İkinci fəsil

80 7 18
                                    

Kofelərin töküldüyü fincanlar öz nəlbəkilərində rəqs edərkən katibə də öz vəzifəsini səliqə ilə icra edərək kofelərin sahiblərinə çatmasını təmin etdi. Aida çox da zəngin deyildi, amma diktofonu qoşmaq üçün çıxardığı telefon Ayfonun son modeli idi. Katibə şübhəli nəzərlərlə otaqdan çıxdı. Aysel 43 yaşında ola bildiyincə gözəl və baxışları ilə kişiləri özünə cəlb edə bilən bir qadın idi. Amma, nə etmək olar ki, gözəllik xoşbəxtlik olmadığı kimi, bəzən bədbəxtliyin də səbəbi olur. Ayselin daha öncə insanlığın nə qədər kövrək ruhlu olduğunu unudan bir insanla evliliyi olmuşdu. Ömrünün ilk baharını yaşayan bu gənc qız qayğı və sevgi əvəzinə, şiddət və istismarla qarşılaşmışdı. Ya öləcəyini, ya da boşanacağını anlayan Aysel doğru yolu seçərək həyatda qalmış, amma bununla da illərlə yaşadığı və böyüdüyü evin qapıları üzünə bağlanmışdı. Tamamilə tək qalan Aysel bir müddət saç ustası işləyərək sözün həqiqi mənasında ucuz kirayə ev axtarışında sürünmüşdü. Sonra bir gün təsadüfən iştirak etdiyi bir sərgidə onu görmüşdü. Başını aşağı əyərək bir küncdə oturmuş və ilk baxışdan insanda özgüvənsiz təəssüratı oyadan cavan bir oğlan. Aysel bu oğlanı internet və televiziyalardan tanıyırdı. Ruhan Muradsoy. Qara, dağınıq saçlarının altında dağınıq fikirləri bəsləyən, bəzən maraqlı, bəzən də sıxıcı olan bir insan.
- Siz Ruhansınız?- Aysel utana-utana soruşmuşdu.
O da sanki uzun boyunu nümayiş etdirircəsinə ayağa qalxmış və gülümsəyərək demişdi:
- Bəli, mənəm.
- Çox məmnun oldum. Mən sizin yazılarınızı böyük maraqla oxuyuram. Çox savadlı insansınız.
- Çox təşəkkür edirəm.
- Sizinlə görüşə bilərik?

Və budur. Ayseldən 7 yaş kiçik olan bu oğlanla bir neçə dəfə görüşmək kifayət etmişdi ki, Ayselin həyatı dəyişsin. İndi, o, böyük bir şirkətin sahibinin şəxsi asistanı idi və bu iş ona sadəcə yaxşı maaş deyil, həm də ehtiyacı olduğu diqqət və qayğını da verirdi. Təəssüf ki, bu diqqət və qayğı bir insanın bir insana göstərdiyi nəvazişdən başqa bir şey deyildi. Amma, Aysel arzulayırdı ki, Amil Nəzərov ona bir kişinin qadına yönəltdiyi sevgini bəxş etsin. Amma, görünən o idi ki, Amil öz yoldaşına çox sadiq idi və başqa qadınlara gözünün kənarı ilə də baxmırdı. İndi də Ayselin olduğu otağın yan tərəfində heç kimə müsahibə verməyən və heç kimlə bu qədər səmimi olmayan Amil bu yeni jurnalist qıza xüsusilik tanımışdı.

Aida diktofonun qoşulduğundan əmin olaraq Amil Nəzərova ilk sualını verdi.
- Ruhan Muradsoyu araşdırdığım demək olar ki, hər saniyə sizin adınıza rast gəlirdim. Onunla çox yaxın olduğunuz su götürməz bir həqiqətdir. Ona görə də, düşündüm ki, onu ən yaxşı tanıyan insan siz olarsınız. Nə deyə bilərsiniz dostunuz haqqında? O necə bir insan idi?
