Doqquzuncu fəsil

27 5 3
                                    


Bundan 14 il əvvəl Ruhan Muradsoy yaşayır və yavaş - yavaş tanınmağa başlayırdı. Hər şeyin fövqündə isə o gün Ruhan həyatının qadını ilə tanış olacaqdı. Bütün sevgi hekayələri bir qayda olaraq axmaqca başlayır. Çünki, sevgi üçün insanın bir az da axmaq olması lazımdır. Və bütün insanlar bunu çox yaxşı bir şəkildə bacarır. 14 il əvvəl Ruhan Muradsoy da axmaq olmaq qərarına gəlmişdi, Güneli görərkən.
O gün Ruhan Muradsoy oturduğu kreslodan səhnəyə - Opera və Balet Teatrının ən çox izlənilən tamaşalarından olan Karmen operasına baxırdı. Opera fransız dilində olduğu üçün tez-tez açıb, əlindəki liberotta mətninə baxırdı.
- Məndə ondan yoxdur - cümləsini eşidəndə yanında oturan dünyalar gözəli bir qızın varlığının fərqinə varmışdı. Qızın geyindiyi ağ paltar dərisinin rəngi ilə vəhdət təşkil edir və qızın bütününün bir parçası halına gəlirdi. Qara, uzun saçlar isə dünyada heç bir qadına belə yaraşmırdı.
- Birlikdə istifadə edə bilərik - deyə Ruhan təklif etmişdi.
Ruhan iştirak etdiyi tədbirlərin atmosferinə uyğun geyinməyi sevən insanlardan idi. O teatra və operaya smokin geyinər, hansısa ölkəyə səyahət etdikdə isə yekə bel çantası götürərdi. Bu qızın da geyindiyi uzun əlcəklər onun zərafətini tamamlayaraq, Ruhanın diqqətini çəkmişdi.
- Siz oxuduqca mənə də oxuya bilərsiniz? - qız qar kimi ağ dişlərini göstərərək, yanağındakı qəmzə ilə birlikdə gülümsəmişdi.
- Əlbəttə, amma indiyədək olan hissələri ötürmüsünüz artıq.
- Təəssüf ki.
- Eybi yox, bir kofe masası arxasında sizə əvvəlki hissələr barədə danışa bilərəm.
- Bir şərtlə - deyərkən qızın gözləri gülmüşdü - kofelər məndən olacaq.

Ruhan Muradsoy Günellə belə tanış olmuşdu. Günel o dövrdə fizika təhsili alırdı. Təhsilindən qaynaqlanaraq Günel bürclərə, kainata enerji göndərməyə və başqa mənasız şeylərə inanmırdı.
- Bu qız ən çox buna görə məni cəlb edir - demişdi bir vaxtlar Nailə - çox ağıllıdır. Elmlə və incəsənətlə bu qədər bağlı bir qız tapmaq çox çətindir.

