7. HƏR SON YENİ BİR BAŞLANĞICDIR

15 4 0
                                    

7 AY ƏVVƏL

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

7 AY ƏVVƏL

İRAN

-"Nisa, mənim sənə dəyər verdiyimi və yalnızca sənin yaxşılığını istədiyimi anlamağını istəyirəm."-dedi Amir bir yandan mənimlə danışır, bir yandan da maşını idarə etməyə davam edirdi.
-"Anlayıram Amir, inan anlayıram və mən də sənə dəyər verirəm. Lakin..."
-"İnan mənə hər şey çox daha yaxşı olacaq."-deyərək sözümü yarıda kəsdi.
-"Gözəl təbiət, səmimi insanlar və möhtəşəm bir həyat. Hər şey sənin sevdiyin kimidir. Və səni elə bu dəqiqə oraya apara bilərəm."
Dərin bir nəfəs alıb iç çəkdim.
-"Amir, bu yalnış bir fikirdir. Zamanı deyil hələ. Mən ilk öncə oxumaq istəyirəm və..."
-"Burax oxumağın başını. Həqiqi bir nağıllar diyarında mənim ilə yaşamaq var ikən oxumaq və boşa vaxt itirmək nəyə lazımdır axı? Məni dinlə və mənimlə gəl."
Başımı iki yana salladım.
-"Olmaz. Bunu edə bilmərəm."
-"Bu sənin son sözündür?"-deyə soruşdu Amir yan gözlə mənə baxaraq. Heç nə demədim. Amir anladığını bəlli edərcəsinə başını yavaşca tərpətdi.
-"Yaxşı. Qərar sənindir. Necə istəyirsənsə elə də olsun, amma mən yenə də sənin fikrini dəyişəcəyinə ümid edirəm və səbir edib gözləyəcəm."
Təəccüblə,-"Doğrudan?"-deyərək ona tərəf çevirdim baxışlarımı.
-"Hə."-dedi rahatlığımı hiss etdikdə.
-"Sənə hər gün yazacağam."
Gülümsədim.
-"Onda çox darıxmayacam."
Amir mənə baxaraq göz qırpdı.
-"Əksinə. Mənim üçün çox darıx."
-"Şübhən olmasın."
Maşın evimizin darvazasının önündə duranda kəmərimi açdım.
-"Mən artıq getməliyəm. Gecən xeyrə qalsın.-dedim qapını açmaq üçün əlimi uzadanda.
Amir sol əlimi tutdu və dodaqlarına doğru aparıb öpdü. Yarpaq kimi titrəyən bədənim və boz kimi əlim onun dodaqlarının istiliyi ilə od kimi yanmağa başladı. Udqundum. Amir bu halımdan zövq alırdı. Məni utandırmaqdan həmişə çox xoşu gəlirdi. Əlimi sərbəst buraxdı və mən maşından enmədən öncə -"Xeyrə qarşı, eşqim."-dedi.
Üzümdəki qızarıqlığı görməməsi üçün bir başa darvazaya yönləndim ve qapını açıb evimizin həyətinə girdim. Pilləkənləri qalxıb qapının önündə həyəcanımın keçməsi üçün bir neçə dəqiqə gözlədim. İki əlim ilə yanaqlarıma toxundum və özümü ələ almağa çalışdım. Tam qapını açmaq üzərə idim ki, anam məndən öncə davrandı və qapını açdı.
-"Nəhayət, evin yolunu tapa bildiniz kiçik xanım."
İçəriyə girib anamın üzündən öpdüm və onu qucaqladım.
-"Gəldim gəldim, Züleyxa xanım. Hava qaralmadan evdə olacam demişdim və gördüyün kimi sözümü tutdum."
