Adsız Bölüm 72

101 5 0
                                    

Raulla baş tutan görüşümüzdən üç gün keçmişdi. İki gün ərzində bir neçə dəfə zəngləşmiş, görüntülü danışmış və mesajlaşmışdıq.  Əgər qismət olsa iki gün sonra yenə görüşə biləcəkdik..Hələ də inana bilmirdim ki, o , həqiqətən mənə zəng edir..mənimlə danışır və aramızdaki münasibəti bir dəfəlik kəsmir..
İndi isə saat altı idi və edəcək daha yaxşı nə isə tapmadığımdan " Colonia " filmini izləyirdim. Maraqlı,həyəcan dolu film idi və ən əsası real hadisələr əsasında çəkilmişdi. Emma Watson'un Harry Potter'dən sonra izlədiyim ilk filmi idi və bu qız üçün ürəyim gedirdi !
Raulla az əvvəl danışmışdım və evdən çıxmaq üzərə olduğunu , dostları ilə görüşəcəyini yazmışdı.
Filmin ən maraqlı yerində Həlimə içəri girdi və əlindəki bir kasa dolusu alçanı əvvəlcədən gətirdiyi bir qab duzun yanına qoydu.
İlahi.. Birazdan tam bir tragediya yaşayacaqdım. Ona tərəf çox baxmadım. Həyatımda alça qədər nifrət etdiyim ikinci meyvə yox idi. İnsanları saldığı vəziyyətləri və ağızda yaranan o dayanılmaz turşluğu sevmirdim. Amma daha da qatlanılmaz olanı..

Xrrrrrçççç...! ( marçıltı..marçıltı )
Gözlərimi tavana doğru süzdürüb dişlərimi sıxdım.
Xrrrrrrçççççç !! ( marçıltı,marçıltı )
Başımı çevirib yan çarpayıda uzanan Həliməyə baxdım. Elə o an bir dişlək daha aldı və bir neçə saniyə sonra dodaqlarını " u " hərfini tələffüz edirmiş kimi qabağa uzatdı, gözünün biri qıyıldı və ani olaraq bədəni titrədi.
( marçıltı..marçıltı..)
- Həliməə ! Qurban olum, get o yanda ye ! 
- Niyə ki ?!
- Film izləyirəm çünki ! Ağzının marçıltısından heçnə eşitmirəm !
Həlimə bir dişlək daha alıb yenə bayaqki kimi anlıq iflic keçirtdi. 
- Nə məcburdu axı onu bu əziyyətlə yeyəsən ?!
- Başın xarabdır ?! Alçadıre bu , alça ! Necə yeməyim ?!
Başımı yelləyib gözümü təkrar süzdürdüm.
- And verirəm , Allaha, get o biri otaqlarda ye , sonra gəl.. Sən Allah, get..
- Qurban olum Allaha.. Niyə anda verirsən , gicbəsər ! Uff !
Bir əlinə kasanı, bir əlinə duzu alıb otaqdan tələsik və hirslə çıxdı.
Şükürlər olsun !
Filmə geri döndüm.
Qızın sevgilisini həbsxana kimi bir yerə göndərmişdilər və qız bilirdi ki, ora gedən sağ çıxmır.  Bu səbəblə özü də könüllü olaraq həmin yerə gedir və deyir ki, köməkçi olaraq ora qatılmaq istəyir.

İtirmək qorxusu insanı nələrə vadar etmir ki ?  Qorxu..maraqlı hissdir.. Bilmirəm,  bu hissin başlanğıcı tam olaraq hansı nöqtədir.. Yəqin ki, hər insan bu nöqtəni həyatının fərqli zamanında, fərqli saatında və fərqli yaşında tapır..
Amma məncə, insanın qorxu ilə ilk tanışlığı, gizlədəcək hansısa günahı olduğu zaman başlayır.. Hansı ki ,  o  günah ömrünün sonuna qədər içində gizli qalır.. Bunu nə ən yaxın dostun nə də ailəndən biri bilir.. Ancaq gecə başını yastığa qoyduğun zaman çıxır ortaya və sənə baxıb gülümsəyir.. Hiss etdiyin kədər və ya utanc hissi heç vaxt az da olsa azalmır..

