On İkinci Fəsil

33 5 11
                                    


Saatın əqrəbi onun öyrəşdiyi zaman diliminə uyğun olmayan bir şəkildə hərəkət etdikcə Ruhan Muradsoy da başqa bir ölkədə ondan heç ayrılmayan hissin təsiri ilə oturmuşdu. Tənhalıq. Hiss etdiyi şey bu idi. Özünü o qədər tənha hiss edirdi ki, oturduğu kreslodan qalxaraq otağına getmək üçün belə enerjisi yox idi. Beləcə, sözün həqiqi mənasında otelin lobbi mərtəbəsində kresloda oturmuş və qarşısında hərəkət edən cütlüklərə baxırdı.
Tezliklə, bu ölkəyə köçəcəyini düşünərkən bir tərəfdən elminin inkişaf edəcəyini fikirləşərək sevinir, digər tərəfdən isə ürəyi sıxılırdı. Almaniya öz qucağını açıb Ruhanı qarşılayırdı. Hələ iki gün əvvəl burda öz professoru ilə görüşmüş və növbəti 4 ildə birlikdə görəcəkləri işləri müzakirə etmişdilər. Ruhanın vətənə qayıdaraq hər kəslə vidalaşması üçün qısa zamanı vardı. Vidalaşmaq istədiyi insanlar çox deyildi, amma yenə də Ruhan keçmiş günlərini düşünərkən bütün tanıdığı insanlara əsəbləşirdi. Onun ətrafında olan heç kəs, amma heç kəs onu indiyədək düzgün anlaya bilməmişdi. Amil və Nilayın timsalında bir çox insan onu tanrılaşdırmış, Nail və hələ uşaq ikən onu tərk edən ailəsi öz səssizlikləri ilə onu tənha qoymuş, digər insanlar isə ondan şeytan yaratmışdılar. Bunların heç biri o deyildi, əslində. O nə tanrı idi, nə də şeytan. O, sadəcə insan idi. Bunu isə onu tanıyan heç kim anlamamışdı.
Almaniyaya olan ilk səyahətinin son günündə Ruhan Muradsoy bir tura qatılmaq qərarına gəlmişdi. Otuzdan çox tur iştirakçısının olduğu avtobusda bir həqiqət də onun beynində ildırım kimi çaxmış və sinəsinin üstündə ağırlığa səbəb olmuşdu. Avtobusdakı hər kəs cütlük və ya dost olduğu halda Ruhan Muradsoy tək idi. Və sadəcə bu avtobusun içində yox, əslində bu avtobus onun həyatının kiçik modeli kimi onun həyatını göstərirdi. Ruhanın təkliyi bu avtobusda tək oturması ilə bağlı deyildi, bu avtobusa minəcək adamının olmaması ilə bağlı idi. Bir gün "gəl gedək" desə, kim gələrdi onunla? Amil psixoloji krizlər keçirməklə məşğul idi, Nail isə gedib həyatını sistemə sərf edib. Bir də uşaqlıq dostu var idi - Nəbat. O da asosialın dibi idi, evdən çıxmırdı. 
"Bu nədir, olmaya dostlarımı alçaldıram?"
Öz-özünə sual vermişdi Ruhan.
" Bəlkə də, problem sadəcə məndədir. Həyatım boyunca heç nə və heç kimi qazanmamışam. Həyatım boyu tək yaşadım. Bir Günel var idi, artıq o da yoxdur. "

Tənhalıq həyatım boyu əynimdən çıxara bilmədiyim paltarım oldu.

