Altıncı fəsil

39 6 24
                                    

Amil Nəzərov öz düşüncələrinin dərinliyinə elə dalmışdı ki, əslində bu səsi belə eşitmədi. Onun qulağına sadəcə bir uğultu gəldi. Başını qaldırdı və sanki bir anlıq Ruhanı gördü qarşısında. Bu otaq, bu otaq, bu otaq...
- Amil, neynirsən sən?
Amil isə qarşısında dayanan sarı saçlı, kök qadının üzünə baxır və heç bir cavab verə bilmirdi. Çünki, onun gözləri bu otaqda Ruhandan başqasını axtarmırdı. İndi Ruhanın olmadığı bir dünyada və bu otaqda olarkən və Ruhanın daxili dünyasını öyrənmişkən və Ruhana özünü ilk dəfə bu qədər yaxın hiss etmişkən və Ruhanın problemləri ola biləcəyi həqiqətini anlamışkən və anlamışkən ki, Ruhanın tənhalığını öldürəcək gücdə olmayıb və başa düşmüşkən ki, özü ilə o qədər məşğul olub ki, Ruhanın yanında ola bilməyib, Ruhandan başqasını görmək istəmirdi. Amma görürdü.
- Aygün müəllimə...
- Amil, xeyir ola? Kassanı sən açdın?
Budur, keçmişdən gələn daha bir insan. Aygün xanımı Amil Nəzərov hələ universitet dövründən tanıyırdı. Ruhanla birlikdə Aygün xanımın dərsindən az qovulmamışdı. O vaxtlar Aygün xanım daha gənc və daha arıq idi, amma səbri Ruhanın suallarına və Amilin gülüşlərinə dözməyəcək qədər daşqın idi. Ruhanın ən yaxşı edə bildiyi şeylərdən biri də müəllimləri hövsələdən çıxarmaq idi. Bir dəfə Aygün xanımı xəyal gücündən əskik olmaqla günahlandırmışdı və Aygün xanım da eynəyinin üstündən Ruhana baxıb, demişdi.
- Çıx çölə.
Daha sonra üzünü Amilə tutmuş və eyni sözləri yenidən təkrar etmişdi.
- Mən neynədim ki?- deyə Amil etiraz etsə də, aldığı cavab uzun illər gülüşlərə səbəb olmuşdu.
- Hələ ki, heç nə eləməmisən. Amma dostunun qisasını almağa çalışacan, bilirəm. Ona görə də, sən də çıx çölə.
Müəllimlər hər ikisindən bezsə də, amma qəribə bir şəkildə Ruhan onların səhv olduğunu hər dəfə sübut edə bilirdi. Ona görə də, müəllimlərin dekanlığa şikayət istəkləri hər zaman istək olaraq qalırdı. Böyük ehtimalla, heç biri dekan qarşısında Ruhanın əks arqumentlərini eşitmək istəmirdi. Amma, bir dəfə müəllimlərin biri prinsipə düşmüş və eynilə bu sözləri demişdi:
- Ya Ruhan Muradsoy bu universitetdən qovulacaq, ya da mən çıxacam.
Dekan da Ruhanı çağırıb demişdi ki, mən müəllimlə danışmışam, hamının içində üzr istəsən, səni bağışlayacaq. Ruhan da hər kəsin içində bu sözləri deyərək, üzr istəmişdi.
- Sizi ala biləcəyiniz yüklərdən daha çoxu ilə yüklədiyim üçün üzr istəyirəm.
Aygün xanım üçün isə Ruhan və Amil ən sevdiyi və ən çox əsəbləşdiyi tələbələr idi. İllər sonra Ruhan Muradsoyun Nobel mükafatı aldığını sosial şəbəkələrdən öyrənəndə öz-özünə pıçıldamışdı:
- Bilirdim.
Sonra isə iş dünyasında Amil Nəzərov adı yüksəlməyə başladı. Bir anda hər kəs kasıb ailədən çıxan zəngin biznesmen haqqında danışmağa başlamışdı. Və bəlkə də, ilk dəfə o zaman Aygün xanım dərsdən qovduğu bu uşaqları ciddiyə almağa başladı.