Çantamı asılqana asıb ayaqqabılarımı və başımdakı hicabı çıxartdım. Ayaqqabılarımı əlimə götürüb şkafa qoydum. Məndən öndə gedən anamı təqib edərək mətbəxə doğru getdim. Anam yeməkləri gözdən keçirtmək üçün ocağın başına keçərkən mən əlimi yumaq üçün suyu açdım. Bir azdan atam axşam yeməyi üçün evə gələcəkdi və o, gəlmədən öncə biz yemək masasına oturmazdıq. Atam Tehran'da, bizim evə yaxın olan məscidin müəzzini idi. Çox kiçik yaşlarda ata-anasını itirmiş və əmisinin himayəsi altında böyümüşdü. Anam ilə atam onun sayəsində tanış olmuşdular. Atam yetkinlik yaşına çatanda əmisi onu dostunun qızı, yəni anam ilə evləndirmək qərarına gəlib. Atam da təmənnasız bu evliliyə razılıq verib. Çünki atama görə evlilik üçün önəmli olan şey iki tərəfin də dininə bağlı olmasıdır, gerisi vacib deyil. Anam ali təhsilli olmasına baxmayaraq heç vaxt işləməmişdi. Bunun əsas səbəbinin atam olduğunu bilsəm də, anam bunu həmişə inkar edirdi. Etiraf etməliyəm ki, anam atama könüldən bağlı bir qadın idi.
-"Hər şey qaydasındadır?"-deyə soruşdu anam mən çörəyi doğramaq üçün şkafdan bıçaq çıxararkən.
Başımı qaldırıb ona baxdım və gülümsədim.
-"Əlhəmdulillah, hər şey qaydasındadır."-dedim və mətbəx taxtası üzərində çörəyi doğramağa başladım.
Aradan bir az keçdikdən sonra evin qapısı açıldı və atam içəriyə girdi. Anam yeməyin qapağını bağlayıb onun yanına getdi
-"Xoş gəlmisən, Akbar bəy."
Atam anama baxaraq gülümsədi.
-"Xoş gördüm, Züleyxa xanım."
-"Yeməklər demək olar ki, hazırdı. İstədiyin vaxt masaya keçə bilərik."
Sonunda mənim evdəki varlığımı hiss edən atam baxışlarını anamın üzərindən çəkərək mənə baxdı. Əlimdəki işi buraxıb salona, onların yanına getdim.
-"Xoş gəldin, ata."
-"Xoş gördüm. Səni evə Amir gətirdi?"
Başımı tərpətdim.
-"Bəli, ata."
Üzünü anama çevirən atam,-"Yeznəmizi niyə şam yeməyinə dəvət etmədin, Züleyxa?"
Bu məqamda araya girdim və,-"Amir sabah getmək üçün hazırlıq görür. Ona görə də gələ bilmədi və üzrxahlığını bildirdi."
Amir işləmək üçün New York'a gedəcəkdi və mənim də onunla getməyimi istəyirdi, amma mən ilk öncə təhsilimi davam etdirmək istəyirdim və məqsədim xaricdə oxumaq idi. Amma və lakin, xaricdə oxumaq planımdan ailəmin və nişanlımın xəbəri yox idi. Seçimlərdə iştirak etmişdim və cavablar da bu gün sabah çıxacaqdı. Əslində Amir buna qarşı çıxmaz, əksinə sevinərdi. Necə də olsa, bir baxıma onun da istədiyi olacaqdı və mən onunla eyni ölkədə yaşayacaqdım. Zatən sırf təhsilimi davam etdirmək üçün bu erkən nişanlılıq prosesinə razılıq vermişdim. Əks halda atam məni nəyinki xaricə göndərərdi, hətta heç evin qapısından belə çölə çıxmağıma icazə verməzdi.
-"Xəbərim var. Mənə bu barədə danışıb. İstəyir ki, səni də özü ilə aparsın. Təbii ki, evliliyiniz olandan sonra. Sən nə düşünürsən, qızım?"
Cavab verməyə tələsmədim.
-"Düşünəcəyimi söylədim. Bilirsiniz ki, məktəbi təzəlikcə bitirmişəm və sonra da bu nişanlılıq....Özümə hələ tam gələ bilmiş deyiləm açıqcası."
-"Onda bu gecə ətraflıca düşün və qərarını bizə bildir."
-"Oldu, ata."
-"Mən əl-üzümü yuyub gəlirəm."
-"Yaxşı."-deyə qısaca cavab verdi anam.
Atam pilləkənləri qalxıb yuxarı çıxanda anam yenidən mətbəxə qayıtdı. Mən də arxasınca onu izlədim.
-"Sözlü adama oxşayırsan."-deyən anam yeməyin altını söndürüb mənə tərəf döndü. Bir əlini mətbəx dəzgahına, bir əlini isə ombasına qoyaraq tək qaşını qaldırdı və mənə danış deyən bir baxış ifadəsi ilə baxmağa başladı.
-"Amir gedir və biz tezliklə ayrı olacağıq."-deyə sözə başladım.
