Adsız Bölüm 48

2.6K 263 44
                                    

" Günahlardan yığılan bu dünya bir həbsxanadır.. Tək fərqi rahat və əyləncələrlə dolu olmasıdır. Və ən əsası..Bu həbsxananın qapıları sonuna qədər açıqdır..Amma o gün gəldiyi zaman və həbsxananın qapıları var gücü ilə ,sənin heç gözləmədiyin bir anda bağlananda anlayacaqsan..o an hər şeyi anlayacaqsan"

Oxuduğum bütün o elmi məqalələri bir tərəfə qoyub din haqqında düşünəndə içimi gəmirən bir qurdu bəsləyirdi günahlarım.. Əgər bütün bunlar doğru idisə..Əgər ən xırda günahın belə, ən xırda yaxşılığın olduğu kimi bir qarşılığı olacaqdısa məni nələr gözləyirdi ?
Tək bir günaha görə altmış il qır qazanında yandırmaq, ilanlarla dolu qaranlıq çuxurlara atmaq mərhəmətli və hər şeyə qadir olan Allah üçün həddindən artıq qəddar üsullar deyildimi ? Yəni həqiqətənmi o, bizi bu dünyaya , nə vaxtsa dözülməz əzablar çəkdirmək üçün göndərmişdi ? Axı mənim inandığım Allah insanın gözündən düşən bir damcı yaşa belə qıymazdı ? Axı mənim gecələr boyu dua edib ,ümid bəslədiyim Allah məni sırf birini sevdiyim üçün və ya baş örtüsü örtmədiyim üçün hüzurundan qovmazdı.. Görəsən çoxmu hirslənərdi aldığı ayaqlarımı geri istədiyim üçün ? Görəsən mənə çoxmu qəzəblənərdi hər gecə dişlərimi sıxıb var gücümlə çimdiklədiyim hissiyatsız qılçalarıma dayanmadan qarğış etdiyim üçün ? Görəsən çoxmu hirslənəcəkdi yeriyəbilən insanlara pəncərə kənarından baxarkən qısqanclıq hissi içimi deşdiyi üçün ? İnan mənə,əziz Allah, o qədər istəyirəm ki, bir gün gəlsin və deyim : " Bu vəziyyətim mənə tərifsiz həyat təcrübəsi yaşadıb. Artıq bu bir seçimdirsə, ayaqlar səndə qalsın. Mən belə daha yaxşıyam ! " Amma yox..deyə bilmirəm..sənə agahdır ki, mən yenidən ayağa qalxmağı necə böyük istək və yenə böyük günah sayılan həmin o egoistliklə arzulayıram.. Çoxmu hirslənəcəksən mənə, gözəl Allah, heç tanımadığım birinə məktub yazdığım üçün ? Məni artıq sevməyəcəksənmi, qəlbimin hakimi, heç nəyə möhtac olmayan əfəndim..? Çoxmu bezəcəksən bu qulundan, fikrimdə birini yaşatdığım, onu davamlı olaraq düşündüyüm, onu həyatımda arzuladığım üçün ? ..

Hərdən düşünürdüm ,görəsən elə bir gün gələcəkmi ki, min il bundan əvvəlki din növlərini ortaya çıxaran arxeoloqlar , bundan min il sonra da hansısa qazıntılar altından bir məscidin qalıqlarını tapıb bu uğurlu kəşflərini yenidən qeyd edəcəklər ?

Ümid edirdim ki, bu heç vaxt baş verməyəcək.. Bizim dinimiz Allah qatındaki yeganə haqq din olacaq..

Mən Allahdan qorxmurdum.. onu sevirdim..bu hər zaman belə idi..

Onunla aramda elə bir bağ var idi ki, haqqında gecənin bir yarısı düşündüyüm zaman belə bu hisslər gözlərimin dolmasına, ürəyimin titrəməsinə səbəb olurdu.. Onun sözlərindən çıxmaq istəmirdim.. Onu incitmək istəmirdim, dediyi hər şeyi kəliməsi - kəliməsinə yerinə yetirmək istəyirdim .. Amma nə edim ki, mən onun qədər mükəmməl deyildim.. Hə, bəlkə onun bir parçası idim amma sadəcə şəklin kiçik bir hissəsi ola bilərdim.. Balaca bir nöqtəsi.. İradəm zəif idi, marağım böyük..

Bütün bunları düşünərkən belə beynimin bir hissəsi dayanmadan Raulu düşünürdü..

