1 -ci bölüm

10K 411 132
                                    

Yayın qəddar gecələrindən birində pəncərə kənarında dayanıb gecəyə layla çalan böcəklərin qeyri - hamar səslərini dinləyirdim.

 Qollarımı pəncərə kənarına söykəyib belimdən aşağı doğru süzülən tər damcıları məni dözülməz dərəcədə hövsələsiz hala gətirərkən, gözlərimi açmamaqda israr edirdim.. Hər kəs yatırdı..Valideynlərim, qonşular..hətta bütün şəhər.. Gözlərim tez-tez ekranı yanılı qalan telefonuma sataşırdı amma əlimə götürməyə cəsarət etmirdim.  Mesaj bölməsinə " salam " yazmışdım amma aylardır göndərmək üçün hansısa səbəb tapa bilmirdim. 

Bu ,  sadəcə bacımla oynadığımız bir oyun idi və bəzi oyunların bədəli həddən artıq ağır ola bilərdi. Üç - dörd ay əvvəl böyük bacım Həlimə ilə onun telefonundaki şəkillərə baxarkən gözlərim şəkildəki birinə sataşdı. Kürən saçları , görünməyəcək qədər sarı  kirpikləri, qırmızı dodaqları və çilli üzü ilə uşaqlıqdan bəri ən sevdiyim film olan " Harry Potter " daki Ron Weasley'ni xatırladan bir oğlan idi.  Həlimə barmağını ekranda  sağa sürüşdürüb yeni şəkilə keçəcəkkən onu dayandırdım və şəkili yaxınlaşdırmasını istədim. Təbii ki, marağımın kimin üzərində toplandığını dərhal anladı və üzünə yayılan bic gülümsəməsi,ciddiləşib , sanki gülümsəməsinin altındaki mənanı anlamamış kimi öskürməyimə səbəb oldu.

Əlbəttə ki, bu məni xilas etmədi və mən soruşmağa macal tapmadan oğlanın adını, yaşını , harada yaşadığını filan danışmağa başladı.  Madam ki, danışmağa könüllü razı olmuşdu o halda dinləməyə heç bir etirazım olmayacaqdı. Adı Raul idi . 23 yaşı vardı və Tibb Universitetində bacımla eyni qrupda təhsil alırdı. Dediyinə görə o da eynilə bacım kimi cərrah olmaq istəyirmiş.  Diqqətimi ilk çəkən şey adının Ron adına oxşarlığı olmuşdu. Bilirəm, bu cür düşünməyim çox mənasız idi amma bunu ilahi bir təsadüf olaraq qəbul edəcək qədər səfilləşdim.. Və birdən..Şeytanın ağlına gəlməyəcək bir şey Həlimənin ağlına gəldi və bu gözlərində açıqca gördüyüm , brilliant kimi bərq vuran bir işartı yaratdı.. İndi sizə o gün aramızda keçən söhbəti eynilə danışacağam

- Qulaq as, deyirəm bəlkə..

- Nə ? ( boş -boş üzünə baxdım, çünki bu üz ifadəsindən məntiqli nəsə çıxacağını gözləmək axmaqlıq idi )

- Deyirəm bəlkə onunla danışasan,hə ? 

Eynən düşündüyüm kimi..Ağılalmaz dərəcədə məntiqsiz bir istək idi bu..Və təbii ki,  heç vaxt qəbul etməyəcəyim bir şey !

- Dəli olmusan ?

- Yox, yox, Zəhra, bilirsən necə edək ? Oyun kimi düşün bunu. Mən sənə onun haqqında bildiyim və bundan sonra öyrənəcəyim hər şeyi danışacağam və sən də ona bunu mesajlarla göndərəcəksən. Bir fikirləş, necə əyləncəli olar. Düşünəcək ki, gizli bir heyranı var. 

- Həlimə, başına hava gəlib nədir ?! Bu nə düşüncələrdir belə..!

- Uff! Niyə etiraz edirsən axı, bəlkə dostlaşarsınız ? Amma ilk öncə heçnə demə. Kim olduğunu, harada yaşadığını filan. Sadəcə salamlaş və söhbətə başla. Əgər mesajına cavab verməsə haqqında bildiyin şeylərdən yazarsan. Mütləq diqqətini çəkəcək bu. Məcbur olub cavab yazacaq. Xahiş edirəm, gəl sınayaq !

Ağzım açıq halda Həliməni izləyirdim. Məndən iki yaş böyük idi, oxuması ən çətin universitetlərdən birində təhsil alırdı. Amma bu hərəkətləri ilə ona beş yaşdan artıq verə bilməzdin.  Cümlələrini və yenicə hazırladığı "planının " detaylarını danışarkən üzü elə ciddi hal almışdı ki, insan düşünürdü o, hansısa həyati önəm daşıyan ciddi bir məsələni həll etməyə çalışır. 

