On yeddinci fəsil

21 5 8
                                    


- Bizim evə girən o iki nəfər də sizin adamınız idi, Nəcəf müəllim? - iki saat bundan əvvəl Amil Nəzərovun Nəcəf müəllimə verdiyi son sual belə olmuşdu.
- Ruhanın çevrəsində olan şəbəkəni mən yaratsam da sonradan işlər mənim əllərimdən çıxacaq qədər böyüdü. Ruhanı zəbt etmək heç vaxt mümkün olmayıb. Xüsusilə, ölkədən gedəndən sonra nələr etdiyini az bilirəm. Amma qulağıma bəzi xəbərlər çatırdı. Ruhan Muradsoy gah Londonda kraliyyət ailəsi ilə yemək yeyir, gah da Amerikada Pentaqondan çıxarkən görünürdü. Ya da məşhur skandal. Almaniyada mafiya ilə əlaqələrinin olduğu ilə bağlı gəzən şayiələr. Bu nöqtədə Ruhanın kimlərlə nələr etdiyini heç kim bilmirdi. Dolayısıyla, sizin evə girən adamlarla bağlı heç bir fikrim yoxdur. Amma bəlkə kiçik bir ehtimal olsa da, İlkin Feyzullayev bilər.

Onların görüşdüyü restoran bu şəhərin ən bahalı adamlarının özlərini xalqın gözündən gizlətmək üçün istifadə etdiyi kabinetlərlə dolu bir məkan idi. Bura gələnlər hətta restoranın həyətində dayanan və nömrələri ilə öz sahiblərinin kimliyinin ifşa edən avtomobillərlə dolu olsa da, burda hər kəs özünü görməzliyə vurur və korları təqlid edirdi. Zənginlər sadəcə kasıbların probleminə qarşı deyil, həm də digər zənginlərin avtomobil nömrələrinə qarşı da kor olurlar.
- Bu siqareti də niyə çəkirəm, bilmirəm - deyən İlkin yarımçıq qalmış filtri külqabıya elə basdı ki, hiss olunurdu ki, səbəbini bilmədən yarımçıq çəkdiyi tək şey siqaret deyil. İllər əvvəl başladığı karyerasının çətin və keşməkeşli yolları onda bu həyatı çəkmək kimi də zərərli vərdiş yaratmışdı.
- İlkin sən psixoloqsan. Uzun müddət Ruhanın yanında olmusan - Amil müəllim sadəcə masaya doğru deyil, həm də əsas mövzuya tərəf bədənini sürüyərək dedi - nə düşünürsən?
İlkin gözlərini əlindəki dəftərin səhifələri arasında gəzdirirdi. Amil müəllim gələrkən özü ilə Ruhanın keçmişdən göndərib, köhnə otağının gizli saxlancında əlinə çatmış dəftəri də gətirmişdi. Ruhanın yazdıqları istənilən psixoloq üçün maraqlı ola və onu çox danışmağa təhrik edə bilərdi.

" İnsanlar kimi olmağı sınadım. Məni heç kimin fərqli görməsini istəmirdim. Bir müddət insanları müşahidə elədim və sonra onlar kimi olmağa çalışdım. Əyləncə adı altında parklarda səs-küy salan söhbətlərin iştirakçısı oldum, mənasız-mənasız getdiyim hər yerdə şəkillər çəkdirdim, sevgi kitabları oxuyub həyatın faciələrinə dramaturgiya gözü ilə abstrakt bəzəklər vurdum, sosial şəbəkələrdə çox önəmliymiş kimi fikirlərimi yazdım və insanlara hisslərimi danışaraq onların mənim dünyamı önəmsədikləri ilə bağlı yalanlara inanmağı seçdim. Amma, bütün bunlar çox qısa sürdü. Nəticədə, mən var olduğum insanı qəbul edəndə tənhalığın heç vaxt təkrar aça bilməyəcəyim qapılarını aralayaraq ordan içəri girdim. Özümü insanların arasında yadplanetli və sanki ətrafımızın ibarət olduğu sonsuz matriksin tək fərqinə varan insan kimi hiss edirəm. Düşüncəm material təzahürlü nəsnələrdən və subyektiv dəyərləndirilmələrdən uzaqlaşdıqca mən də kainatın ucsuz-bucaqsız təzahürünü anlayaraq vəcdə gəlirəm. Beynimin içində o qədər maraqlı dünya var ki, artıq deyilən hər bir söz və edilən hər şey mənə inanılmaz dərəcədə əhəmiyyətsiz gəlir. Kaş ki, mənim anladığım şeyləri siz də anlayardınız. O zaman düşüncələrimi bölüşəcək bir adam ola bilərdi heç olmasa. Bir adam. Cəmi bircə adam. Mənim kimi sadəcə bir adam istəyirəm. Hər nə qədər maraqlı bir zehnə sahib olsam da, ünsiyyət beynimin tələbatlarından biridir. Bəzən günlərim o qədər səssizlik içində keçir ki, beynim dağılacaqmış kimi olur. Kənar stimullar yoxdur. Öz enerjimlə qidalanıram."

