On altıncı fəsil

16 4 4
                                    


- Necə yəni? - Amil müəllim yerindən qalxaraq sual dolu nəzərlərini Nəcəf müəllimə yönəltdi.
- Otur Amil. Hər şey əslində çox sadədir.
Amil müəllim başını tutaraq oturdu.
- Bu hekayədə heç nə sadə deyil.
- Hekayəni yaşayarkən hər şey sadə gəlir - Nəcəf müəllim gözlərini məchul bir nöqtəyə zilləyib əlavə etdi - və artıq biz hekayənin sonundayıq.
- Mənə hər şeyi danışın, Nəcəf müəllim - Amil müəllim yorğun səslə xahiş etdi.
- Əlbəttə. Ruhan birinci kursda oxuyarkən universitetdə bir konfrans təşkil olunmuşdu. Heç kim bilmir, amma mən o konfransı maliyyələşdirirdim. Əslində, birinci kurs tələbələri konfranslara tezis göndərə bilməzlər. Amma, necə olmuşdusa, bu dəfə belə bir kriteriya yox idi. Və sonra mənə dedilər ki, konfransda ən bəyənilən tezis bir birinci kurs tələbəsinin olub.
Nəcəf müəllim gözlərini yumaraq nəfəs aldı. Bəlkə də, o, bununla keçmişə gedirdi.
- Anlamışdım ki, qeyri-adi bir istedadla qarşı-qarşıyayam. Onunla tanış olmaq istəmişdim. Müəyyən insanlara tapşırdım ki, gözləri bu uşağın üstündə olsun. Ruhan haqqında mənə müəyyən məlumatlar gəlməyə başlamışdı. İpə-sapa yatmaz, azadlığına düşkün, müəllimlərini zəkası ilə yoran bir tələbə. Bir müddət sonra maliyyələşdirdiyim demək olar ki, bütün layihələrin bir küncündə də olsa, Ruhanın adını eşidirdim. Nəhayət, onla görüşmək üçün çağırdım.
- Xatırlayıram - deyə Amil sanki qeyri-ixtiyarı dilləndi - birlikdə gəlmişdik. 18 yaşımız var idi. Sizin köməkliyinizlə Kreativ Təhsil Mərkəzi yaratdıq. Daha doğrusu, Ruhan yaratmışdı. Bizi də işlərin içinə qatdı.
- Hə, sizin fəaliyyətiniz yadımdadır. Heç kəsin edə bilmədiyini edirdiniz. Gəncləri ətrafınıza yığıb universitetlərdə yarımçıq öyrədilən dərsləri tədris edirdiniz. Bir daha əmin olmuşdum ki, bu gənclə işləmək istəyirəm. Universitetdəki bəzi müəllimlərlə danışdım və onlar "Elm dairəsi" jurnalını Ruhana tərifləməyə başladılar.
- Sizin maliyyələşdirdiyiniz tədqiqatlar yayımlanırdı o jurnalda - Amil xatırlayaraq dedi - Ruhanın əlindən düşmürdü o jurnal.
- Bəli, bütün bu təlqinlər nəticəsində Ruhan o jurnala abunə olmuşdu. Beləliklə, mənə bağlılığı yarandı - Nəcəf müəllim əli ilə ağzını tutaraq öskürdü - növbəti illərdə Ruhan Elmlər Akademiyasında işləyərkən bütün tədqiqatlarını mənə göndərməyə başladı. Mən də onun işləri üçün finans qaynağı idim. Beləcə, Ruhan Muradsoy istədiyi tədqiqatı apara bilirdi. Mən də bu tədqiqat məhsullarının patentini alaraq çoxlu pul qazanırdım.
- Əla biznes ideyasıdır - Amil müəllim gülümsədi.
- Hə, amma o dövrdə Ruhanla bağlı bir şeyi kəşf etdim.
- Nə?
- Bu adam dəlidi - Nəcəf müəllim sanki qorxulu bir sirr deyirmiş kimi səsini alçaltdı - Amil, onu işləyərkən görməyin lazım idi. Sanki bir robot idi. Normalda bir küncdə oturub, səsi çıxmayan bu adam tədqiqat apararkən canlanır, gözləri alov saçır, enerjisi tükənməz olurdu. Dəlicə ideyalar ağlına gəlirdi.
- Ən sonda da o dəlicə ideyasını həyata keçirdi.
- Onun böyük şeylər edəcəyinə mənim heç vaxt şübhəm olmayıb - Nəcəf müəllim bunu deyərkən qəribə bir şeytani parıltı yarandı gözlərində - onu hər gün yenidən kəşf edirdim. Mükəmməl liderlik qabiliyyəti, təşkilatçılığı, qeyri-adi manipulyasiya bacarığı, zaman idarə etmə bacarığı, cəsarəti, çətin işlərin öhdəsindən gəlmə bacarığı.
- Mənim gücümün bir limiti yoxdur deyərdi həmişə - Amil müəllim sanki "Ruhanı mən də tanıyıram" demək istəyərcəsinə dilləndi.
- Həqiqətən yox idi. Hər şeyin öhdəsindən gəlirdi. Yaxşı da yumor hissi var idi. Amma təbii ki, Ruhanın da mənfi xüsusiyyətləri var idi. İnsanlarla harmoniyaya düşmürdü. Tanıdığım ən tək insan idi. Hər zaman tək olardı. Hətta buna görə ona "tənha canavar" deyirdim bəzən. Hisləri yox dərəcəsində idi. Sadəcə hədəfləri və məqsədləri var idi. Soyuqqanlı idi. Təbii ki, bu gənc yaşında qazandığı uğurlar bəzi adamları qısqandırdı və onlar Ruhanın saxtakar, narsist, sosiapat olduğu şayiələrini yaymağa başladılar. Digər insanlar da buna inanmağa başladılar. Çünki, Ruhanın cəsarətli fikirləri, soyuqqanlılığı və manipulyasiya qabiliyyəti çox gözə batırdı.
- Əslində, Ruhan çox yaxşı adam idi.
- Hə, sən bir də bunu İlkindən soruş.
- İlkin kimdir?
- İlkin Feyzullayev. Məncə sən onu tanıyırsan.
- Bizim İlkin? - Amil demək olar ki, qışqırdı - siz onu hardan tanıyırsınız?
- Səbrli ol. Hər şeyi izah edirəm. Hiss edəndə ki, Ruhanın başında qara buludlar oynayır, onu qorumaq qərarına gəldim.
- Çünki, sizə lazım idi.
- Əlbəttə. Ona görə də əlaqəmin olduğu böyük universitetlərin professorları ilə danışdım. Ruhanın və onların əməkdaşlığını təmin edə bilsəydim, həm Ruhan toxunulmaz olardı, həm də çox böyük tədqiqatlar apara bilərdi.  Qısa müddətdə Ruhan dünyanın 3 böyük universiteti ilə birlikdə layihələr həyata keçirməyə başladı. Sonradan Almaniyaya köçməsini və orda böyük işlər görə bilməsini də mənim qurduğum bu şəbəkəyə borcludur.
- Bu, Ruhanı toxunulmaz edirdi ki?
- Səncə bu qədər böyük layihələr həyata keçirən bir insan haqqında necə bir ictimai fikir yaranardı?
Amil Nəzərov Ruhanın haqqında danışılanları yadına salaraq cavab verdi:
- Hər kəs ondan əfsanə kimi danışardı.
- Bəli. İnsanların əfsanələşdirdiyi Ruhan Muradsoy əslində mən idim. Ruhanın adının hallandığı o əfsanəvi işləri mən təşkil edirdim və Ruhan da layiqincə yerinə yetirirdi. Bu da maddi olaraq hər kəsdən çox mənə sərf edirdi. Əlbəttə, yenə də Ruhan haqqında mənfi danışanlar var idi. Amma artıq Ruhan bunları eşitməyəcək qədər cəmiyyətdən uzaq idi. Bu da onu tənhalaşdırdı. Ruhan artıq elə böyük işlər görürdü ki, hər kəs ondan aşağıda qalırdı.

