On beşinci fəsil

20 4 2
                                    

Hələ 6 yaşında olarkən Ruhan fərqli olduğunu hiss etmişdi. Məktəbə getdiyi ilk gündən etibarən onun üçün hər şey çox sıxıcı idi. Onun öyrənmə sürəti digərlərindən çox yüksək idi və bəzi müəllimlər də daxildir olmaqla hər kəs Ruhan Muradsoyun qarşısında bir parça cahil qalırdı. Beləliklə, Ruhanın varlığı çox insan üçün onların qaçmaq istədikləri həqiqəti ifadə edirdi. Çox az müəllim anlayırdı ki, Ruhan sürətlə sinifləri keçməli, ya da xüsusi məktəblərdə təhsil almalıdır. Amma təəssüf ki, Ruhan üçün bu xüsusi imkanları təmin edəcək bir ailə mövcud deyildi. Ruhan onuncu sinifdə oxuyanda bir gün məktəbin direktoru Ruhanı çağırıb dedi ki, Təhsil Nazirliyi xüsusi istedadlı uşaqları axtarır və Ruhan da bu gün dərsdən sonra ora getməlidir. Ruhanın Təhsil Nazirliyinə getdiyi gün hələ tanış olmadığı Amil Nəzərov da orda idi. Amil məktəbdə etdiyi bir davada sinif yoldaşını yaralamış və uşağın valideynləri hay-küy qaldıraraq Amilin məktəbdən xaric olmasını tələb etmişdilər. Günün sonunda nazirlik Amilə şiddətli töhmət vermiş və bununla da məsələ yekunlaşmışdı. Eyni qurum başqa bir otaqda isə Ruhan Muradsoya "İlin ən intellektual gənci" nominasiyası üzrə diplom vermişdi.

Ruhanla digər insanlar arasında hər zaman qarşısı alınmaz böyük bir uçurum var idi. Ruhan həyatı boyunca özünü insan cəmiyyətindən sıyrılmış, qopmuş və parçalanmış hiss edirdi. Yaşadığı post modernist dövrün mənasızlığı və insanların mənasız şeylərin ardınca qaçması sözün həqiqi mənasında Ruhana əzab verirdi. Hər gün milyonlarla insan kapitalist sistemin köləsi olur və kapitalizmin mənasız dəyərlərinin ardınca qaçır. Brendlər və sosial şəbəkələrdə paylaşılan parlaq şəkillər insanların həyatlarını mənasız şeylərin ardınca qaçmasına səbəb olduqca Ruhan Muradsoy bu mənasızlığın ortasında sıxılırdı. Artıq insanlarla dərin mövzuları müzakirə etmək mümkün deyildi və bu dünyanı yenidən qurmaqla bağlı fikirlər heç kimə maraqlı deyil artıq. Çünki, insanlar başqaları haqqında danışmaqla, sosial şəbəkələrdən öyrəndikləri aforizmləri deyərək özlərini ağıllı sanmaqla, mənalarını anlamadıqları fikirləri əzbərləyib deməklə və hər kəsin oxuduğu kitabları oxuyub, hər kəs kimi düşünməklə məşğul idilər. Bütün bu mənasız hərəkətləri həyatlarına çəkmək üçün insanların çəkdiyi əziyyətləri gördükcə Ruhan da təkrarlayırdı.
- Heç bir şey ciddi deyil. Heç nəyə bu qədər önəm vermək lazım deyil.
Ruhan Muradsoy üçün bu dünya böyük bir müəmma toplusu idi. Onun yeganə fokuslandığı nöqtə təfəkkür etmək və bu dünya ilə bağlı suallara cavab axtarmaq idi. Maddənin və zamanın təbiəti nədir? Kainatın böyük simmetriyası necə yaranır? Beyin, dalğaları materiyaya necə çevirir? Amma, artıq bütün bunlar heç kimə maraqlı deyildi.
Ruhan Muradsoy universitetə daxil olanda və özü kimi düşünən bir neçə insanı gördükdə sakitləşsə də, bu sakitlik uzun sürməmişdi. Onun inkişafı və düşündüyü şeylərin miqyasının böyüməsi yenə də sürətlə baş verirdi. Universitetdə, iş həyatında və akademik fəaliyyətində hər zaman hər kəsdən fərqli idi. Hər zaman insanları heyran edəcək işlər görməyi bacarsa da, bütün bu heyranlığın son dayanacağı tənhalıq idi.
Nobel mükafatı aldıqdan qısa müddət sonra isə öz yüzillik dostlarını da itirdi. Nail və Amillə dalaşdılar. Bu görüş onların son görüşü oldu. Ruhanın əsl tənhalığı Nail və Amili itirdikdən sonra başladı. Həyatında yeganə dost ola bildiyi və keçmişindən bəri hər zaman yanında olan insanları itirmək ona çox ağır gəlmişdi. Ruhan Muradsoy anlamışdı ki, heç bir insanla bir harmoniyaya düşə bilməz. Sadəcə onun varlığı buna icazə vermir. Ona görə də, hər kəsi itirir. İtirə-itirə gedir.  Artıq Ruhan ona heyran olan, ondan nəsə gözləyən və ondan istifadə etməyə çalışan insanların əhatəsində tamamilə tənha qalmışdı. Ruhan ölərkən də beləcə tənha öldü. İnsanlarla arasında böyük uçurumlar və dünyalar var idi ölərkən. Bütün bu heyranlığa rəğmən Ruhan Muradsoy ölərkən yanında heç kim yox idi. Nə Amil, nə Nail, nə Günel, nə Nilay, nə Marcus, nə Maks, nə də digərləri...

Ölüm sonrası düşüncələr Where stories live. Discover now