-"Xüsusilə də başqa bir ölkədə yaşamaq...Offf! Gələcəkdən və bizə nə olacağından bir az daha əmin olmaq istəyirəm. Səncə də haqlı deyilmiyəm belə düşünməkdə?"
Anam məni təsdiqləyərək yavaşca başını tərpətdi.
-"O, sənin nişanlındır və onunla bağlı yalnış bir şey düşünmək istəmirəm, qızım. Amma yenə də, o qədər uzaqlara və uzun müddətliyinə getməsi fikri heç xoşuma gəlmədi. Sənin yerində olsam onun başını boş buraxmazdım. Xüsusilə də münasibətiniz hələ tam möhkəmlənməmişkən."
Gülümsədim və uzanıb anamın əllərini əllərimin içinə aldım.
-"Anacan, mən və Amir uşaqlıdan bəri bir-birimizi tanıyırıq. O, hər şeydən öncə mənim ən yaxın dostumdur. Məni incitəcək bir şey etməz. Həm narahat olma, mən onu başıboş buraxan deyiləm."
-"Belə de. Qızımın ağlında nələr var?"
Tam əsas məsələni anama deyəcəkdim ki, atamın ayaq səsləri pilləkəndə əks-səda saldı.
-"Yeməkdən sonra danışarıq."-deyə pıçıldadım və yanğından öpüb işimə qayıtdım.
•••
Mən ailənin tək uşağı idim. Atam və anam ikinci bir övlad sahibi olmaq istəsələr də, bu mümkün olmamışdı. Atamın deyimi ilə Allah nəsib etməmişdi. İslamda bir kişinin dörd qadın ilə evlənmək hüququ olsa da, atam anamdan başqa birisi ilə nigaha girməyi heç düşünməmişdi. Hərçənd ətrafda olan qohumlarımız, xüsusilə də atam tərəfi bunu ona dəfələrlə tövsiyə etmiş olsalar da. Atam bir az geri fikirli olsa da, ailəsinə bağlı bir insan idi. Onun özünə görə qanunları vardı və mənlə anam buna təmənnasız riayət etməli idik. Təbii ki, mən artıq bunu istəmirdim. On səkkiz yaşına girdiyim gün ailəm Amir ilə nişanlanmağıma icazə vermişdi. Mən orta məktəbə bir il gec getdiyim üçün təhsilimi bir az daha gec başa vurmuşdum, amma oxumaq eşqi və istəyi içimdə o qədər böyük idi ki, bu yolda gözümü qaraldıb hər şeyi edər və gərəkərsə bir çox şeydən vazkeçərdim. Düzü ilk başlarda evlilik istəyi deyə bir şey yox idi ağlımda, amma və lakin buradan, İran'dan qaçıb gedə bilmək üçün başqa çıxış yolu qalmırdı önümdə. Amir və mən, həmçinin uzaq qohum idik. O və ailəsi dininə bağlı insanlar idilər. Amir'in mənə elçi çıxması məni ilk başda şoka salmış və qəzəbləndirmişdi. Lakin sonralar bunun mənim xeyrimə ola biləcəyini düşünmüş və razılıq vermişdim. İndi isə məqsədim onunla birlikdə xaricə getmək və o, işi ilə məşğul olarkən mən təhsilimi qaldığım yerdən davam etdirmək idi. İrəlidə bizi nələr gözləyəcəyini isə zaman göstərəcəkdi.
Axşam yeməyindən sonra otağıma keçdim. İçəriyə girib qapını arxadan bağlayıb notebookun qarşısına oturdum. Və budur, New York'da oxumaq üçün keçdiyim qeydiyyat diqqətə alınmışdı və tezliklə nəticələri çıxacaqdı. Amir sabah axşam saatlarında aeroporta gedəcəkdi və mən də iki həftə sonra ona həyatının ən gözlənilməz sürprizini edib onun arxasınca gedəcəkdim. Və biz birlikdə New York'da yaşayıb orada evlənəcdik. Ən azından ailəm bunu belə biləcəkdi. Yalan danışmaq istəməsəm də, buna məcbur idim.
Telefonu elektirik yuvasından çıxarıb kontakda girdim və onun adının üstünə basdım. Telefon bir müddət çalandan sonra qarşıdan Amir'in səsi eşidildi.
-"Alo Amir?"