Mənim gözəl Allahım, mənim qüdrətli Allahım, bəs mən indi nə edim ki, mənə elə bir güc verməmisən.. ? Elə bir güc verməmisən ki, bir şeyin günah olduğunu anladığım an o şeyin düşüncəsini bu zibilə qalmış ağlımdan silib atım ?

Ucalardan ucam..Hər şeydən üstün Rəbbim.. Yalvarıram, məni bu qədər güclü yaratmısansa bunu özümün də görməyimə icazə ver.. Yoxsa özüm bacarmayacağam..

Səsimi eşitdiyini bilirəm..orada bir yerdəsən..

Mənə bir işarət ver , elə indicə.. Gecənin bu vaxtında, bütün hər kəs yuxuya getmişkən..

Mən indi nə etməliyəm ? Elə indi bir neçə dərman içib yanına gəlməliyəmmi ? Ağrısız acısız.. Bəlkə bu dəfəlik intiharı əfv edərsən..Olarmı ? Mənim qəlbləri görən, duaları eşidən yaradanım.. Qəbul edəcəksənmi məni dərganına ? Yoxsa cəmi bir külüng daha vursam çıxacağam zülmət qaranlıqdan aydınlığa bu həyatda? Yalvarıram..bilirəm, mən buna layiq deyiləm..bilirəm , bunun üçün çox sıradanam..bilirəm , bunun mənə qismət olması üçün sənin uğrunda heçnə etməmişəm..amma mənə bir işarət göndər..bircə işarət..

İçimdə titrək fısıltı ilə danışan səs qəflətən susdu..Gözlərimdəki iki damla yaş yanaqlarımdan aşağı süzüldüyü sırada yerləri yenidən doldu.. Qulaqbatırıcı səssizlik idi..

iki dəqiqə..

Bir damcı səs eşitsəm qorxudan dəli olardım indi..Bədənimi qəribə bir ürpərti bürümüşdü.

üç dəqiqə..

Pəncərəmizdə pərdə asılmamışdı..Şimşək çaxsa və ya yağış yağsa görəcəkdim.. Şiddətli bir külək əssə səsini duyacaqdım.. Əqrəblərin səsləri ürəyimi titrədirdi..gecə saat 02:43 idi.

dörd dəqiqə..

Allahım..Allahım..bu sənin üçün heç bir şeydi..təki istə,yalvarıram..

Səssizlik..səssizlik..

Gözlərim qaranlıqda bir şey axtarırmış kimi bərəlmişdi.. boğazım get - gedə quruyur,göz yaşlarım sürətini dayandırırdı.. Həlimənin nəfəsləri aramlı idi. Yenə gecənin həmin vaxtına gəlmişdim.. Yeraltından yerüstünə hücumların vaxtı idi..

beş dəqiqə..

və birdən..

tamı tamına beş dəqiqə sonra istər inanın , istər inanmayın amma yastığımın altında bir titrəmə oldu. Bədənimdən o qədər şiddətli bir cərəyan keçdi ki, bir anlıq mənə elə gəldi ki, bu cərəyanı ayaqlarımda belə hiss etdim..Əlimi yastığımın altına salıb telefonumu çıxardım.. Bir bildiriş var idi amma o qədər özümü itimişdim ki, baş verənlər mənə sanki tam mənası ilə çatmırdı. Əllərim dəli kimi titrəyirdi, ürəyimin və damarlarımdaki qanın səsi qulaqlarımda uğuldayırdı. Bildirimə toxundum və ekranda bir şəkil açıldı..

Raul , təyyarənin oturacaqlarından birinə oturaraq sağ qolunu , yanında oturmuş olan anasının boynuna dolamışdı..

İkisi də gülümsəyirdi..

Şəkli gördükdən iki saniyə sonra özümü tuta bilməyib o qədər ürəkdən hönkürdüm ki, Həlimə yerindən sıçradı.. Mən əllərimi üzümə tutub ağlayarkən, Həlimə təəccüb və qorxu hissi ilə yerinin içində dikəlib sürətlə yanıma qaçarkən, çiyinlərim dayanmadan sarsılıb titrəyərkən, həmin an dünyanın ən savadlı elm adamları nə deyir desin, bir şeydən heçnədən olmadığı qədər əmin idim..

O məni eşidirdi.. O hər zaman mənimlə, qəlbimin ta dərinində bir yerdə idi..

Dinlə məniWhere stories live. Discover now