Beşinci fəsil

30 6 18
                                    

Bu ola bilərdimi? Belə şeylər mümkündür? İllərlə bir kassada bir adamdan yadigar nəsə qala bilərmi? Sahibini və kəşf edilməyi gözləyən bir dəftər. Bir cib kitabçası. Amil müəllimin əli dəftərə tərəf uzananda hiss etdi ki, əlləri titrəyir. Ruhanın etdiyi hər şeydən xəbəri olduğunu düşünürdü, amma heç vaxt belə bir dəftərin varlığından xəbər tutmamışdı. Qara cildli köhnə dəftəri əlində tutanda içində bir hiss yarandı.

"Açma dəftəri, Amil. Keçmişi qurdalama. Hər şey necədirsə, eləcə də qalsın"
Amma, təbii ki, Amil müəllim heç vaxt qorxaq adam olmamışdı. Onun ən üstün tərəfi həqiqətin üzünə dik baxmağı idi. Beləcə, dəftəri açdı. Görən kimi Ruhanın əl yazısını tanımışdı. Bu əl yazısını illər əvvəl görmüşdü sonuncu dəfə. Amma indi nostalji üçün vaxt yox idi. Ruhanın yazdıqları daha şokedici idi.

Tənhalıq bütün həyatım boyunca əynimdən çıxara bilmədiyim paltarım oldu
Nə edirəmsə edim günün sonunda həmişə tənha idim
Tənhalıq məni hər yerdə izlədi
Hətta insanların içində olarkən
Hətta işdə, hətta evdə, hətta dostlarlaykən
Kiminlə nə etdiyimdən asılı olmayaraq mən hər zaman qopuq idim
Qopuq hiss etdim
İnsanlar və mən
Hər zaman biz fərqli cəbhələrdə idik
Fərqli qütblərdə
Bəzən tənhalığı mən seçdim
Bəzən də tənhalığı sevdim
Tənhalıq mənə azadlıq verir
Ətrafımda hər tərəfə hərəkət edə biləcəyim boş sahə yaradır
Amma bezdim artıq heç yerə və heç kimə aid olmamaqdan
Dağınıq yaşamaqdan
İnsanlardan uzaqda olmaqdan
Bəzən insanlara mən də sizin kimiyəm demək istəyirəm
Mən də insanam və sizin kimi
İnsanlar isə mənim hislərimin olduğunu o qədər unudublar ki, heç mən özüm belə unutmamışdım

Dünya Amil Nəzərovun başına döndü. Yaşadığı şokun təsiri ilə yaxınlıqdakı kresloya çökdü. Tutduğu dəftəri əllərində bərk-bərk sıxdı və bir az sonra əlləri dizinə düşdü. İnandığı dəyərlər və qazandığı motivasiya get-gedə gözlərində parçalanır və böyük bir fəryadla yıxılırdı. Bu şaxta babanın əslində real olmadığını anlayan uşağın hissləri idi.
Ruhan Muradsoy. Amil müəllimin tanıdığı ən güclü və qətiyyətli insan. Amma deyilmiş. Sən demə, Ruhan öz içində itmiş və tərk edilmiş biri idi. Birdən, qəribə bir vicdan əzabı Amil Nəzərovun mədəsini yandırdı, ordan yuxarı qalxdı və boğazında düyünləndi. Axı, o, Ruhanın ən yaxın dostu idi. Bunu necə bilməyə bilərdi? Niyə heç fikir verməmişdi? Necə görməmişdi?

Bəzən insanlara mən də sizin kimiyəm demək istəyirəm
Mən də insanam və sizin kimi
İnsanlar isə mənim hislərimin olduğunu o qədər unudublar ki, heç mən özüm belə unutmamışdım