Amil müəllim cibindən siqaret paketini çıxararaq gülümsədi.
- İcazənizlə, bir siqaret çəkəcəm.
- Əlbəttə, sizə necə rahatdırsa.
Aidanın gözü qarşısında siqaretini yandırıb, baş barmağı ilə qaşını qaşıyan bu məşhur iş adamı sanki keçmişə gedir və tələbələşirdi.
- Ruhan mənim dostum deyildi - Amin müəllim nəhayət ki, danışmağa başlayanda ilk cümləsi bu oldu - onunla biz ana ayrı, ata ayrı qardaş idik. Onu ilk gördüyüm gün, yəni, universitet həyatımın ilk günü ən arxada oturub kitab oxuyurdu. Heç kimlə danışmazdı. Mən də danışmazdım gəl ki. Mən arxada oturub qulaqcıqla mahnılara qulaq asardım. Beləcə, ən arxa parta bizim səssizliyimiz üçün ayrılmış bir yer idi. Amma o məndən daha şanslı idi. Mən dərsdə mahnıya qulaq asa bilmirdim, o isə kitab oxuya bilirdi.
- Əslində, maraqlı obrazlar olmusunuz - deyə Aida qeyri-peşəkar jurnalist ədası ilə araya girdi - meloman və kitab qurdu.
- Hə, elə idik. İki ay heç danışmadan bu gedişi sürdürdük. Amma bir gün onun oxuduğu kitab mənim də diqqətimi çəkdi. Beləcə, ilk dəfə söhbət etməyə başladıq. Dərsdə o qədər söhbət etdik ki, müəllim ikimizi də dərsdən çıxardı.
- Ruhan Muradsoyun müəllim tərəfindən danlanıldığını təsəvvür etmək belə çətindir.
- Çünki, onun haqqında heç nə bilmirsiniz - Amil Nəzərov ironiya ilə gülümsədi - onun haqqında nəsə öyrənmək istəyirsinizsə, ilk olaraq etməli olduğunuz şey sakit durmaqdır.
- Üzr istəyirəm, buyurun. Sizi dərsdən çıxarmışdılar.
- Hə, çöldə dərsin bitməsini gözləyərkən onunla söhbət etdik. Bizim dostluğumuz belə başladı. Onu təzə tanıdığım dövrlərdə ən böyük məqsədinin nə olduğunu soruşmuşdum. O da mənə bilirsiniz, nə demişdi? Mən dünyanı dəyişəcəm.
- Dəyişdi də - dözməyən Aida yenə dilləndi. Amma bu dəfə özünü göstərmək üçün yox, səmimiyyətlə, içindən gələn güclü həqiqəti hayqırmaq istəyi ilə dünyaya pıçıldamışdı.
- Dəyişdi də - Amil müəllim təkrarladı - təbii ki, bu gün bütün dünya onu məşhur elmi kəşfi ilə tanıyır.
- Əlbəttə, kəşf etdiyi sistem bizim hamımızın həyatını daha da asanlaşdırdı. Onu unutmaq namümkündür.
- Amma onun etdiyi şey bundan daha artığı idi. O, bizim hamımız üçün ilham qaynağı idi. Biz ona baxarkən içimizdə cəsarəti və inamı tapırdıq. 18 yaşı olarkən kreativ təhsil mərkəzi yaratmışdı. 21 yaşında Elmlər Akademiyasında işləyirdi. 24 yaşında orda Şöbə müdiri oldu, bir il sonra BMT-ə qoşuldu və 29 yaşında da Almaniyanın ən böyük Elmi Tədqiqat İnstitutunda işləyərək, həmin o məşhur kəşfini etdi. Bildiyiniz, gözümün önündə böyüdü adam. - Amil müəllim gözündə kirpikləri arasından intihar edərcəsinə atılmaq istəyən yaşı silərək yenidən gülümsədi.
