İyirmi birinci fəsil

9 3 0
                                    


Bütün ömrü boyu özünü dəyərsiz hiss edən bir insanı tənha buraxsanız, o insan hər şeyin zirvəsinə çatanda nə edər? Cavab budur. Tənha qalmamaq üçün hər şey edər.
Ruhan üçün bu hekayə bir qəhrəmanın qaranlıq tərəfə keçdiyi yaxud da anlamadığımız beyinlərin içində yatan sirlərin günəş işığına çıxdığı bir hekayə deyildi. Və nə demişdik? Günəş kainatın ən böyük yalançısıdır. Çünki, yaşadıqları qorxunu və itkiləri unutduraraq insanları köhnə bir dost kimi salamlayan və onlara ümid bəxş edən bu günəşi Ruhan yaratmışdı. Ruhanın özü isə başqa bir dünyada yalançı günəşin deyil, həqiqi qaranlığın altında gözlərini kompüter ekranına zilləyərək axtardığı sadəcə bir şeyi görmək istəyirdi. İstəyinə çatmaq üçün oynadığı böyük qumarın fərqində idi. Amma bəzən böyük xoşbəxtliklər kiçik ehtimalların vəhdətində gizlənir. Metronun hər tərəfinə quraşdırılmış kameralar və üz tanıma sistemi onun hal-hazırda ən böyük ümidi idi. İstəyi doğrulanmasa bununla necə yaşayacağını bilmirdi.
"Bəlkə də onu öldürmüşəm"
Və budur. Ekranda yanıb sönən qırmızı nöqtə və yaxınlaşdırılmış bir qadın siması. Ağ dərinin üstünə düşən qara saçlar. Amma artıq sanki bu qara saçlarda da ağ tellər yaranmağa başlamışdı. Qorxmuş və kədərli gözlər ora-bura baxdıqca göz ətrafında yeni yaranmış qırışlar aydın görünürdü. Ruhan o dəqiqə anladı.
"Günel bu bombalarda hər kəsini itirib".
Amma o gözlərdə sadəcə kədər deyil, eyni zamanda hələ də ümid və həyat eşqi parıldayırdı. Məhz bu hörmət edilməli olan bir şeydir. Hər şeyə rəğmən yaşamaq o qədər müqəddəs bir şeydir ki, sadəcə bunu anlayanlar ən dərin hörmətə layiq ola bilərlər.
- Bu bir sevgi hekayəsidir - Ruhan öz-özünə pıçıldadı.
***
Amil Nəzərovun bu ehtimalı ağlından keçirmədiyi üçün özünü günahlandırmağa belə zamanı qalmamışdı. Ruhan ölməmişdi. Sadəcə dünyasını dəyişmişdi. Öz yaratdığı dünyaya gəlib, bir müddət sonra ordakı bədənini tərk edərək, bura keçmişdi. Bura - hal-hazırda Amilin də olduğu cəhənnəm - öz zəhərli radiasiyası ilə hər kəsi öldürməyi bacarırdı. Amil dostunun harda olduğunu anlayandan və karyerasında uğurlu olmasının səbəbini bu dünyanın Tanrısı ilə dost olmasına borclu olduğunu başa düşdükdən sonra bütün ölümə razı olmuşdu. Ruhanın sayəsində istədiyi kimi bir həyatı oldu. Amma bunun öz sayəsində olmadığını anlamaq bu səadəti rəzalətə çevirir. Və Amil Nəzərov öz yaratdığı bütün saxtalığını bilərək ona ibadət edəcək insan deyildi. Ruhanla görülməli idi. Ona görə də simulyasiyadan çıxaraq, metronun qaranlıq tuneli boyunca hərəkət edərək, onu dəqiqələr sonra öldürəcək radiasiyanı aldı, xüsusi bölgədə Ruhanın ən sadiq köməkçilərindən olan Ayseli gördü və yoluna davam etdi.
