Dördüncü fəsil

34 5 6
                                    

- Amil müəllim - Aidanın səsi eşidilir yenə də - bu sizin üçün nəsə ifadə edir?
Amil Nəzərov başını qaldırıb əvvəlcə Aidaya, sonra da nə edəcəyini bilməyən katibəsinə baxdı.
- Kim qoyub bu məktubu?
- Bilmirəm, səhər qapımın qarşısında idi. Binanın ətrafında kamera falan da yoxdur ki, baxa bilim.
- Bəlkə, görən olub? - Amil Nəzərov cavabını bildiyi sualı verdi. Çünki, əgər bu məktub həqiqətən də Ruhandan gəlirdisə, deməli Ruhan hər şeyi planlamışdı. Bu cür məsələlərdə Ruhan istəmədikcə, onun sirrini açmaq mümkün deyildi. Hələ tələbəlik illərində ikisi tez-tez kitab dükanlarına gedir və kitab oğurlayardılar. Ruhan satıcı ilə danışa-danışa kitabı götürür və çantasına atardı. Düzdür, kitabı oxuduqdan sonra yenidən gətirib dükana qoyurdular, amma bu kiçik oğurluqları zamanı heç vaxt ələ keçməmişdilər. Çünki, planı Ruhan qurardı. İçəri girər və bir baxışda anlayırdı ki, kameralar hansı nöqtəni çəkmir, hansı satıcılar diqqətsizdi, hansı kitabı götürmək rahatdır.
- Yox, görən olmayıb - Aidanın səsi Amil müəllimi xatirələr burulğanından qoparıb, yenidən adi və Ruhanın olmadığı bir dünyaya saldı - bizim o tərəflərdə çox adam olmur onsuz da.
- Başa düşə bilmirəm - Amil Nəzərov kağıza baxaraq dedi - Fəlakətdə və görüş yerində. Burda nəsə səhvlik var. Mən Ruhana aid hər şeyi bilirəm. Amma, bu yazı mənim üçün heç nə ifadə etmir.
- Bəlkə, Ruhan Muradsoy kimi düşünəsiniz? - Aida təklif etdi.
- Düzdür, amma bu mənim üçün....bir dəqiqə. Ağlıma bir şey gəlir, amma necə yəni?
- Hər zaman harda görüşərdiniz? - bayaqdan susan Aysel nəhayət ki, dilləndi.
Amil müəllim, başını qaldırıb katibəsinə baxdı.
- Afərin, Aysel. Düzdür, sizə demişdim Aida xanım, mənim psixoloji problemlərim olan dövrdə mən heç yerdə işləmirdim. Bütün günü boş-bekar olurdum. O isə Elmlər Akademiyasında elmi tədqiqatlar edirdi. O günlərdə demək olar ki, mən hər gün onun yanına gedirdim, otağında oturub söhbət edərdik, film izləyərdik, oyun oynayardıq. Bəzən də, o işləyərkən mən də ona kömək edirdim. Beləcə, bizim görüş yerimiz...
- Elmlər Akademiyası, Ruhan Muradsoyun otağı - Aida cümləni tamamladı.
- Bəli, amma bu illər əvvəl olub. Ruhan son on ildə heç addımını da atmayıb Elmlər Akademiyasına. Yəni, nə bilim...
- Ora getməliyik istənilən halda.