- Hə , nə deyirsən ? 

- Deyirəm, dur işığı söndür yataq, görünür bu gün çox yorulmusan, yorğunluq başına vurub

Ümid dolu gözləri cavabımla küsgün bir ifadə aldı və dodaqlarını büzüb yanımdan uzaqlaşdı.

- Təklifimin bir ucu hər zaman açıqdır a !  Əyləncəli olacaq , inan mənə..  Bu qədər özünə qapanıq olma , universitetə qəbul ola bilmədin deyə həyat bitmiş deyil.  Başını qatmaq üçün bir dosta ehtiyacın var

- Və bu dostu onun gizli telefon manyakı olaraq qazanacam ?

Həlimə nə isə demək üçün ağzını açsa da gözlərini süzdürüb otaqdan çıxdı.  Arxasından baxıb onun bu saflığına gülümsədim. Bilirdim ki, mənə dəstək olmaq üçün çabalayır. Universitet mənim üçün çox böyük arzulardan idi və bu arzunu cəmi iyirmi balla itirmişdim.   İnanmaq istəmirdim ki ,  cəmi iyirmi bala görə bir il geri düşdüm. Ən böyük xəyalım psixoloq olmaq idi.. Və nə olur olsun bunu bacaracaqdım da. Nikbinliyimi qorumağa çalışırdım amma arada bir əsəblərim tamam zəifləyirdi.. İyirmi bal a !..Zarafat kimi..!

Həlimə əlində bir stəkan su ilə otağa qayıdanda çənəmi əlimə söykəyib  hələ də olduğum yerdə dayanmış ,fikrə getmişdim.

- Bu "Sokrat duruşunu" təklifimi dəyərləndirməyin kimi qəbul etməliyəm ?

Sokrat duruşu ? Başımı yelləyərək gülüb gətirdiyi sudan üç - dört qurtum içdim. Hər gecə yuxudan oyanıb su içirdim. Bu ,  bir növ vərdiş halını almışdı və sağolsun , Həlimə suyumu gətirməyə adət etmişdi. Mən hər zaman unudurdum çünki.. Eyni otaqda qalırdıq, eyni paltarları ( çoxunu ) paylaşırdıq, eyni qabdan su içirdik. Valideynlərim də var idi , düzdür, amma bacım mənim üçün tək başına ailə demək idi.  Evin balacası olduğumdan hər zaman nazım çəkilirdi.  

O gün yuxuya getməzdən əvvəl düşündüm. Bilirəm bu çox..mənasız idi. Amma düşünmədən dayana bilmirdim. Bu oyuna başlasam necə olardı ? Cavab yazardımı,  danışa bilərdikmi ? Böyük ehtimal dərhal əngəllənərdim. Yerimin içində bütün bunları düşünüb gülümsəyərkən Həlimənin asta səsli xorultusu da məni tək buraxmadı..


İndi isə üzərindən aylar keçmişdi və mən hələ də bu məsələni düşünərkən sinəmdə hansısa icazəsiz aksiya keçirilirdi. Beynimin içi səs küylə uğuldayır, həyəcanın verdiyi o qəribə hiss bədənimi sığallayıb keçirdi. İlk gün olmasa da sonraki günlər Raul haqqında suallarım artmışdı.  Şəkillərinə baxır, gülümsəyir və bəzən də..şey..bəzən də onunla bağlı üzümü qızardan xəyallar qururdum..

Həlimə bəzən qəsdən onunla sanki sıradan bir şeymiş kimi şəkil çəkdirir, bəzən digər uşaqlarla birlikdə çəkdikləri videoları göstərirdi. Hərdən özümü narahat hiss edirdim. Günahkar. Normal bir şey deyildi bu..Hətta..Qeyri etik..Cinayət belə sayılırdı mənə görə. Kiminsə məni bu cür gizli - gizli güddüyünü düşünmək məni dəli etməyə bəs edirdi. Görəsən, bütün bunları bilsə nə edərdi ? Məni tanımadan nifrətini qazanacağıma əmin idim. 

Amma bu gecə..Dəqiqələrlə Raulun gülümsəyən simasına baxıb hər şeyin gözəl olacağına inandırmışdım özümü..Əgər cavab yazmasa, əgər qəbul etməsə bir dəfəlik unudacaqdım hər şeyi. Amma ya qəbul etsə ? Bax, bu ehtimal,  üzümü qaynar alovu ilə  yalayıb keçən isti yay gecəsində göz qapaqlarımı bir birindən ayırdı və gecə saat  03:43 də ekrandaki " göndər " işarəsinə basdım.

Dinlə məniWhere stories live. Discover now