                                                                                                      ***

"..iki gün keçmişdi. Otaq aclıq, qorxu və ümidsizlik qoxurdu.. Məhəmməd iki dəfə getməyə cəhd etmişdi ki, görsün tanış birini tapa bilir ya yox..  Axı onlar nə vaxta kimi burada qala bilərdilər ?  Tapılmasalar belə gec - tez aclıqdan ölərdilər. Amma Məryəm razı olmur, yanından ayrılmaması üçün Məhəmmədə yalvarırdı.. Onu da itirə bilməzdi..İndi isə yanmaqda olan son taxta parçalarının közərtiləri ətrafında çarəsiz halda oturmuşdular. Digər qadın hələ də danışmırdı. Məryəm onun hərəkət etdiyini ancaq gecə yarısı uşağın səsinə oyananda və ya uşaq günün hansısa saatında ağlayanda görə bilirdi. Məhəmməd ayağa qalxdı. Dedi ki, yandırmaq üçün bir iki taxta axtarmağa gedir. Məryəm əndişə içində arxasınca baxdı. Başını yenidən ocağa tərəf çevirəndə isə qəribə bir mənzərə ilə qarşılaşdı. Qadın ağzında nə isə çeynəyib uddu. Sonra ikinci dəfə də ağzını doldurdu və tələsik onu da ağzında həll etdi. Sonra Məryəmə baxdı və dərhal da gözünü çəkib paltosunun önünü kipləşdirdi. Məryəm hiss etdi ki, o ,  yaxa cibində nə isə gizlədir. Çox guman ki, bu ,  sadəcə yavan çörək idi. Məryəm onu qınamırdı. Tək yemək yeməsini və ya yeməyini gizlətməsini.. Sadəcə düşünürdü görəsən onun döşündə uşaq üçün az da olsa süd var ya yox ? Uşaq çox körpə deyildi amma yenə də neçə gündür süd içdiyini görməmişdi. Bəs o ,  nə ilə qidalanırdı?  Məryəm gözlərini yumdu və necə huşa getdiyini hiss etmədi. Kim bilir neçə dəqiqə sonra ona elə gəldi ki, burnuna anasının cəmi iki həftə əvvəl bişirdiyi isti sıyığın qoxusu gəldi. Məryəmin ağzı sulandı və mədəsinə tərifsiz aclıq hissi yayıldı. Sonra hiss etdi ki, burnundaki qoxu dəyişdi. Gözlərini açıb ətrafı yoxladı. Məhəmməd hələ də gəlməmişdi. Böyük ehtimal hələ də taxta axtarırdı. Kəsici alət olmadan ağac budamaq da mümkünsüzləşirdi. Məryəm qadının bayaq oturduğu yerə tərəf boylandı. Orada olmadığını görüb qulaqlarını şəklədi. Arxa tərəfdən bir səs eşitdi və sakitcə səs gələn tərəfə doğru çöndü. Sonra qadının barmağını ağzına soxub özünü öyütdüyünü gördü. Uşaq yerdə uzanmışdı. Səsi çıxmırdı , çox güman indi yuxu görürdü. Qadın iki - üç cəhddən sonra əlindəki kiçik cam qaba qusdu.  Ağzından sulu , tamam həll olunmuş çörək püresi çıxdı.  Məryəm heç bir reaksiya vermədi, heç iyrənmədi də. Qadın barmağı ilə qabın içini qarışdırdı və əzirmiş kimi barmağını qaba basdırdı. Sonra uşağı qucağına alıb qabdaki yeməyi barmaq ucunda az - az götürüb onun ağzına doğru itələdi.  Bir müddət sonra utandığı hər halından bəlli olan bir cüt göz Məryəmin gözlərinə sataşdı və Məryəm qadının yanaqlarından axan yaşlara baxıb nəfəsini saxladı.."

Dinlə məniWhere stories live. Discover now