Amma, Ruhan nələr yaşadığını hamıdan yaxşı bilirdi. İndiyədək, neçə dəfə həyatın ağır zərbələrindən nəsibini aldığını, neçə dəfə inandığı insanlar tərəfindən tərk edildiyini, neçə dəfə bu həyatda yaşamaq istəmədiyini, neçə dəfə hər şeyi itirdiyini və neçə dəfə ümidsizliyə düşdüyünü hamıdan yaxşı Ruhan bilirdi. Artıq, heç nəyi və heç kimi ciddiyə almayacağına dair özünə söz verəndə qarşısına Günel çıxmışdı.
- Əgər hər - hansısa səbəbdən dolayı biz ayrılsaq - deyə bir dəfə Ruhan qıza demişdi - mən tamamilə qaranlığa düşərəm.
Ruhan və Günel evlilik xəyalları qurarkən yaşadıqları xoşbəxtlik qısa çəkmiş və Günel artıq şikayətlənməyə başlamışdı.
- Ruhan sənin yanında özümü qadın kimi hiss etmirəm. Mənimlə maraqlanmırsan. Romantik bir şeylər etmirik. Guya sevgiliyik, amma etdiyimiz yeganə şey görüşüb, elmi müzakirələr etməkdir. Gün ərzində də, səni heç yerdə tapa bilmirəm. Nə vaxt səninlə danışmaq istəsəm ya işləyirsən, ya kitab oxuyursan, ya da tək qalıb nəsə fikirləşmək istəyirsən.
Ruhanın özünün dili ilə desək, onun ucuz sevgi oyunlarına sərf edəcək zamanı yox idi. Mümkün ola biləcək ən qısa zamanda planladığı kəşflərini etmək istəyirdi. Bəlkə də, buna görə də, o, içdən-içə Güneli günahlandırmağa başlamışdı.
- Mən burda dünyanı dəyişəcək işlər planlayıram, hər kəsin həyatına toxunuşlar edirəm, sən də sənə romantik sözlər demədiyim üçün mənim başıma dərd çıxarırsan.
- Gözün özündən və xəyallarından başqasını görsəydi, məni və istəklərimi bir az vecinə alardın - deyə Günel Ruhanın üzünə doğru bağırmışdı.
Amma hər şeyə rəğmən onlar bir-birlərini sevirdilər. Günelin bir müstəqil fərd olması və Ruhandan təsirlənmədən öz fikirlərini ortaya qoya bilməsi Ruhanın xoşuna gəlirdi. Günel üçün isə öz dili ilə desək, Ruhan xəyallarındakı tam bir alfa kişi idi. Lider ruhlu, intellektual və zəbt edilə bilməyən. Gənclər bütün bu fikir ayrılıqlarına rəğmən bir-birlərini sevməyə və birlikdə xəyallar qurmağa davam edirdilər. Amma, əgər siz bir şərq ölkəsində yaşayırsınızsa, sizin həyatınız heç bir zaman tamamilə sizin həyatınız deyil. Və hər zaman araya valideynlər və cəmiyyətin mentalitet dediyi qaydalar toplusu girməyə başlayır. İndi də, belə olmuşdu. Bir il sonra Günel və ailəsi tərəfindən evlilik tələbləri yüksəlməyə başlamışdı.
- Niyə uzadırsan, Ruhan? Bir ildir ki, sevgiliyik. Ailələrimiz də bilir. Anamgil hər gün mənə təzyiq edir. Deyirlər ki, Ruhan səni həqiqətən sevsəydi, çoxdan elçi gələrdi. Mənim isə onlara deməyə sözüm yoxdur. Və bundan nifrət edirəm.
Bütün bu tələblər və söhbətlər Ruhanın dünyasından o qədər uzaq idi ki.... Hər şeyin fövqündə Ruhan evlilik üçün özünü hazır hiss etmirdi. O dövrdə Ruhan Muradsoy Amerikanı bir tədqiqat institutu ilə birlikdə layihə hazırlayırdı. Ruhanın planlarının bir qismi bu layihədən asılı olduğu üçün o dövrdə evlilik işlərinin diqqətini yayındırmasını istəmirdi.
- Günel, səndən altı ay istəyirəm. Altı ay sonra söz verirəm ki, elçilik olacaq.
Amma, Günelin valideynlərinin qızları üstündəki təzyiq çoxaldıqca iki sevgili arasındakı gərginlik də artırdı. Hətta, bir dəfə Ruhan Günelin atasının iş yerinə də getmişdi.
Əli kişi əmlak alqı-satqısı ilə məşğul olurdu. Əsasən, ofisi boş olurdu və Əli kişi orda boş-boş oturardı. Ruhan Muradsoy da bir gün içəri girmiş və özünü tanıtmışdı.
- Mənim haqqımda eşitmisiniz qızınızdan. Ruhan mənəm.
Gəl ki, Əli kişi Ruhanı televiziyada da çox görmüşdü. Ruhan fikrinin ciddi olduğunu və mümkün ola biləcək ən qısa zamanda Günellə evlənmək istədiyini demişdi.
- Sadəcə, sizdən üç ay istəyirəm.
Cavab olaraq, Əli kişi çox normal olan bir şeyi edib, Ruhanı qovmuşdu. Amma, bu hadisədən sonra Günelə olan təzyiqlər əhəmiyyətli dərəcədə azalmışdı. Böyük ehtimalla, hər kəs Ruhanın fikrində nə qədər ciddi olduğunu görmüşdü və bundan sonra gənclər rahat nəfəs ala bilmişdilər.
Amma mütəmadi şəkildə bu sakitliyi pozan davalar və anlaşmazlıqlar Ruhan və Günel arasında davam edirdi. Artıq münasibətləri o qədər toksikləşmişdi ki, Ruhan Günelə ayrılmağı təklif etdi.
- Səni sevirəm, Günel. Bilirəm, sən də məni sevirsən. Amma, sevgi hər şey deyil. Biz dünyaya eyni pəncərədən baxmırıq. Biz evlənsək belə xoşbəxt ola bilməyəcəyik. Bunu sən də görürsən. Hissi bir qərar verə bilmərik. Ən azından mən açıq aşkar görünən həqiqətə gözümü yuma bilmərəm. Biz bir-birimizi xoşbəxt edə bilmirik.