- Cavabı bilirdim - deyə cavab verdi Amil müəllim.
- Necə? Kassanın kodu nə idi? - Aygün xanım imtahan götürən pedaqoq ədası ilə soruşdu.
- Önəmli deyil.
- Necə yəni önəmli deyil? Biz illərdir bu müəmmalı kassaya maraqla baxırıq. Sadəcə, Ruhan Muradsoyun xatirəsinə zərər vurmaq istəmədik.
- Ruhanın otağında artıq siz olursunuz?- Amil müəllim əlindəki dəftəri sıxaraq soruşdu.
- Bura Ruhanın otağı deyil. Bir zamanlar Ruhanın istifadə etdiyi Elmlər Akademiyasının otağıdır.
Amil Nəzərov Aygün müəllimənin gözlərinə baxaraq xüsusi vurğu ilə pıçıldadı:
- Bura Ruhanın otağıdır.
Aida Gülay xanımın otağından çıxanda Amil Nəzərovun külək kimi dəhlizi keçib pilləkənlərlə aşağı düşdüyünü gördü.
- Amil müəllim - deyə qışqırsa da səsi heç kim tərəfindən eşidilmədi. Dəhlizin başında yerləşən pəncərəyə yaxınlaşan Aida aşağıda Amil Nəzərovun maşınına minərək getdiyini gördü.
- Tərbiyəsiz - deyə deyindi Aida - məni qoyub gedir.
Pilləkənlərə üz tutan Aida bir az da orda deyinməyə başladı.
- Milyonçu olmaqla deyil ki... Adam ola bilməmisən, adam. O vaxt psixoloji problemləri varmış, kriz yaşayırmış... Guya indi çox normaldır. Bu mini yupka ilə kimin qarşısına çıxsam yanımdan ayrılmaz.... Homo əclaf... Zibil seansa da gecikirəm... Psixoloq axırda məni qovacaq.

Amil Nəzərov sükanı əlləri ilə bərk-bərk sıxırdı. Sanki, illərlə inandığı həqiqətin əllərindən uçub getməsinə əngəl olmağa çalışırdı. Hər zaman belə deyil? Bu ucsuz-bucaqsız kainatın, kiçik planetinin kiçik küncündə yaşayan hər insan bu həyata bağlanmaq üçün bir həqiqət seçir. Həqiqət isə sadəcə bizim inandığımız hekayələrdi. Amil müəllim isə hansı həqiqətin doğru olduğunu bilmir və bu sükandan yapışdığı kimi hansı həqiqətdən yapışacağını da bilmirdi.
- Ruhan xoşbəxt deyilmiş. 
- Ruhan güclü deyilmiş.
- Ruhan hər şeyi bilmirmiş.
- Mən yaxşı dost deyilmişəm.
- Mən alçaq, heç bir işə yaramayan, dostuna kömək edə bilməyən bir adamammış.
Bunları səsli demək sanki Amili bir az rahatlatmışdı. Əlini sükandan çəkərək bir neçə dəfə dizinə vurdu.
- Ax Ruhan, ax Ruhan. Niyə insan kimi demədin bizə? Biz ki, üç dost idik. Üç axmaq. Niyə demədin, özünü necə hiss etdiyini? Niyə yalan danışırdım bizə? Elmdən, fəlsəfədən danışmaqdansa, bir dəfə də adam kimi sıxıntılarını deyərdin.
Sonra Amilin gözündə son görüşləri canlandı. Onda Amil Ruhanın yaxasından tutub divara sıxmışdı.
- Bu həyatda sadəcə sən yoxsan - Amil qışqırmışdı o zaman - hər şey səninlə bağlı deyil. Həmişə özünü düşünürsən. Sən, sənin xəyalların, sənin uğurların, sənin düşüncələrin. Bizim də bir həyatımız var.
Ruhan Amilin üzünə baxaraq sakitcə demişdi.
- Mənim buna ehtiyacım var səncə?
- Var - deyə Amil qışqırmışdı - sənin daima eqonu tətmin etməyə ehtiyacın var.
- Həəə, sən də anlamamısan.
- NƏYİ ANLAMAMIŞAM? NƏYİ ANLAMAMIŞAM? MƏN HƏR ŞEYİ GÖZƏL ANLAYIRAM. ÇIX GET BURDAN. ARTIQ SƏNİ İSTƏMİRİK.
Ax, bu son görüş.
- Dilim quruyardı, bu sözləri deməzdim - Amil Nəzərovun gözləri elə yaşarmışdı ki, maşını bir kənara çəkərək saxladı - sən də anlamamısan dedi. Sən də. Başqaları da anlamayıb, mən də.

Aida otağa girəndə psixoloqu gülümsəyərək ayağa qalxdı. Onlar təxminən iki ay idi ki, həftədə bir dəfə seans edirdilər.
- Xoş gəldiniz, Aida xanım - Fərqan Kərimli pasiyentini mehribanlıqla qarşıladı.
- Xoş gördük, Fərqan bəy, necəsiniz?
- Çox sağolun, yaxşı olasınız.
- Yaxşıyam - deyən Aida gülümsədi - mənə verdiyiniz tapşırığı yerinə yetirmişəm. Demişdiniz ki, yeni bir məqsəd tapım və yeni bir layihəyə başlayım. Mən də başladım. Həqiqətən də, artıq özümü daha faydalı hiss edirəm. Həyatım sanki bir məna qazandı.
- Əla - dedi psixoloq - nəyə başladınız, sirr deyilsə?
- Ruhan Muradsoy haqqında yazıram. Yəqin ki, tanıyırsınız.
- Əlbəttə, onu kim tanımır?
- Hə, məncə onun kimi insanlar unudulmamalıdır. Amma onu araşdırmaq məni deyəsən bambaşqa bir yerə götürür. Bu gün onun haqqında elə bir şey öyrəndim ki, açıqcası bu bilgiylə nə edəcəyimi bilmirəm.


Ölüm sonrası düşüncələr Where stories live. Discover now