..

2.9K 259 61
                                    

Raulla danışmaq mən tamam hazır olduqdan üç saat sonra mümkün oldu. Günorta mesaj yazaraq əgər onun üçündə uyğundursa danışa biləcəyimizi dedim amma evdə olmadığını, evə çatan kimi mənə xəbər edəcəyini bildirdi. Sonra da tələmtələsik xəttən çıxdı. Düzü özümü çox dəyərsiz hiss etdim o an və istədim üz gözümdəki bütün makiyajı silib, saçımı yenidən suyun altına salım ki, səliqəsi pozulsun. Amma Həlimə sağolsun məni bu fikrimdən döndərib səbirli olmağımda israr etdi..Yaxşı ki , də edib..Çünki , Raul dediyi kimi evə çatar - çatmaz mənə zəng etdi .

Kameranı açan düyməyə basarkən əllərimin necə titrədiyini təsəvvür edə bilməzsiniz. Həlimə düz yanımda oturmuşdu amma kameradan görünmürdü. Yan tərəfimdən mənə dəstək verir, cəsarətləndirir, əli ilə ağzını qapayıb gülürdü. Həyəcandan yanaqları qızarmışdı. Bu qızı sevirdim !

Nəhayət , özümü ələ alıb kameranı açdım və qaşlarını çatıb gözləyən Raulun məni görər - görməz üzünə yayılan o möhtəşəm, isti gülümsəməsi ilə qarşılaşdım. Saatlar əvvəl yuxuya getmiş kəpənək gözlərini açıb sürətlə qanadlarını çırpdı.. Bir pəncərə tapmışdı amma çıxa bilmirdi..Əksinə pəncərədən boylanan zaman yüzlərlə kəpənəkdən ibarət sürünün ona tərəf gəldiyini görüb təəccübləndi və saniyələr sonra həmin sürünün içində itib batdı..

Əlimlə qılçalarımın üzərində dayanan donumun ətəyini sıxmışdım. İkimiz də bir - birimizə baxır, gülümsəyir amma tək kəlimə edə bilmirdik. Şəkillərdə göründüyündən çox daha yaraşıqlı idi. Düzdür, şəkillərdə daha çəkili görünürdü amma üzü bu cür çox daha şirin idi. Əli ilə sağ yanağını qaşıdı , dodaqlarını bir - birinə sıxdı və yenə gülümsədi. Bu dəfə azca da olsa səsini eşitdim. Özümdən asılı olmadan əllərimlə üzümü qapadım və saniyədən də az müddət sonra üzümü yenidən açdım.

Bu hərəkətimdən cəsarətlənmiş kimi əlini havada sallayaraq məni səssizcə salamladı və mən də eyni tərzlə qarşılıq verdim.

- Necəsən ?

Səsi..

Ürəyim boğazımda atırdı deyəsən. Boğulurmuş kimi hiss edirdim.

- Yaxşı..

Səsim xırıltılı gəlmişdi deyə cəld boğazımı təmizləyib cavabımı yenidən təkrarladım. Burnunu azca büzüb bu uşaqsı hərəkətimə güldü.

- Nə edirsən ? Təksən evdə ?

Özümdən asılı olmadan yan tərəfə dönüb əli ilə " yox - yox " işarəsi eləyən Həliməyə baxdım.

Sanki görə bilirmiş kimi baxdığım tərəfə boylanıb qaşlarını çatdı. Sonra da "Flynn Rider" baxışı ilə üzümə baxdı.

Həqiqətən çox şirin idi.

Güldüm.

- Tək deyiləm amma hesab et ki, eləyəm

- Yaxşı elə olsun - dedi çiyinlərini qaldıraraq - salam, Həlimə !

Yenə Həliməyə baxdım və hər üçümüz eyni anda gülməyə başladıq. Həlimə dözə bilməyib başını kameraya uzadaraq onu salamladı və mənə göz vuraraq otaqdan çıxdı. İndi tamam tək hiss edirdim və həyəcanım daha da artmışdı.

- Mm, günün necə keçib ? Nə işlə məşğul idin bu gün ?

Məndən söz çıxmayacağını təxmin edib özü sözə başlamışdı. Əli ilə çiynini ovur, yorğun baxışları ilə gah monitora , gah kameraya baxırdı.. Kameraya baxdığı an həqiqətən qarşımda olduğunu, düz yanımda dayanıb məni gördüyünü zənn edirdim. Hər dəfə bu cür olan zaman bədənimdən isti cərəyan keçirdi.

- Heç..Eyni işlər, xüsusi nəsə olmayıb - gözlərimi qaçırıb gülümsədim - sən ? Bu gün deyəsən çox işin olub..

- Yox, elə də çox yox. Anamı xəstəxanaya apardım bircə, sonra da evə. Bu aralar başqa heçnə etmirəm. Tətilin dadını çıxarıram

- Xəstəxanaya ? Ciddi bir şey deyil ?

- Anam kimyoterapiya qəbul edir. Süd vəzi xərçəngi var.. Yox , yox, bu baxışı tanıyıram, narahat olma, şükürlər olsun ki, işin çətin tərəfi artıq geridə qalıb. Müalicələr işə yarayır.

Nə deyəcəyimi bilmədim. İçimdə nələrsə qopmuşdu sanki. Dərindən nəfəs aldım

- Allah şəfa versin. Ümid edirəm hər şey düzələr..

- Düzələcək ! - dedi ürəkdən gülümsəyərək

Yenə o gülüş..Məni heç vaxt yanıltmırdı. Hər zaman altında nə isə ciddi bir problem , dərin ağrılar gizlənirdi..

Üzünü nəzərdən keçirib mən də ona gülümsədim..Elə o an Səbinə içəri girdi. Raul az da olsa narahatlıq keçirmədən onun suallarını cavablandırdı. Səbinə anası üçün olan dərmanların sıralamasını soruşurdu və Raul illərin peşəkar həkimiymiş kimi öncə hansı dərmanı atmalı olduğunu bildirirdi.

- İndi yox, birazdan yemək yesin sonra. İndi ürəyi bulanacaq. Sən əl vurma mən yeməyini hazırlayacam

Səbinə heçnə demədən otaqdan çıxdı və Raul yenə baxışlarını ekrandaki üzümə çevirdi.

Yenə bir müddət danışmadan dayandıq ,sonra o, gözlərini qısaraq üzümü diqqətlə nəzərdən keçirdi, gülümsədi və kompyuterində nələrsə yazmağa başladı. Saniyələr sonra Skype'ın çat bölümünə bir mesaj gəldi. Onun göndərdiyindən əmin olaraq mesajı açdım və oxuduqlarım nəfəsimin bir anlıq kəsilməsinə, yanaqlarımın və qulaqlarımın qızarmasına səbəb oldu..

" çox gözəl görünürsən.. :) "

Dinlə məniWhere stories live. Discover now