-"Ah, Nisa. Zəng vurmağını gözləmirdim. Nəsə olub?"
-"Sənə zəng vurmağım üçün nəsə olmalıdır?"-deyə soruşdum çiynimi yatağın başlığına dayayaraq.
-"Yox, əlbəttə yox. İstədiyin zaman zəng vura bilərsən. Amma mən New York'da ikən aradakı saat fərqini nəzərə almalı olacağıq. Məlum, oradakı saat ilə buradakı fərqlidir."
Onu nəyin gözlədiyini bilərik öz-özümə gülümsədim.
-"Hə, əlbəttə. Diqqətə alacam. Gör nə deyirəm, səni aeroportda yola salmaq üçün mən də gəlmək istəyirəm. Nə deyirsən?"
Bir neçə dəqiqə səssizlik oldu.
-"Amir?"
-"Hə, buradayam. Buna heç ehtiyac yoxdur, eşqim. Həqiqətən. Mənim vidalardan heç xoşum gəlmir və səndən ayrılmaq yetərincə çətin ikən, səni görsəm bunu əsla edə bilmərəm. Ağlayacaqsan və mən buna dözə bilməyəcəm. Səni gülümsəyən halın ilə xatırlamaq istəyirəm."
-"Ağlamayacam, söz verirəm. Sadəcə səni yola salıb geri qayıdacam."-dedim təkid etməyə davam edərək.
-"Eşqim, mənə eyni şeyləri təkrar etdirmə. Mən kədərli vidalaşmaq istəmirəm və sən mənim bu qərarıma hörmət etməlisən."
Olacaqları bildiyim üçün daha çox israr etmədim.
-"Yaxşı, necə istəyirsənsə."
-"Sənə New York'dan zəng vuracağam. Mənim üçün özünə yaxşı bax."
-"Çalışaram."-deyə qısaca cavab verdim.
-"Hələlik."
-"Hələlik."
Düşüncəli bir halda otağın içində gəzinməyə başladım. Ağlımda olan düşüncələr və baş verəcəklər məni həm çox narahat edir, həm də çox həyəcanlandırırdı.
-"Amir Zarrab, səni həyatının ən böyük sürprizi gözləyir."-deyərək öz-özümə pıçıldadım.
-"İlahi, buna çox təəccüblənəcək. Aman Allahım! Bu etdiyim dəlilikdi, amma etməliyəm. Taleyimi özüm yazmazsam, başqalarının mənim üçün yazdığı qədərə boyun əyməli olacağam və mən buna icazə verə bilmərəm. Sadəcə ikicə həftə gözləməli olacağam və sonra hər şey qaydasına düşəcək."
•••
İki həftə tez bir zamanda keçdi. Bu müddət ərzində Amir ilə bir-iki dəfə telefonda danışıb söhbət etmişdik. O, yeni işinə başlamış və özünə hələlik oteldə bir otaq kirayə götürmüşdü. Danışıqlarımızın birində onun adresini öyrənmiş və özüm üçün qeyd etmişdim.
Cavablar çıxmışdı və budur, mən New York'un ən yaxşı universitetlərindən birinə pulsuz qəbul olmuşdum. Universitet bütün lazımi olan xərcləri öz öhdəliyinə götürmüşdü və sənədlər qaydasına salınmışdı. Mən bunu bacarmışdım. Geriyə qalan tək şey çantanı hazırlayıb bilet və viza almaq idi. Geriyə qalan digər işlərimi de online formada həll etdim və notebookun qapağını örtüb yatağımdan qalxdım. Hər şey demək olar ki, hazır idi və düşündüyümdən daha asan olmuşdu. Sabah yeni həyatımın ilk günü olacaqdı.
Aşağıya enib salona keçdim. Anam və atam divanda oturmuş televizora baxırdılar. Yanlarına getdim və qarşı divanda oturub onlara baxdım. Məndəki halı hiss edən anam əlindəki boşqabı və meyvə bıçağını masanın üzərinə qoydu.
-"Nəsə demək istəyirsən, Nisa?"-deyə soruşduqda atamın diqqəti televizordan mənə çevrildi.
-"Hə, nə olub? Nə məsələdir?"-deyərək atam ikimizə də baxdı və üzünü mənə çevirib,-"Mənim ağıllı qızımın bir dərdimi var?"-deyə soruşdu.
Gərginlikdən barmaqlarım ilə oynayır və ara-ara dodaqlarımı çeynəyirdim.
