan inamını möhkəmləndirmək üçün belə bir yol seçdim. Hər gün az-az beynimə işləmək.
Qəfil partlayan yumruq öz əsəbi ilə Ruhanı yerə sərdi.
- Hey, heeey - desə də Nail, sözləri bu dəfə də Ruhanın baxışları ilə kəsildi.
Amil hirsindən əsən əlləri ilə paketdən siqaret çıxararaq, yandırdı. Ruhan üzünü tutaraq ayağa qalxdı. Elə bu an Amil Ruhanın gözlərində çox güclü bir qəzəbi gördü. Hal-hazırda onun qarşısında duran sanki dostu yox, hər cür pisliyə qadir şeytanın özü idi. Amil elə bildi ki, bu dəqiqə Ruhan onun üstünə hücum çəkəcək. Nə də olmasa, Ruhan artıq yumruqlarını düyünləmişdi. Amma qəfil Ruhanın ağzından bu sözlər çıxdı.
- Bağışlayın, mən getməliyəm.
Üzünü çevirdi və sonuncu dəfə getdi.

İndi növbə Amildə idi. Çünki, o fəlakətdəki və görüş yerindəki kəşfi kəşf etmişdi.

Bir saat sonra qarşısında Ruhan Muradsoyun özü dayanmışdı. Bütün qüdrətli görkəmi ilə və ağ kostyumda ayağını-ayağının üstünə aşıraraq oturan Ruhanı görərkən Amil Nəzərov nə deyəcəyini bilmədən xırıldamışdı.
- Necəsən?
- Fövqəladənin fövqündəyəm - Ruhan gülümsəyərək cavab verdi.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now