- Bəs siz Amil müəllim? Siz bu hekayənin harasında idiniz?
- Mən onun hekayəsinin heç bir yerində deyildim. O, mənim hekayəmin əsas parçası idi. İyirmili yaşlarda mən özünü tapa bilməyən, hər şeyi itirmiş, özünə iş tapa bilməyən, psixoloji böhranlardan çıxa bilməyən bir insan idim. Özümə belə inanmazkən Ruhan mənə inanırdı. Daima yanımdaydı və mənə dəstək olurdu. On il boyunca məndən əl çəkmədi. Daima nəsə öyrədirdi mənə, daima ora-bura çəkirdi. Ölümündən bir neçə il əvvəl mənə demişdi ki, bir gün mən olmayanda bu dünyanı sənə əmanət edəcəm. Mən onun inamını doğrultmaq üçün onun öyrətdiklərini edərək bu günlərə gəlib, çıxdım.
- Sizcə, niyə görə belə bir şey istəmişdi?
- O, tanıdığım ən güclü insanlardan biri idi. Hətta, ən güclüsü. Məqsədləri və xəyalları vardı. Onun yaşamaq motivasiyası hər şeyi öyrənmək idi. Tez-tez deyərdi ki, mənim motivasiyam o qədər güclüdür ki, mənim gücümü limitsiz edir. O ölümə meydan oxuyurdu. Hətta, ölümə belə icazə vermirdi ki, onu məqsədlərindən ayırsın.
- Amma, onun məqsədi və motivasiyası nə idi? - Aida əli ilə üzünə düşən saçlarını geri itələyərək və qulağı ilə saçlarının yoldaşlıq etməsini təmin edərək soruşdu.
- Bu barədə dəqiq bir şey demək çətindir. Amma, çox xəyalpərəst insan idi. Uşaqlıqda hər birimizin fantastik xəyalları olur. Özümüzü qəhrəman, ya da alim kimi xəyal edirik. Zamanla həyat bizə xəyallarımızı unutdurur və onun yerinə quru reallığı verir. Bunu Ruhana edə bilməmişdi. Ruhan Nobel mükafatı alandan sonra bütün gecə oyaq qalıb telefonda danışmışdıq. Ondan soruşmuşdum ki, bütün bunları niyə görə edirsən?
- Maraqlıdır, o nə cavab verib sizə?
Amil Nəzərov gözlərini sanki, Aidanın qara bəbəklərindən çıxan məchul düz xətlərlə birləşdirib, cavab verdi.
- Çünki, edə bilirəm. Cavabı belə olmuşdu. Çünki, edə bilirdi. Ruhan başqa bir şey haqqında heç düşünmürdü də. Həmişə deyərdi ki, mən heç nə etmirəm, həyat məni harasa aparır. Deyərdi ki, mən varlığımın tələblərini yerinə yetirirəm.
- Bunu necə başa düşmək olar? - Aida yazacağı mətnlərdə anlamadığım və bəlkə də onun anlaya bilmədiyi insanların anlaya biləcəyi hissələrin olacağını hiss edirdi.