Kaş ki, içindəkiləri vaxtında Günellə də bölüşə bilsəydi. Səbəbini özü də anlamasa da və özü özü ilə razılaşmasa da, hələ uşaq ikən ailəsi tərəfindən atılması və aşağı səviyyəli bir uşaq evinin qapısında bir mələfəyə bükülmüş şəkildə peyda olması, onun üçün utandırıcı hal idi. Burda da məsələ o deyildi ki, üzünü heç vaxt görmədiyi valideynlərinin yoxluğu ürəyini deşmiş, uşaqlıqdan böyüklüyə keçid ərəfəsində onu narahat edən şeyləri heç kimlə bölüşə bilməmiş və həyatın çətinlikləri ilə uşaq yaşlarından etibarən savaşmağa başlamışdı. Məsələ burasında idi ki, onu bir ədyala bükərək uşaq evinin qapısına buraxanlar onu istəməmişdi. Ruhan sevilməmiş və tərk edilmişdi. Və qəribə bir şəkildə bundan utanırdı. Onun ailəsi ondan yaxa qurtarmağa çalışmışdı. Qorxulu bir sirr kimi Ruhan bunu hər kəsdən gizlədib, ürəyinə basdırmışdı. Əslində, Günelə elçi getməyi gecikdirmə səbəblərindən biri də bu idi.
"Kaş ki, belə olmazdı"
"İndi o qədər tənhayam ki, tənhalıq belə məni tərk edə bilər"
Sonra Ruhan başını çevirmiş və yanında əyləşən ukraynalı qıza baxmışdı. İlahi, bu qız nə qədər gözəl və feminən idi. Qızın sarı saçları və mavi gözləri deyildi Ruhanı cəlb edən, qızda Ruhana aid nəsə var idi. Ruhan özü də anlamırdı, amma qızın ağır duruşu və səssizliyi Ruhanın ürəyində özünəməxsus yer etmişdi. Bütün tur boyunca Ruhan qıza göz qoyur və qızın heç pozulmayan əsilzadələrə məxsus davranışını izlədikcə, içində nəsə qırpınırdı. Fasilə saatlarında qız heç yerə tərpənmədən avtobusda oturur və gözlərini məchul bir nöqtəyə zilləmişdi. Ruhan elə o zaman anlamışdı. Qızın ukraynalı üz cizgiləri və davranışları deyildi onun içini titrədən. Heç vaxt adını öyrənmədiyi bu qız və Ruhan Muradsoyu bir ortaq xüsusiyyət birləşdirirdi. Hər ikisi tənha idi.

"Tənha gözləri harda görsəm tanıyaram"

" Mənim tənhalığım insanlarla doludur "

Bəlkə də, Ruhan və o qız başqa bir həyatda, birlikdə xoşbəxt ola bilərdilər. Nə də olmasa, qız illər sonra Ruhan Muradsoyu dünyanı dəyişdirən kəşfi səbəbi ilə televiziyalarda görərkən, rəfiqələrinə belə demişdi:
- Bu həmin oğlandı. İllər əvvəl birlikdə nə qədər yol getməyimizə baxmayaraq, mənimlə heç tanış olmağa cəhd etmədi.

Qızın adı Anna idi. Amma o vaxt Ruhanın bunu bilmək şansı yox idi. O, bu qızın tənhalığına aşiq olmuşdu. Sadəcə, ona baxmaq və özünün kənardan necə göründüyünü anlamaq istəyirdi. O anların heç birində Ruhan o qızla danışmaq, tanış olmaq istəməmişdi. Sanki, onunla danışsaydı, onun tənhalığına toxunmuş və o müqəddəs individuallığı pozmuş olacaqdı.
Ruhan sakitcə arxaya boylandı. Ən arxa sırada boş bir yer var idi. Böyük ehtimalla, heç kəs orada oturmaq istəməzdi. Amma, Ruhana bu yer çox yaraşırdı. Ürəyi çırpındı. Beynində fırtınalar, qasırğalar qopurdu. Sanki, küçənin hər iki tərəfindən gələn böyük su axınları onun başının içində bir-birinə çırpılaraq qovuşdular. Və o, sakitcə ayağa qalxdı. Dəli kimi yanında olmağı arzuladığı qızın yanından ayağa qalxdı və bu dəqiqə onu qucaqlamağı hər şeydən çox istədiyi halda keçib, ən arxa oturacaqda oturdu. 

Tənhalıqlar hər zaman belə başlamır? Kimsə gedir. Məcnunun tənhalığı səhraya getməyi ilə başlamışdı, Otellonun tənhalığı Desdomonanın yataq otağına gedəndə başlamışdı. Fərqan da Giləvarı tərk edib işinə getməsəydi, tənha olardımı?