Dünyanın gizlənməyə çalışan bütün həqiqətləri göz önündə olur. Hər şey necə də aşkar idi. "Fəlakətdə və görüş yerindəki kəşfimi kəşf edin". İllər sonra Ruhan Muradsoyu araşdıran bir bloqqer Amildən müsahibə aldıqdan sonra bu məktubu tapmışdı. Ruhan bilirdi ki, qız öz gənclik həvəsi ilə məktubu Amil Nəzərova aparacaq və onu bütün bu işlərin içinə çəkəcəkdi. Amil müəllim gülümsədi.
"Ruhan da məni görmək istəyir".
Ölümə gedən bir insan cəlladı ilə qarşılaşanda gülümsəyərmi? Əgər səssizlik və qəbul edicilik yetkinliyin yox, qorxaq bir təslimiyyətçilikdən doğursa, nəinki gülümsəyər, hətta ona tərəf özü qaçar. Sadəcə yaşamağa səbəb tapacaq qədər sağlam düşünən insanlar yaşamaq üçün çalışır.
Bəlkə də daha sakit bir dünyada Ruhanın varlığı sadəcə Amilə göndərdiyi səssiz dəvətlə yekunlaşacaqdı. Amma Nailin - onun bütün sirlərini və dünyanı yenidən dizayn etməklə bağlı ideyalarını bilən dostunun - onun həyatının ən mərhəm ağrısını Aidaya danışması bütün tarazlığı pozmuş və insanlar Ruhanın şəxsi həyatı ilə maraqlanmağa başlamışdı. Bu, həqiqəti təhlükəyə atırdı. Həqiqətin təhlükəsi onun aşkara çıxma qorxusu ilə bağlıdır. İstənilən həqiqət varlığından uzaqlaşdıqca cazibədarlaşır. Çünki, əslində həqiqət heç kimin içmək istəmədiyi bahalı bir şərbətdi. Həqiqəti almaq da, ona sahib çıxmaq da özü ilə elə böyük məsuliyyət gətirir ki, bu fikir yükünün altından çıxmaq insan potensialının fövqünə yaxın bir sərhəddədir. Ona görə də parkda yavaş-yavaş gəzən yaşlı insanların hərəkətlərini yavaşlatdıqca zamanın da yavaşladığı hissiyatını verən illuziyaya hər kəsin ehtiyacı var.
Ona görə də onun şəxsi həyat hekayəsini Nailin danışması Ruhanın sonsuz qəzəbinə səbəb olmuşdu.
Amil Nəzərov isə təhlükəsiz bölgədə irəliləsə də artıq kifayət qədər radiasiya aldığı üçün öskürməyə başlamışdı. Bütün yollar isə onu Ruhana aparırdı. Qarşısındakı qapıya baxdı. Bu qapı nəhayət ki, işıqlı qaranlıq pərdəsini aralılayaraq onun qaranlıq işığa çatdıracaqdı. O qapının arxasında onun son illər yaşadığı dünyanın memarı və ən yaxın dostu yaşayırdı. Yaxınlaşıb qapını döyərkən çıxan səsin qapıdan yoxsa ürəyindən gəldiyini ayırd etmək çətin idi. Hər ürək döyüntüsü də ölümə doğru atılan addımın səsi deyil? Amil əllərinə baxdı. Əllər əsir, gözlər yaşarır, alında tər damcıları özlərini aşağı atmağa hazırlaşır, ürək isə az qala sinəsindən sıçrayıb çıxacaq qədər döyünürdü. Qapı açılanda o, birinci qapını açan Naili sonra isə düz otağın baş tərəfindəki kresloda oturaraq ona baxıb gülümsəyən Ruhanı gördü. Üç dost yenidən bir araya gəlmişdi. Yenidən bir otaqda idilər. Birlikdə çırpınan üç ürək, bir-birinə dəstək çıxan üç bilək və sadəcə bir-biri ilə anlaşan üç dil. Amma indi bu üç doğma insan bir-birlərinə inanılmaz dərəcədə yad idilər.

Ölüm sonrası düşüncələr Where stories live. Discover now