-"Danışacaqsan?"-deyə soruşdu anam atama yan gözlə baxaraq. Bunu uzatmağın mənası yox idi. Hər son bir başlanğıcdırsa, mən o ilk yolun sonunda idim.
-"Ata, ana..."-deyə söze başladım.
-"Hə?"-deyə cavab verdi atam.
Başımı qaldırıb ikisinə də baxdım və,-"Mən New York Universitetində hüquqşünaslıq bölməsini qazandım."-dedim.
İlk başda nə dediyimi anlamamış kimi bir-birlərinə baxan valideynlərim bir neçə saniyə sonra özlərinə gəldilər və ilk reaksiya verən atam oldu.
-"Universitet? Hüquqşünaslıq? Eşidirsən, Züleyxa? Qızımız bizdən xəbərsiz universitetə sənəd verib."
-"Sakit ol, Akbar. Əvvəlcə nə olduğunu anlayaq."
-"Nəyi anlayacağıq?"-deyə qışqıran atam ayağa qalxdı.
-"Sənə bir az rahatlıq verdim deyə hər istədiyini edə biləcəyinimi zənn etdin, hə?"
-"Mən sadəcə oxumaq istəyirəm."-dedim cılız çıxan səsimlə.
Atam əsəblə güldü.
-"Oxumaq? Nisa, mən səni zatən oxutdurdum. Orta təhsilini başa vurdun və bu..."
-"Mən xaricdə oxumaq istəyirəm."-deyə pıçıldadım.
-"Anlamadım?"-deyə soruşdu atam anama dönərək.-"Onun nə dediyini eşidirsən? Ona bu ağlı kim verib?"
-"Ata.."-deyə ayağa qalxdım.
-"Bu mənim həyatımdır. Mən sadəcə ev qadını olaraq həyatımı davam etdirmək istəmirəm. Anam kimi olmaq istəmirəm."
Atam inana bilmirmiş kimi mənə baxdı.
-"Anana nə olub ki? Nəyi əskikdir?"
Açıq sözlülüyüm hər zaman başıma bəla olmuşdu və bu dəfə də tam əksi olmayacaqdı.
-"Azadlığı."-dedim.
-"Azadlıq?"-deyə soruşdu atam mənə yaxınlaşaraq.
-"Sən nə vaxt dostaqlıq gördün ki, azadlıqdan dəm vurursan?"
-"Məsələ elə burasındadır, ata. Biz sizin qızıl qəfəslərinizdəki bülbüllərik və mən artıq bu həyatı yaşamaq istəmirəm. Həm də ki, tək olmayacam. Amir də oradadır. Namusuna xələl gətirəcək nəsə edən deyiləm, narahat olma."
Atam əllərini iki yanında yumruq etdi.
-"Nisa, otağına get."
-"Mən sabah New York'a gedirəm, ata."
-"Sənə otağına get dedim!"-deyə qışqırdı atam.
Anam yanıma gəlib məni çiyinlərimdən tutaraq pilləkənlərə yönləndirməyə çalışdı. Lakin onun qollarının arasından çıxıb atamın qarşısına keçdim. Geri çəkilə bilməzdim. Necə olursa olsun, bu evdən çıxmalı idim.
-"Sənin üçün nə fərqi var ki?"-deyə soruşdum.
-"Onsuz da Amir və mən evlənib orada yaşayacağıq. Ha indi, ha bir il sonra. Nə fərqi var?"
-"Siz hələ nişanlısınız."-dedi atam.-"Evlənmədən olmaz."
Gözlərimi yumdum və deyəcəyim şey üçün Allah'dan məğfirət dilədim.
-"O, mənim halalımdır. Və mən ona çoxdan halal olmuşam."
-"Nisa.."-deyə önə doğru gələn anamı əli ilə dayandıran atam üzünü üzümə yaxınlaşdırdı.
-"Nə demək istəyirsən? Açıq danış."
-"Amir Allah huzurunda mənim yoldaşımdır."-deyə pıçıldadım.
Üzümə enən şillə ilə başım yana çevrildi. Əlim zərbədən yaranan ağrı ilə yanağıma getdi. Üstümə doğru gələn atamı saxlamaq üçün isə araya anam girdi.
-"Çəkil, Züleyxa!"
-"Yox! Qızıma toxunma!"
