Səkkizinci fəsil

28 5 10
                                    

Ruhan Muradsoy kim idi? Heç kimi vecinə almayan, bütün streotiplərdən və bağlardan sıyrılmış, özbaşına və qeyri-adi elmi tədqiqatlar aparan bir dahinin necə dövlətin ən üst insanları ilə bağlantısı ola bilərdi? Heç nəyi ciddiyə almayan bir insanın bu qədər gizli və kölgələrdə gizlənən bu adam kimi dostum ola bilərdi?
Bəs yaxşı Aidanın özü? Bu qədər ciddi bir işə girib yəni? Bir həftə əvvəl kiçik bir media şirkətinin təcrübəsiz jurnalistin idi. İndi isə onun üçün əvvəlcədən generalın kabinetində hazırlanmış çay süfrəsi arxasında əyləşərək generalla çay içirdi. Birdən-birə Aida özündə qəribə bir özgüvən hiss etdi. Nəticədə, o bura dəvət edilmiş və mədəni bir şəkildə qonaq edilmişdi. Bir az rahatlaya bilər.
- Siz Ruhanı hardan tanıyırdınız? - qəfil soruşdu.
- Ruhan Muradsoyu mən hər kəsdən əvvəl tanımışam - Nail Məhərrəmov gülümsəyərək cavab verdi.

Nail Məhərrəmov uşaqlıqdan hərbi sistemin içində böyümüşdü və bu yolda irəliləməsi onun taleyinin qaçınılmaz gedişi idi. Atası Birinci Qarabağ Müharibəsinin ən aktiv iştirakçılarından biri olmuş və Milli Qəhrəman adına layiq görülmüşdür. Nail özü isə atasının yolu ilə gedərək hərbi akademiyada oxumaq istəsə də, təhsil həyatının ilk günü etdiyi dava səbəbi ilə akademiyadan xaric edilmişdi. Eyni dövrdə sevdiyi qız da bir avtomobil qəzasının nəticəsi olaraq özündən geridə cansız bədənini buraxmışdı. Beləcə, 17 yaşlı Nail sevgisiz və təhsilsiz qalmışdı. Amma bütün bunların ardınca yenidən imtahan verərək başqa bir universitetə daxil olmuşdu. Universitetdə bir ay oxuduqdan sonra atası ərizə yazıb onun qrupunun dəyişdirilməsini istəmişdi. Atasının niyə belə etdiyini anlamayan Nail məcbur olaraq yeni qrupa getmiş və yeni uşaqlar tanımışdı. Amma bir nəfəri heç cür tanıya bilməmişdi. Arxa partada oturub bütün günü kitab oxuyan və heç danışmayan bir oğlan. Nail üçün hər kəsdən uzaq və sakit qalacağı yeganə yer bu oğlanın yanı idi. Nə də olmasa, o da heç kimlə danışmaq istəmirdi. Hərbi akademiyada oxumaq kimi ən böyük xəyalı əlindən çıxıb uzaqlara getmişdi. Sevdiyi bədən isə torpağın altında torpağa qarışmaqda idi. Ona görə də, arxa partanın səssizliyi Nailin də axtarışındadır olduğu bir şey idi. Bir neçə gün bu səssiz kitab oxuyan oğlanın yanında əyləşdikdən sonra oğlan baxışlarını səhifələrdən qaldıraraq Nailə baxmış və soruşmuşdu:
- Niyə ön sıralarda oturmursan?
- Bilmirəm, bura daha yaxşıdır - deyən Nail də danışmaq istəmirmişcəsinə söhbəti bitirmişdi.
Amma deyəsən hər zaman iki ünsürü birləşdirmək üçün üçüncü bir faktor lazımdır. Universitet partalarının üç nəfərlik olması bu ehtimalı artıraraq bir əfsanənin doğuşunu müjdələyirdi. Bir ay sonra Naillə Ruhanın səssizliyinə bir nəfər də qoşuldu. Bakının ən arxa küçələrindən çıxmış, əsəbi və melanxolik Amil Nəzərov. Necə oldusa, Amil və Nail qısa zamanda dost oldular. Koridorlarda, çayxanalarda və dərslərdə söhbət etməyə başladılar. Təhsil haqqında, dünya haqqında, musiqi haqqında və hər şey haqqında. Bir gün Ruhanın oxuduğu kitabla bağlı Amil sual verməyə başlamış və ilk dəfə üçü bir yerdə söhbət etməyə başlamışdılar. Hekayənin sonu isə əsl universitet həyatına uyğun şəkildə bitmiş və müəllim hər üçünü dərsdən çıxarmışdı.

- Amil müəllim, mənə bunu danışmışdı - Aida Nail Məhərrəmovun sözünü kəsərək dedi - amma o, həmişə iki nəfərdən danışırdı. Özündən və Ruhandan. Sizin haqqınızda heç nə deməyib. Hətta, Ruhan Muradsoy haqqında araşdırdığım heç bir yerdə sizin adınız keçmirdi.
- Bilirsən qızım, bizim işimiz elə işdir ki, adımız və şəkillərimiz avtomatik olaraq kölgələrdə qalır. Sadəcə, indi Ruhan haqqında yazılanları və sizin də şübhələrinizi gördükcə qərar verdim ki, nəyin bahasına olursa-olsun susa bilmərəm. Ruhana bütün dünyanın borcu var. Mənim isə ikiqat borcum var. O, mənim dostum idi.
- Başa düşürəm.
- Ruhan pis adam deyildi, qızım - Nailin gözlərində yaş gilələnməsi ilə yumruğunu sıxması sanki eyni ana təsadüf etdi - Ruhan sadəcə itmiş bir insan idi. Öz içində itmiş və öz dünyasının quyusunun dərinliklərində çabalayan insan idi.
- Necə yəni?
- Ruhanı necə təsvir edərsiniz deyə soruşsanız, deyərəm ki, o nəsə etməyə çalışan insan idi. Lider idi. Amma, öz-özümə düşünürəm ki, həmişə belə idimi? Yox. Onu ilk tanıyandan etibarən dünyaya qarşı etinasızlığı diqqətimi çəkmişdi. Bir dəfə ondan hər şeyə niyə bu qədər qeyri-ciddi yanaşdığını soruşmuşdum. O da demişdi ki, artıq heç bir şey gözümü qorxuda bilməz mənim. Mən də anlamışdım ki, bu uşağın bir dərdi var. Hər kəsdən uzaq qalması və elmə bu qədər bağlı olması boşuna deyildi. Ruhan dünyanı yenidən dizayn etmək istəyirdi. O, bu dünyanı bəyənmirdi.
- Niyə?
- Bunu yəqin ki, heç kim bilmir. Mən onu 17 yaşından sonra tanımışdım. O dövrə qədər çox şey yaşamış olmalıdır. Hər zaman bu dünyadan qopuq və kədərli biri idi.
- Amma Amil müəllim, Ruhan Muradsoyu çox güclü və qırılmaz bir adam olaraq təsvir edirdi.
- Həə, əlbəttə - deyən Nail Məhərrəmov fikrə getdi - bilirsən, qızım, Amil Ruhanı çox ideallaşdırırdı. Amilin o dövrdə bəzi problemləri var idi və Ruhan onun üçün fəthedilməz zirvə idi. Ruhan qırılmaz falan deyildi. Ruhan onsuz da qırılmışdı.
- Kimdən? Nədən? - Aida gözlərini bərəldərək soruşdu.
- Mən sadəcə ona zərbə vuran son hadisəni bilirəm.
- Aha

Ölüm sonrası düşüncələr Where stories live. Discover now