- Əgər Ruhanı tanımasaydım - deyə sözə başlayan İlkin qollarını sinəsində elə çarpazladı ki, elə bil indicə Forbes jurnalının üz qabığı üçün poz verəcəkdi - bu sətirləri yazanın şizofreniya, depressiya, sərhəddə şəxsiyyət pozuntusu olduğunu düşünmək olar. Amma məsələ Ruhan Muradsoy olanda heç nə bu qədər sadə deyil.
- Necə yəni?
- Ruhan bir psixoloq-tədqiqatçı üçün çox qiymətli material idi. Onunla uşaqlıqdan tanış olsaq da, dostluğu 22-24 yaşlarımızda etməyə başlamışdıq. Və ilk vaxtlardan etibarən qəribə bir şey hiss etməyə başlamışdım - İlkin qollarını açaraq masaya söykədi. Qara saçlarının altında, solğun bənizinə rəng və dərinlik qatan qara gözlərini əllərinin sümüklü səthinə zilləyərək sanki düşündüklərini ifadə edə bilmək üçün yeni bir dilin və başqa sözlərin yaranmasını gözlədi. Amma sonra yenə də möcüzələrin mövcud və real olmadığı faktının anlaşılması ilə gələn çarəsizlik hissi ilə danışmağa başladı - ona qarşı heç nə hiss etmək olmurdu. Onunla söhbət edərkən bəzən qarşında qanlı-canlı insan olduğunu unudardın. Heç bir hiss, heç bir enerji. Sanki ölü idi. Yeriyən ölü. Mənə də çox yaxşılıqlar etmişdi. Amma bunları mənə dəyər verdiyi üçün etdiyini deyə bilmirdim. Sanki, elə-belə, çox fikirləşmədən edirdi. Ruhan indiyədək tanıdığım insanların içində ən dünyadan qopmuşu idi.
- Çünki, empatiya hissi yox idi - Amil müəllim də əlavə etdi.
- Ruhanın vampir ya da silsilə qatil olduğunu desəydilər, təəccüblənməzdim. Bəzən beyni tamamilə boş olardı, sanki. Heç bir şeyə önəm verməyən bir insana çevrilirdi. Bəzən elmə son dərəcə önəm verirdi. İzah edə bilmirəm, amma mən də çox elm adamı tanımışam. Ruhan fərqli idi. Elm onun gözündə çox başqa bir yerdə idi. Elmlə çox fərqli tərzdə məşğul olurdu. Heç bir insan Ruhan kimi elm adamı ola bilməzdi. Ən sonda dünyamıza nə etdiyini hamımız gördük.
- Bir dəqiqə, bir dəqiqə... - Amil müəllim şaxta babanın sadəcə yalançı bığ-saqqal taxan saxtakar bir aktyor olduğunu öyrənən uşaq ədası ilə qaşlarını arzulamadığı həqiqətə qarşı çataraq soruşdu - sən Ruhanın dünyamızı məhv etdiyini düşünürsən?
- Əlbəttə, bizə önəmsizlik və saxtakarlıq dünyası miras qoyub.
- Nə demək istəyirsən?
- Yalan bir dünyada yaşadığımızı - İlkinin emosiyalarının tonu ilə səsi də qalxdı - o eqoist, narsist hamımızı bir qəfəsin içinə atdı. Sadəcə, bunu istədiyi üçün. Sadəcə bunu edə bildiyi üçün. Sadəcə Nobel mükafatı almaq üçün.
- O, bizim hamımızın həyatımızı xilas etdi, gözəlləşdirdi - Amil müəllim siqaretini yandıraraq cavab verdi - öz ölümü və unudulması hesabına etdi.
- Bizə önəmsizlik içərisində bir dünya buraxaraqmı? - İlkin getdikcə coşurdu - heç emosionallaşmağa ehtiyac yoxdur. Bir özünə bax. Guya, zəngin bir iş adamısan. Daha önəmli işlərin olmalı deyil sənin? Niyə ölmüş bir adamın tarixi ilə maraqlanırsan?
- Ölmüş bir adam dediyin mənim dostumdur - Amilin səsi titrəyirdi.
- Sənin dostun hələ Almaniyada olarkən maddə və zamanın anasını ağlar qoyacaq tədqiqatlar aparırdı. Sonra nə etdi bilirsən? Fəlakəti krizə, krizi də fürsətə çevirdi.
- Ruhan heç bir fürsət güdmürdü. Əminəm.
- Ona görə qaranlıqda yaşamaq haqqımıza hörmət eləmədi? Ruhan Muradsoy sənin dostun ola bilər. Amma həyatımda tanıdığım ən tənha insanla olmaqla yanaşı bu tənhalıqdan da əziyyət çəkən yüksək funksiyalı bir antisosial idi. Heç kimin ona dəyər vermədiyini düşünürdü. Sizdən ayrıldıqdan sonra isə ümumiyyətlə tənha oldu və bu dəyərsizlik hissi zaman içində tamamilə əks qütbə hərəkət elədi.
- Səndəmi ciddi-ciddi Ruhanın narsist olduğunu düşünürsən?
- Daha pisi...Onda Tanrı kompleksi yaranmışdı. Özünü Tanrı kimi görürdü. Zirvədə sonsuz qüdrəti ilə sonsuz tənhalığını yaşayan varlıq. Və ən sonunda edəcəyini etdi. Səncə hər şey son anda hazırlana bilərdi? Hər şeyi Ruhan Muradsoy əvvəlcədən hazırlamışdı.
- Tanrı öz ölümünü hazırladı?
- Ruhan heç vaxt ölməyib. Sadəcə dünyasını dəyişib.

Amil Nəzərov anladığı həqiqətin dəhşəti ilə gözlərini yumaraq arxaya söykəndi. Həqiqət heç vaxt bu qədər dəhşətli olmamışdı. Qulaqlarında illər öncə Ruhan Muradsoyun televiziyadan eşitdiyi cümləsi səsləndi:
- Artıq heç kim birdəfəlik ölməyəcək.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now