Ruhana necə belə tək hiss etdirə bilmişdi? Ruhan haqlı idi. Amil müəllim ona heç vaxt hisləri olan bir insan kimi baxmamışdı. Ruhan zəkası, biliyi və qətiyyəti ilə o qədər ön planda idi ki, hislərini heç kim görə bilmirdi. Ruhan problemlərin qarşısında elə sərt və qaya kimi dayanırdı ki, kənardan qırılmaz və zəifliyi olmayan bir insan kimi görünürdü. Ruhanı məğlub etməyin bir yolu yox idi. Məğlubiyyət hisləri olan insanlar üçündür, Ruhan isə sadəcə bir qətiyyət abidəsi idi. Oxuduğu cümlələr Amil Nəzərovun beynindəki Ruhan Muradsoy portretini dağıdırdı.
" Səndən heç gözləməzdim, Ruhan"
Bəli, Amil Ruhandan emosionallığı gözləməzdi. O, Ruhana inanmışdı. İnsanın kifayət qədər güclü olmadığını düşünən Amil Nəzərov Ruhana baxmış və bir insanın nə qədər güclü ola biləcəyini görmüşdü. Ruhan həyatı ən yaxşı anlayan, primitiv problemlərdən sıyrılan və müdrikliyə çatmış bir insan idi onun üçün.

" Elə deyilmiş."

Gənclik çağında Amil Nəzərov düşünürdü ki, hislər insanın qüsurudu. Və, o Ruhana baxarkən hisləri olmayan, güclü bir insanı görüb, ruhlanmışdı. İnanmışdı. Bu cür olmaq mümkündür. Amili ayağa qaldıran, heç nədən hər şeyi olan adama çevirən və onu Amil müəllim edən bu inanc idi. Ruhanın sadəcə varlığı onun üçün ilham qaynağı ola bilmişdi. Amma, sən demə, hər şey yalan imiş. İnancı, ümidi və dostu.

Tənhalıq məni hər yerdə izlədi
Hətta insanların içində olarkən
Hətta işdə, hətta evdə, hətta dostlarlaykən
Kiminlə nə etdiyimdən asılı olmayaraq mən hər zaman qopuq idim

Bunu necə bilməmişdi axı? Bu necə bir yalan idi? Amilin hər zaman həyatda ən çox sevdiyi şeylərdən biri Ruhanla dostluqları idi. Aralarındakı o bağ. Amma, sən demə, o bağ yox imiş. Sən demə Ruhan həmişə tək imiş.
- Zirvədəki tənhalıq - Amil Nəzərov pıçıldadı.

Tənhalıq məni hər yerdə izlədi
Hətta insanların içində olarkən
Hətta işdə, hətta evdə, hətta dostlarlaykən

Niyə axı Ruhan bunu bizə heç vaxt deməyib? Biz ona kömək edə bilərdik. Bəlkə də, biz bunu eşitmək istəmirdik. Bizə qəhrəman lazım idi, rol model lazım idi. Bəlkə də, biz heç vaxt icazə verməmişik ki, Ruhan bizə öz narahatlıqlarını danışsın? Allah bilir, neçə dəfə danışmaq istəyərkən sözünü kəsmişik. Belə bir adam əlimizə düşmüşkən hamımız ondan nəsə qoparmağa çalışırdıq.

İnsanlar və mən
Hər zaman biz fərqli cəbhələrdə idik
Fərqli qütblərdə

Amil müəllim qəfildən özünə o qədər nifrət elədi ki, sifətinə möhkəm bir yumruq ilişdirdi.
- Sakit ol, Amil. Bütün bunlar sənin günahın deyil. Dəfələrlə Ruhandan hisləri ilə bağlı soruşmusan. Hər dəfə artist - artist danışırdı. Yox, həyat önəmsizdi, yox anın tələbi, yox nə bilim nə. Özü bunu seçib.

Bəzən tənhalığı mən seçdim
Bəzən də tənhalığı sevdim
Tənhalıq mənə azadlıq verir
Ətrafımda hər tərəfə hərəkət edə biləcəyim boş sahə yaradır

- Sən burda nə edirsən? - qəfil gələn səslə Amil müəllim ayağa sıçradı. Keçmiş ona heç bu qədər yaxın baxmamışdı. O, keçmişin gözlərinin içinə baxırdı. Keçmiş isə onun gözlərində canlanırdı.

Tənhalıq bütün həyatım boyunca əynimdən çıxara bilmədiyim paltarım oldu

Ölüm sonrası düşüncələr Where stories live. Discover now