- Bunu heç kim bilmir. Dediyim kimi, həyatımın böyük bir qismi həyatın mənasını sorğulayaraq yaşadığım krizlərdən ibarət idi. Beynimdə dolaşan və tarazlığımı pozan bütün sualları Ruhanla bölüşə bilirdim. Amma, bir suala Ruhan heç vaxt cavab vermirdi. İnsan niyə görə nəsə etməlidir? Ruhandan soruşurdum ki, sən nə üçün çalışırsan? O da cavab verirdi ki, bu hər kəsin özünün anlayacağı bir şeydir, bir başqasının sualına bir başqası cavab verə bilməz. Ruhanın həmişə ağlında çox böyük ideyalar olardı. Bu böyük ideyalar haqqında nə edəcəyini bilmədən nəsə etməyə başlayırdı. Həmişə də uğurlu olardı. Ruhan həyatı ciddiyə almırdı və insanların ciddiyə aldığı şeylərin önəmsiz olduğunu deyirdi. Bir şeyi sadəcə o şeyi etmək üçün edirdi. O işləmirdi. Hobbiləri ilə məşğul olardı. Elm onun ən böyük hobbisi idi. Həzz aldığı işi görərək pul və uğur qazanırdı. Amma, bunları qazanmasa belə yenə bu işləri edərdi - bu yerdə Amil Nəzərov Ruhanın illər öncə etdiyi bir zarafatı xatırlayaraq gülümsədi. O gün Ruhanla görüşmüş və ucuz bir kafedə dadlı bir yemək yeyirdilər. Söhbət Ruhanın işləmə tərzindən düşmüşdü. Çünki, bu tərz hər şeyin fövqündə diqqət çəkici idi. Ruhan Muradsoy istədiyi zaman işə gedir, istədiyi zaman işdən çıxırdı. İstədiyi işi görürdü və istəmədiyi işləri ona gördürməyin bir yolu yox idi. Və həmin gün Ruhan demişdi ki, sadəcə fahişələr və mən həzz alaraq pul qazanırıq.
- Amil müəllim, bəs Ruhan Muradsoyun sevgi həyatı necə idi? Onun kimi bir adamın sevgisi yəqin ki, hər kəsi berhudar edərdi.
- Ruhanın həyatında sevgi macəraları çox yer tutmur. İki dəfə sevgilisi olmuşdu və ara-sıra türklər demiş "takıldığı" qızlar olurdu, əlbəttə. Amma ona çox sevgi adamı demək olmazdı. Onun fikrincə, münasibət vaxt itkisi idi. Zamanını öz kontrolu altında tutmağı sevirdi. Məcbur qalaraq nəsə etmək istəməzdi. Və o, münasibətin gətirdiyi məcburiyyətlərin xəyallarını reallaşdırmaq üçün əngəl olacağını düşünürdü. Dediyim kimi, heç nəyi ciddiyə almadan o an ağlından keçənləri edən biri idi. Bu işlər onluq deyildi. O, dövlət rəsmiləri ilə ciddi bir görüşdən çıxıb, mənlə görüşür və səkidə oturaraq dönər yeyirdik. Nobel mükafatı alandan sonra gedib köhnə bir pubda oturub, pivə içə-içə sitcoma baxmışdı. Başqaları ona dahi, zəka küpü kimi baxarkən, o gecə xəlvətcə bizim evə girir və üzünə maska taxıb, məni qorxudurdu. Əyləncəli, qeyri-ciddi, amma çox ciddi işlər görən bir insan idi.

Aida getdikdən sonra Amil Nəzərov o gün heç nə etməmək qərarına gəlmişdi. Bütün işi təxirə saldı və kreslosuna söykənərək xəyallarının Ruhan Muradsoy adlanan dərinliklərinə endi. O günlər artıq o qədər keçmiş günlər idi ki...... Bəlkə də, sadəcə dostunun xatirəsini canlandırmaq üçün bu gün heç bir işlə məşğul olmaq istəmirdi. Ruhan necə deyərdi? " Heç nəyə məcbur deyilik və heç nə etməli deyilik. Hər şey o anda nə istədiyimizə bağlıdır. Həyatı ciddiyə almaq ən qeyri-ciddi hərəkətdir."

Amma, görəsən heç nəyi ciddiyə almayan insan nəyisə ciddiyə almışdırmı? Ruhanın ölümündən sonra belə Ruhanın addımları sanki başqa bir dünyadan səslənəcəkdi? Təbii ki, Amil Nəzərov bunları düşünmürdü. Çünki, Ruhanın son nəfəsinin planını bilmirdi və bəlkə də, Amil müəllim belə Ruhan Muradsoyu çox yaxşı tanımırdı.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now