Tənhalıq ömrüm boyunca əynimdən çıxara bilmədiyim paltar oldu.

- Yəni öz qazanclarınız üçün Ruhanı tənhalığa məhkum etdiniz - Amil müəllim qaşlarını çataraq, yataqda uzanan xəstənin üzünə baxmadan dedi.
- Birincisi Ruhan bundan şikayət etmirdi. Mənim sayəmdə o da xəyal etdiyi tədqiqatları edir və dünyanın ən böyük laboratoriyalarına giriş əldə edirdi. Bir müddət sonra Ruhan elmdən başqa heç nə düşünməyən və həyatın özünü kənara ataraq gecə gündüz elmi iş yazan bir insan olmuşdu. Sonradan da Almaniyada böyük adamlarla və hətta mafiya ilə əməkdaşlıq etməyə başladı. İkinci də Ruhan Muradsoy həmişə tənha idi. Bu nöqtədə onun psixologiyasının nə qədər təhlükədə olduğunu görməyə başlamışdım.
- Necə yəni?- Amil müəllim bu sualı elə bir tonla soruşdu ki, sanki Ruhanın bir insan kimi psixologiyasının var olması çox təəccüblüdü.
- Zehni çox sürətlə işləyir və çox iş görürdü. Yüksəldikcə tənhalaşırdı. Nə qədər tək, yüklənmiş və özünə qapalı olduğumu görürdüm. Ona necə kömək edəcəyimi düşünürdüm. Və yadıma İlkin Feyzullayev düşdü.
- Psixoloq olduğu üçün?
- Bəli - Nəcəf müəllim yenə gözlərini yumaraq cavab verdi - əslində mənlə İlkini Ruhan tanış etmişdi. Uşaqlıqda eyni məktəbdə oxuyubmuşlar. Ruhan mənlə İlkini tanış edərək, onun da tədqiqatını maliyyələşdirilməyimi istəmişdi. Düzdür, bu təklifi qəbul etməmişdim, amma İlkinin zəif nöqtələrini də öyrənmişdim. Psixologiya elminə olan sevgisi və kasıblığı.
- Hə, adam hər yerdə psixologiya haqqında danışırdı - Amil söhbət boyu ilk dəfə gülümsəyərək cavab verdi - az qalırdı yoldan adam tutub, desin ki, problemini danış, sənə kömək edim.
- Eynən, mən də bundan istifadə etdim. Bilirdim ki, Ruhan psixoloqa gedən deyil, amma köhnə dostu ilə görüşə bilərdi. İlkini çağırıb, ehtiyacı olan qədər pul verəcəyimi, əvəzində də Ruhanın yanında olub, onun psixologiyasını qorumasını istədim. İlkin mənim son silahım və şəbəkəmin son halqası idi.
- Şübhəsiz ki, o bu təklifi o dəqiqə qəbul etdi.
- Bəli, Ruhan haqqındakı ən böyük və ən dəhşətli sirrin üstünü açan adam da məhz İlkin Feyzullayev idi.

Ölüm sonrası düşüncələr Место, где живут истории. Откройте их для себя