                        *          *         *

Nail dostunun sevgi hekayəsini danışıb, susdu. Heç bir məna ifadə etməyən gözləri ilə Aidaya baxdı. Aida isə sanki ardını gözləyərcəsinə soruşdu:
- Və?
- Və ayrıldılar. Gerisi yoxdur. Bəlkə də çox təmtəraqlı bir hekayə deyil. Amma, Güneldən sonra Ruhan heç kimi sevmədi. Hətta, deyərdim ki, qəsdən heç kimi yaxınına buraxmadı.
- Niyə? - birdən-birə Aidanın dilindən psixoloqunun sözləri tökülməyə başladı - axı bu o qədər də dərd ediləcək bir şey deyil. İnsanlar sevirlər və ayrılırlar. Ruhan Muradsoy yəni bu qədər emosional insan idi?
- Əsla. Ruhan həyatda tanıdığım ən məntiq yönümlü insan idi. Amma, bilirsən qızım, Ruhan kimi adamları başa düşmək üçün gərək onlar kimi olasan. Ruhan onun elmə həsr etdiyi ömrünün başqaları tərəfindən qəbul edilməyəcəyi qənaətinə gəlmişdi. O inanırdı ki, bir qadını xoşbəxt edə bilməz. Yenidən bu əziyyətli sevgi yolunu getmək istəmirdi.
- Ruhan Muradsoyun son yarası bu idi?
- Bəli. Güneldən sonra Ruhanın itirəcəyi heç nə qalmamışdı. Heç nəyi itirmək qorxusu da yox idi artıq. Günellə birgə sanki Ruhanın adi insana aid rəngli hisləri də yox oldu.
- Necə yəni?
- Üz mimikaları sanki daha ciddiləşdi. Gözləri yorğunlaşdı. Özünü sözün həqiqi mənasında elmə sərf edən və sanki sadəcə zəkadan ibarət bir varlıq halına gəldi.
- Görəsən nələr düşünürdü?
- Bilmirəm. Amma bildiyim bir şey var ki, Güneldən ayrılmaq Ruhana dərindən təsir etdi. Anlayışsızlıq və mentalitet bir dahinin bütün rəngli hisslərini məhv etdi. Üstəlik, sevə-sevə ayrılmaq və bu qərarın Ruhan tərəfindən verilməsi onu dərindən yaralamışdı.

                        *        *         *

Güneldən ayrıldıqdan bir həftə sonra Ruhan Muradsoy bir kafedə Naillə oturmuş və pivə içirdi. Qəfil Nailin ağlına gələn bir sual söhbətin mövzusunu dəyişdi.
- Ruhan, nə oldu sənin işin? Nə vaxt evlənirsən indi - Nail gülərək soruşdu.
- Biz ayrıldıq.
- Aa niyə?- bir saniyə içində Nailin üzü sallandı. Çünki, o da bilirdi ki, Ruhan Güneli nə qədər sevir.
- Elə oldu - Ruhan pivəsindən qurtum alaraq cavab verdi.
- Bəs.... indi necəsən sən?
- Yaxşıyam.... yaxşıyam.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now