Elmlər Akademiyasının qarşısında dayananda Amil Nəzərov bir daha zaman və məkandan ayrılaraq göylərə uçdu. Bu pilləkən, bu divarlar, bu qapılar. Ona o qədər doğma idi ki... Buranın onun üçün tək mənası var idi. Ruhan Muradsoy.  Ax, keçmiş günlər. Buralarda nə qədər deyib gülərdilər birlikdə. İndi Ruhan Muradsoy yoxdur və Amil də sanki başqa bir dünyada yaşayır. Bu dünya isə hər nə idisə, Ruhandan çox uzaq və Ruhansız əskik bir dünya idi. Elmlər Akademiyasından içəri addım atmaq Amil Nəzərov üçün fərqli bir hiss idi. Bir zamanlar o, hər kəs üçün sadəcə Ruhanın dostu idi. İndi isə o, Amil Nəzərov kimi bura yenidən gəlmişdi. Artıq ona olunan hörmət Amil Nəzərov olduğu üçün idi. Amma, bu gün yenə o bura Ruhanın otağını görmək üçün gəlmişdi.
- Salam - dedi qapıda dayanan qeydiyyatçıya - bir şey soruşum, 134-cü otaq indi kimindir?
- Salam, Amil müəllim - onu artıq hər yerdə tanıyırdılar. - Aygün xanımındı, niyə soruşurdunuz ki?
- Heç bir şey. Aygün xanımla, danışmaq istəyirdik. İndi boş vaxtı olar?
- Hal-hazırda burda yoxdu - qeydiyyatçı qız cavab verdi - amma köməkçi burdadır.
- Kimdir ki, köməkçisi?
- Gülay xanım. Əslində, siz onu tanıyırsınız. Bizim köhnə işçilərdəndi.
Birdən - birə Amilin gözlərindən sanki pərdə çəkildi. Bəlkə də, çoxdandır yaşadığı yüksəklikdən yerə enmədiyi üçün hər şeyin dəyişdiyini və keçmişdən heç bir parçanın qalmadığını düşünürdü. Amma, həyatda bəzi şeylər heç vaxt dəyişmir. Amil Nəzərov görmüşdü və xatırlamışdı. Bu qız Ruhanın burda işlədiyi dövrdə də burda qeydiyyatçı işləyirdi.
- Aaa, siz Hənifə xanımsınız, sizi tanımamışam.
- Bəli, bəli, mən sizi görən kimi tanıdım. Həmişə Ruhan bəyin yanında olurdunuz.
- Bəli, bu dəfə onsuz gəlmişəm. Bu dediyiniz Gülay xanımla necə görüşə bilərəm?
- İndi mən özünə zəng edib, deyərəm, siz 133 nömrəli otağa keçin istəyirsinizsə.

Yenə bu dəhlizlər. Tanış sima. Və Ruhanın izi.

133 nömrəli otaq Ruhanın otağının düz qarşısında yer alırdı. Amil müəllim Ruhanın otağına baxarkən qəribə bir nostalji hiss yaşadı. İçindən impulsiv bir hiss qopur və ona deyirdi ki, bu otağa gir. Qapı bağlı olsa, qapını sındır. Amma, Amil müəllim artıq o günlərdən çox uzaq idi. Ona görə də, qapını döyərək Gülay xanımın otağına girdi.
- Salam, olar.
- Əlbəttə, buyurun Amil müəllim - saçları qısa kəsilmiş və üzündə qəribə bir həyatdan narazılıq ifadəsi olan Gülay xanım ayağa qalxaraq gələnləri qarşıladı. Amil müəllim və Aida əyləşdikdən sonra Gülay xanım mehribanlıqla soruşdu:
- Necəsiniz, Amil müəllim? Sizin haqqınızda tez-tez televizordan eşidirəm.
- Təşəkkür edirəm, siz yaxşı olun. Hə, iş-güc vaxtımızı alır.
- Nə yaxşı buraları yada salmısınız?
- Köhnə məsələ. Ruhan Muradsoy - deyə cavab verdi Amil müəllim.
- Mən Ruhan Muradsoy haqqında kitab yazıram - deyə Aida sözə başladı - deyəsən siz də onu tanıyırsınız?
- Bəli, bir zamanlar burda birlikdə işləmişik.
- Necə adam idi?
- Üzr istəyirəm, Aida xanım - deyərək Amil müəllim araya girdi - biz bura başqa bir şey üçün gəlmişik.
- Bilirəm, aşağıdan dedilər - deyə Gülay xanım cavab verdi - Aygün xanımla görüşmək istəyirsiniz.
- Bəli, həm də Ruhanın otağını görmək istəyirəm.
- Əlbəttə, sizi hamımız tanıyırıq. Heç bir problem olmaz. Ruhanın keçmiş otağında Aygün xanımı gözləyə bilərsiniz.
- Doğurdan?
- Əlbəttə, qapısı açıqdır.
Amil müəllim ayağa qalxaraq Aidaya baxdı.
- Ora gedək. Görüş yerimizdə nəsə yadigar qalıb Ruhandan.
- İcazənizlə Amil müəllim, mən burda qalardım. Kitabım üçün Ruhan Muradsoyu tanıyan bir nəfərlə də danışsam, yaxşı olar.
- Amma, məktub...
- Məncə, məktubun sirrini tapmaq sizin işinizdi- deyə Aida cavab verdi.