Ruhanın ürəyində bir od qalanır və üzünü sanki beynində hiss etdiyi əzabın təsiri ilə büzüşdürürdü. Həyatın zamansız və amansız axınından geri qalan tək şey tənhalıqdı. Hər kəs tənhadır və hər kəs özünü belə olmadığına inandırmaq istəyir. İnsanların özünü aldatması günəş və ay haqqındakı bənzətmələrdən başlayır. Günəş və ay da hər zaman adları birlikdə çəkilən və ətraflarında "birlikdəlik" illuziyası yaradılan nəsnələrdi. Amma, bu ikisi heç vaxt bir araya gələ bilməz.
Ruhanın tənhalığı da belə idi. Ən əyləncəli dostlar, ona heyran olan bir sürü qız, ona bu gənc yaşında sonsuz dərəcədə hörmət edən professorlar və onu son yüz ilin ən böyük dahisi hesab edən şəxslər. Bütün bunları nəzərə aldıqda Ruhan Muradsoy tənha ola bilərdi? Ola bilərdi.
Çünki, o, insanları çox uşaq yaşlarından tanımağa başlamışdı. Onu küçəyə atan valideynləri, onu "qəribəliklərinə" görə oyunlarına almayan sinif yoldaşları, ona gülən qızlar, onu ələ salan qonşular, ona "dəli" deyərək bütün özgüvənini və dəyərlilik hissini məhv edən bütün o insanlar. Bunlara dözmək asan deyildi. Bu cür şeyləri yaşamaq bir insanı hər cür hala sala bilər. Onu bir xəmir kimi götürər və istədiyi şəklə sala bilər. Bir uşağın şəxsiyyət kimi yetişməsini və onun fundamentlərini formalaşdıran heç bir şey Ruhanın həyatının ilk illərində yox idi. Əksinə, bütün şərtlər onun xarakterini dağıdan və inkişafına mane olacaq tərzdə idi. Güvəndiyi hər şey bir-bir əlindən çıxardı.

" Həyatdakı heç nə ciddi deyil. Hər şey gedici və müvəqqətidir. Heç nəyə bağlanmaq lazım deyil. Heç nə önəmli deyil. Önəmli olan tək şey önəmsizliyin özüdür."

Bu cür fəlsəfələr öz-özünə yaranmaz. Amma, Ruhanın fəlsəfə də daxil olmaqla yetkin insanların dünyasına girməkdən başqa da çarəsi yox idi. Ona görə də, hələ 5 yaşından etibarən bu dünyanın acı reallığından qopa biləcəyi bir yol kəşf etmişdi. Kitab oxumaq. Ruhan Muradsoy oxuduqca, oxudu. Günlərini, aylarını, illərini əlinə keçdiyi hər növ kitabı oxumaqla keçirdi. Beləcə, 20 yaşına çatdıqda hər mövzu ilə bağlı geniş bilgi xəzinəsinə sahib idi. Artıq hörmətli və hər kəsin heyran olduğu bir insana çevrilmişdi. Amma, bunların heç birinin artıq önəmi yox idi. Ona bir insan kimi dəyər verməzdi insanlar, çünki. İndi uğurlu və mükəmməl obrazına hörmət etmək onun marağını çəkə bilməzdi.
İndi, avtobusun arxa oturacağında oturmasının da səbəbi bu idi. Nəyə ümid edə bilərdi ki? Hətta, bu qızla tanışlıq qursaydı belə qız ya ona heyran olacaq, ya da nifrət edəcəkdi. Hər zaman belə olurdu? Nə ehtiyac var?
Ruhan anlamışdı. İnsanlar onu heç vaxt normal bir insan olaraq görməyəcək. Ya Tanrı olacaqdı, ya da şeytan. Amma, ən önəmlisi Ruhan buna razı deyildi. Bu, onun tənhalığının başladığı yer idi. Tənha olmaq onun məhkum olunduğu tale idi. Yumruğunu sıxdı.
Beləcə, bir axşam çağı başqa bir ölkəyə köçməyin astanasında olarkən, yenə də başqa bir ölkədə qoşulduğu turun avtobusu qaranlıq yerlərdə irəlilədikcə Ruhan Muradsoyun da fərqinə vardığı şeylər onun həyatını dəyişirdi. O məhz tənhalığı təmsil edən heç tanımadığı bir qızın bir kənarda dayanıb siqaret çəkməsinə baxarkən hər şeyi məhv etmək qərarına gəlmişdi.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now