-"Qızın? Sənin qızın bizim şərəfimizi heçə sayıb. Sən hələ də onu müdafiə edirsən? Yoxsa sənin bu vəziyyətdən xəbərin var idimi?"
-"Anamın heç nədən xəbəri yoxdur."-deyə cavab verdim.
-"Kəs səsini!"-deyə qışqırdı atam.
-"Bunu necə edə bildin? Mən səni beləmi böyütdüm?"
-"Namusunu qorumaq istəyirsənsə, getməyimə icazə ver."-dedim gözlərinin içinə baxaraq.
-"Bu qapıdan çıxsan geri dönüşün olacaqmı sanırsan?"
-"Akbar!"-deyə fəryad etdi anam.
-"Sabah gün ağarmadan evimi tərk edəcəksən. Sən və o şərəfsiz nişanlın etdiyiniz qəbahəti təmizləmədən İran'a ayaq basmayacaqsınız. İndi isə itil gözümün önündən!"
Gözümdən axan yaşı əlimin tərsi ilə sildim və cəld addımlarla pilləkənləri qalxıb otağıma qaçdım. Özümü yatağa ataraq başımı yastığa basdırdım. Gözyaşlarım yanağımdan axmağa davam edərkən anam yanıma gəldi və yatağın kənarında oturdu.
-"Yalan danışmaq çox böyük günahdır."-dedi.
Mən başımı yastıqdan qaldırıb üzümü ona çevirdim.
-"Dediklərinin yalan olduğunu bilirəm."-deyə davam etdi.
Uzandığım yerdə qalxıb ona tərəf döndüm.
-"Niyə heç nə demədin bəs?"-deyə soruşdum.
Anam gülümsədi və əlini qızaran yanağımın üstünə qoydu.
-"Çünki qəfəsdən uçmağın vaxtı gəlib çatıb."
-"Ana.."-deyə gözyaşlarına boğulub onu bərk-bərk qucaqladım.
-"Get və özünü xilas et, Nisa. Güclü bir qadın olaraq geri döndüyündə anan burada səni gözləyəcək."
-"Söz verirəm, ana. Geri gələcəm."
•••
Səhər sübh namazından sonra anam ilə birlikdə evi terk edib taksiyə mindik və aeroporta yollandıq. Atam ilə o səhər qarşılaşmamışdım. Çox güman ki məni görmək istəmirdi. Beləsi daha yaxşı idi. Atam Amir'in yeni nömrəsini bilmirdi və zəng vursa belə onunla əlaqə yarada bilməyəcəkdi. Üzü qara olduğu üçün də ailəsinə heç bir şey deyə bilməzdi. Necə də olsa bizim toplumda qəbahət hər zaman qadının üstünə atılırdı və belə olduqda təqsirkar mənim ailəm olacaqdı. Qısacası hər şey planıma uyğun gedirdi.
Aeroportda çantamı və əşyalarımı nəzarətdən keçirtdikdən sonra çıxışa tərəf yollandıq.
-"Burdan sonrasını artıq özün getməlisən."-dedi anam mənə qəmli gözlərlə baxarkən.
-"Sənin üçün çox darıxacam. Mənə tez-tez zəng vur və şəkillər at. Yaxşımı?"
-"Yaxşı."
-"Amir səni aeroportdamı qarşılayacaq?"
-"Yox. Bu gün gələcəyimi bilmirdi."-deyə cavab verdim bilet və pasportumu çantamdan çıxararkən.
-"Ona telefonda da deyə bilərdin."
-"Bu iki həftə ərzində sadəcə bir neçə dəfə danışa bildik. Ən son danışdığımızda isə qaldığı otelin adresini falan öyrəndim və mənə hər şeyin qaydasında olduğunu söylədi."
Bu zaman anons verildi və mən uzanıb anamı bərk-bərk qucaqladım. Anons təkrar veriləndə anam məndən uzaqlaşdı və,-"Get, yoxsa gecikəcəksən."-dedi.
-"Özünə yaxşı bax."
Anam yanağımı sığalladı və alınmadan öpdü.
-"Yaxşı uçuşlar."
-"Səni çox istəyirəm, ana. Bunu unutma."
-"Mən də qızım, mən də."
Arxamı dönüb irəliyə doğru yeriməyə başladım.
-"Gözlə məni, New York! Gəlirəm!"

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Donde viven las historias. Descúbrelo ahora