Amil Nəzərov otaqdan çıxdıqdan sonra Aida onu maraqlandıran əsas suala döndü.
- Ruhan Muradsoy haqqında nə deyə bilərsiniz?
- Vallah, nə deyim - Gülay xanımın tərəddüd etdiyi açıqca görünürdü - ölünün arxasından danışmazlar, amma Ruhanı çox sevməzdim.
- Niyə?
- Yəni, eqosundan yanına yaxınlaşmaq olmazdı. Özündən çox razı adam idi. Heç kimlə danışmazdı. Kollektivə qarışıb qaynamazdı. Sanki, hər kəsi özündən aşağı görürdü. Düzdür, çox savadlı və ağıllı insan idi. Amma, sosial münasibətlərdə bərbad idi.
- Amma, Amil müəllimlə uzun sürən dostluğu var idi.
- Hə, çünki o dövrdə Amil müəllimin özü də problemli idi. Bu, uzaqdan hiss olunurdu. O dövrdə, Amil müəllim bura tez-tez gəlib-gedirdi. Məncə, Ruhanın da sıxıntıları var idi.
- Necə yəni?
- Bilmirəm, içinə qapanıq idi. Onu sıxan nələrsə var idi sanki.

Amil Nəzərov illər sonra Ruhanın otağında olarkən Ruhana aid gördüyü şeyin təsiri ilə şoka düşmüşdü. Otağa girən kimi axtardığını tapmışdı. Divarda Ruhanın adı yazılan kassa var idi. Şifrəli kassa. Üstündə isə sadəcə bir sual yazılmışdı.
"Həyatdakı ən önəmli şey nədir?"
Bu, Ruhana aid kassa idi. Və hər halından görünürdü ki, illərdir açılmayıb. Nə ola bilərdi cavab? Ruhanın ən çox önəm verdiyi şey nə idi? Fikirləş, Amil fikirləş. Cavabı bilməlisən.
Dürüstlük.
Bəli, Ruhan dürüstlüyə önəm verirdi. Amil müəllimin barmaqları düymələr üzərində hərəkət elədi. DÜRÜSTLÜK. Cavab səhv idi. Sadəcə bir cavab haqqı qalmışdı. Belə görünürdü ki, bu kassa əvvəllər də açılmağa çalışılıb. Amma, cavabı tapmamışdılar. Cavab nə ola bilərdi axı? Ruhan nəyə önəm verirdi? Axı heç nəyə önəm verməzdi. Heç nə ciddi deyil deyən özü idi. Ruhanın sözləri Amilin qulağında səslənirdi.
"Həyat ciddi bir yer deyil. İnsanların ciddiyə aldıqları şeylərin bir önəmi yoxdur. Hüzur üçün hər şeyə bir az önəmsiz yanaşmağı bacarmalısan"
Bəli, budur. Cavab bu idi. Ruhanın önəm verdiyi şey önəmsizliyin özü idi. Bu söz oyunu tam da Ruhanın edə biləcəyi bir şey idi. Amil müəllimin barmaqları yenidən kassanın düymələrinə yaxınlaşdı.

Ö-n-ə-m-s-i-z-l-i-k

Krak. Kassanın qapısı sanki Ruhanın başqa dünyadan gələn səsini əks etdirərək açıldı.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now